Qədr gecəsində insanların bir illik müqəddəratı (taleləri) – ləyaqətləri əsasında – müəyyən olunur. Qədr gecəsi ilin ən fəzilətli və əzəmətli gecəsidir, bu gecədə yerinə yetirilən əməl min aydan üstündür. Allahın mələkləri və “Ruh” adlı əzəmətli bir mələk bu gecədə Allahın izni ilə yerə enirlər, İmam Zamanın (ə.f) hüzuruna gəlib gələn il ərzində hər bir insan üçün müəyyən olunan müqəddəratı o həzrətə təqdim edirlər.
Xoş o kəsin halına ki, Quranın nazil olduğu bu əzəmətli gecənin fəzilətindən bəhrələnir, dua və minacat etmək, göz yaşı axıtmaq, tövbə etməklə Allah dərgahına üz tuturlar, bununla da ِzləri üçün daha ülvi mənəvi müqəddərata zəmin yaradırlar.
Məsumlar (ə) Qədr gecəsini dəqiqliklə təyin etməmişlər və üç gecədən birinin (ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrinin) Qədr gecəsi olduğunu buyurmuşlar. Ondan ötrü ki, möminlər hər üç gecədə Qədr gecəsinin əməllərini yerinə yetirməklə Allahın xüsusi nemətlərini qəbul etmək üçün mənəvi baxımdan hazır ola bilsinlər.
Alimlər hədislərə əsaslanaraq 21-ci və 23-cü gecənin Qədr gecəsi olma ehtimalının daha böyük olduğunu bildirmişlər.
Ramazan ayının on doqquzuncu gecəsi:
Bu gecə Qədr gecələrindən birincisidir və bu gecədən etibarən möminlər Qədr gecələrinin əməllərini yerinə yetirməyə başlayırlar.