Peyğəmbərin (s) xatəmiyyəti ilə əlaqədar dəlil olaraq istifadə olunan ayələr iki qrupdur:
1. Nübüvvətin həmişəlik olaraq sona çatdığını aşkar formada çatdıran ayələr.
« وَلکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیینَ»
2. Digər dörd ayə isə Peyğəmbərdən (s) və islam şəriətindən sonra onu aradan aparacaq digər asimani kitab və ya şəriət gəlmiyəcəyinə dəlalət edir.
Bu barədə ayələr çoxdur, nümunə olaraq bir neçəsi ilə tanış olaq:
مَا کانَ مُحَمَّدٌ اَبا اَحَد مِنْ رِجَالِکُمْ وَ لکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیّینَ وَ کَانَ اللّهُ بِکُلِّ شَیْء عَلِیماً
1. “Məhəmməd sizlərdən heç birinizin atası deyildir, lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur və Allah hər şeyi biləndir”. (1)
İslam dini cahiliyyət dövrünün qalıqları olan əsassız və yanlış adət və ənənələri aradan qaldırmaq üçün Peyğəmbərə (s) Zeydin (2) keçmiş həyat yoldaşı Zeynəb ilə ailə qurmasını əmr etdi. Bu evlilik Allah və onun Rəsuluna həqiqi mənada iman gətirməyənlər və eyni zamanda bu kimi cahil adət və ənənələrə illər boyu vərdiş etmiş bir cəmiyyət arasında boyük bir qalmaqala çevrildi. Onlar Peyğəmbərin (s) öz oğulluğu olan Zeydin keçmiş həyat yoldaşı Zeynəblə ailə qurmasını, öz adət-ənənələrinə əsasən, qəbulolunmaz hesab edirdilər.
Allah-taala bu kimi batil düşüncələri aradan qaldırmaq üçün yuxarıda qeyd olunan mübarək ayədə bildirir ki, “Peyğəmbər (s) Zeyd də daxil olmaqla onların heç birinin atası deyil və buna görə də Zeydin keçmiş həyat yoldaşı olan Zeynəblə ailə qurmasının heç bir eybi yoxdur. Bəli, o, Allahın göndərdiyi peyğəmbəridir, o, hər an Allahın əmrlərini həyata keçirtməkdədir və bu evliliyin özü də həmin ilahi əmrlərdən biridir. Bəli, o, sizin atanız deyil, lakin peyğəmbərlərin sonuncusudur, artıq peyğəmbərlik onunla sona çatmışdır və ondan sonra başqa bir peyğəmbər və şəriət göndərilməyəcəkdir. Onun şəriət və peyğəmbərliyi qiyamət gününədək sabitdir”.
تَبارَک الَّذی نَزَّلَ الْفُرقانَ عَلى عَبْدِهِ لِیَکُونَ لِلْعالَمینَ نَذِیراً
“İnsanları (günahın nəticəsi və Allahın əzabından) qorxutsun deyə öz bəndəsinə Furqanı (Quranı) nazil edən Allah əzəmətli və böyükdür”. (3)
Bəhs etdiyimiz ayə aşkar sürətdə bəyan edir ki, Quranın Peyğəmbərə (s) nazil olmasında hədəf həm Quranın, həm də Peyğəmbərin (s) qiyamətədək bütün insanları (Allahın əzabından) çəkindirməsidir.
İmam Sadiq (ə) buyurur ki, «عالمین» “aləmin” kəlməsində məqsəd insanlardır və Allah hər bir insanı ayrılıqda bir aləm hesab etmişdir. Bunu təsdiq edən bir neçə Quran ayəsi də vardır:
اَوَ لَمْ نَنْهَکَ عَنِ الْعالَمینَ
“Camaat Lut peyğəmbərə (ə) dedi: “Biz səni aləmləri (insanları) himayə etməkdən çəkindirmədikmi?!””(4)
Həmçinin, həzrət buyurmuşdur ki, böyük və kiçik olmaqla iki aləm vardır. “Böyük aləm” dedikdə xilqət və yaradılış aləmi, "kiçik aləm" dedikdə insan nəzərdə tutulur. Buna görə ki, insanın yaradılışı aləmin yaradılışı ilə oxşardır.(5)
اِنَّ الّذینَ کَفَرُوا بِالذِّکْرِ لَمّا جاءَهُمْ وَ اِنَّهُ لَکِتابٌ عَزیرٌ* لایَاْتیهِ الْباطِلُ مِنْ بَیْنِ یَدَیْهِ وَ لا مِنْ خَلْفِهِ تَنْزیلٌ مِنْ حَکیم حَمید
“O kəslər ki, Quran nazil olduğunda onu inkar etdilər, onları cəzalandıracağıq. Həqiqətən, Quran məğlubolunmaz bir kitabdır. Batil, istər əvvəlcədən, istərsə də sonradan heç vaxt ona yol tapa bilməmişdir və bu kitab hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur”.(6)
Bu şərif ayədə «ذکر» “zikr” kəlməsi dedikdə Quran nəzərdə tutulur. Aşağıda qeyd olunan ayələr buna sübutdur:
«اِنّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَ اِنّا لَهُ لَحافِظُونَ »
“Həqiqətən, Zikri (Quranı) biz nazil etdik və biz də onu qoruyacağıq!” (7)
« وَ قالُوا یا اَیُّهَا الَّذی نُزِّلَ عَلَیْهِ الذِّکْرُ اِنَّکَ لَمَجْنُونٌ »
“(Peyğəmbərə(s)) dedilər: “Ey Quranın nazil olduğu kəs! Sən məcnunsan (divanəsən)”. (8)
«وَ اَنْزَلْنا اِلَیْکَ الذِّکْرَ لِتُبَیِّنَ لِلنّاسِ ما نُزِّلَ اِلَیْهِمْ وَ لَعَلَّهُمْ یَتَفَکَّروُنَ»
“Biz Quranı sənə nazil etdik ki, camaata onlar üçün nazil olanı bəyan edib açıqlayasan. Bəlkə, düşünələr!”(9)
Bütün bu ayələrdə qeyd olunan «ذکر» “zikr” kəlməsindən məqsəd Qurandır və «لا یاتیه» (la yətihi) kəlməsindəki əvəzlik «ذِکر» kəlməsinə aiddir. Buna əsasən, ayənin mənası belədir: Quran batilin heç bir halda nüfuz edə bilmədiyi bir kitabdır.
Batilin Qurana nüfuzu bir neçə formada təsəvvür olunur:
1. Quran ayələri təhrif olunsun.
2. Onun hökmləri digər bir kitabın vasitəsilə aradan getmiş olsun.
3. Quranın xəbər verdiyi hadisələr baş verməsin və beləliklə, onun batil olması camaata aydın olsun.
Ayə aşkar formada bəyan edir ki, batilin bu üç formadan heç biri şəklində Qurana yol tapması mümkün deyil və bu kitab haqq olduğu üçün qiyamətədək insanlara höccət və dəlildir.
Eyni zamanda, həmin məna bu mübarək ayədən də məlum olunur.
اِنّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَ اِنّا لَهُ لَحافِظُونَ
“Həqiqətən, Quranı biz nazil etdik və biz də onu qoruyacağıq!”
Bu ayəyə əsasən, Quran batilin ona nüfuz edə bilmədiyi və qiyamətədək bu cür təsirdən amanda olan, sabit və haqq bir kitabdır. Nəticədə, Quranın höccət olması əbədidir və bu, Peyğəmbərin (s) risalət və şəriətinin əbədi olması və o həzrətdən sonra digər bir peyğəmbər və şəriətin gəlməyəcəyi deməkdir.
وَ اُوحِیَ اِلَیَّ هذَا الْقُرانُ لاُنْذِرَکُمْ بِهِ وَ مَنْ بَلَغَ
“De: “Bu Quran sizi və bu Quranın çatdığı hər bir kəsi onun vasitəsilə qorxudaraq nəsihət edim deyə mənə vəhy olunmuşdur”. (10)
Mərhum Şeyx Təbərsi bu ayənin təfsirində belə yazır: "Yəni bu Quran, onun vasitəsilə ətrafındakıları və eləcə də, qiyamət gününədək bu Quranın çatdığı hər bir kəsi ilahi əzabla qorxutması üçün Peyğəmbərə (s) vəhy olunmuşdur. Buna görə də, Peyğəmbər (s) buyurmuşdur: “Mənim tövhid və Allaha sitayişlə bağlı dəvətimdən xəbərdar olan hər bir kəsə Quran çatmışdır”. Yəni artıq o şəxs üçün höccət tamam olmuşdur. (Hər bir şey ona çatdırılmışdır).
Hətta bəzi alimlər belə vurğulamışlar: “Quranın çatmış olduğu hər bir kəs Peyğəmbəri (s) görən və İslamın bütün maarif və həqiqətlərini o həzrətdən eşidən şəxs kimidir. Ümumiyyətlə, Quran harada olsa, camaatı Allaha sitayişə dəvət edib onları ilahi əzabla qorxudacaqdır".(11)
Buna əsasən, ayədən asanlıqla başa düşülür ki, Peyğəmbərin (s) risaləti qiyamətədək davam edəcəkdir.
وَ ما اَرْسَلْناکَ اِلاّ کافّهً لِلنّاسِ بَشیراً وَ نَذِیراً وَ لکِنَّ اَکْثَرَ النّاسِ لا یَعْلَمُونَ
“Və Biz səni bütün insanlara müjdə verən və onları qorxudan göndərdik, lakin insanların əksəriyyəti bunu anlamırlar”. (12)
Bu ayəyə bir qədər dərindən diqqət etdikdə aydın olur ki, « کافّه» ümumilikdə bütün insanlara şamil olur, yəni “Biz səni bütün bəşəriyyət üçün peyğəmbər göndərdik” cümləsi “Sənin risalətin ümumbəşər, beynəlmiləl və əbədidir” cümləsi ilə eynidir, çünki əks halda o Həzrət ümumbəşər peyğəmbər ola bilməzdi.
Son olaraq diqqətə çatdırmalıyıq ki, Peyğəmbərin (s) xatəmiyyətinə dəlil olaraq istifadə olunan ayələr iki qrupdur:
1. Nübüvvətin həmişəlik olaraq sona çatdığını aşkar formada çatdıran ayələr. İstər kitab və şəriət gətirən, istərsə də özündən əvvəlki peyğəmbərin şəriətini davam etdirən nübüvvət sona çatmışdır.
« وَلکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیینَ»
2. Digər dörd ayə isə Peyğəmbərdən (s) və islam şəriətindən sonra onu aradan aparacaq digər asimani kitab və ya şəriət gəlmiyəcəyinə dəlalət edir. (13)
Bunu da qeyd etməyi lazım bilirik ki, Quranda bundan əlaə 5 eyni mövzulu ayə də ardır, yorucu olmamaq üçün onları da nəzərinizə çatdırmağı lazım bilmirik.
Peinevesht:
1. Əhzab surəsi, ayə 40.
2. O, Peyğəmbərin (s) oğulluğu idi və öz zövcəsi Zeynəbi boşamışdı.
3. Furqan surəsi, ayə 1.
4. “Məcməul-bəyan” təfsiri, c.4, səh.282; Hicr surəsi, ayə 70.
5. “Məcməul-bəyan” təfsiri, c.4, səh.282.
6. Fussilət surəsi, ayə 41-42.
7. Hicr surəsi, ayə 9.
8. Hicr surəsi, ayə 6.
9. Nəhl surəsi, ayə 44.
10. Ənam surəsi, ayə 19.
11. “Məcməul-bəyan” təfsiri, c.4, səh.282.
12. Səba surəsi, ayə 28.
13. “Mənşuri-cavid”, c.7, səh.317 və 336.
Nəşr tarixi: « 1396/12/20 »