Qurban bayramı Allaha yaxınlaşmaq üçün gözəl fürsətdir. Bu elə bir bayramdır ki, insanlar o gündə Allaha bəndəlik və onun əmrlərinə itaət edirlər. Buna görə də Qurban bayramında Allah-taalanın Mina torpaqlarında qurban kəsməklə bağlı əmri öz növbəsində “nəfs”i qurban etmək və təqvalı olmaqla yanaşıdır.
İslam təlimlərində Qurban bayramının mahiyyət və cəhətlərini tanımaq inkarolunmaz bir zərurətdir. Buna görə də bu bərəkətli mərasim də müsəlmanların faydalanacağı bir məsələ kimi müzakirə olunmalıdır.
Bunun üçün Ayətullah Məkarim Şirazinin dəyərli açıqlamalarından istifadə edərək Qurban bayramının önəmli cəhətlərindən biri olan nəfs ilə mübarizəni, yəni “böyük cihad”ı (1) araşdıracağıq. Çünki bir çox təfsirçilər “يَومَ الْحجَّ الأكْبرِ” – “böyük həcc günü” sözünü Qurban bayramı olaraq təfsir etmişlər. Bu, həcc günlərində ən mühüm gündür. Belə ki, Əhli-beyt (ə) və əhli-sünnədən nəql olunan hədislər də onu təsdiqləyir (2). Buna görə də yuxarıdakı təfsirlərə müraciət edərək Məkarim Şirazi cənablarının dərin baxışı ilə Qurban bayramının ən mühüm cəhətlərini hörmətli oxuculara təqdim edirik:
Qurban bayramı – Möhtəşəm həcc toplantısında İslam əzəmətinin göstəricisi
Məkarim Şirazi cənabları həcc mərasimində xüsusilə Qurban bayramının əhəmiyyəti haqqında buyurur: “Qurban bayramı bir sıra əlahiddə cəhətlərə malik olduğu üçün ən mühüm ilahi ibadətlərdən sayılır”. (3)
Məkarim Şirazi cənabları Qurban bayramını İslamın əzəməti və həcc mərasiminin böyüklüyünün nişanəsi sayaraq demişdir: “Biz müsəlmanlar mübarək ramazan ayında oruc tutur, tövbə edirik və ayın axırında da buna müvəffəq olduğumuz, bu iftixara sahib olduğumuz üçün bayram keçiririk. Allah evinin ziyarətçiləri də həcc mərasimini yerinə yetirdikdən sonra bayram edirlər. Əlbəttə, bu bayram yalnız fərdi xarakter daşımır, əksinə o, İslama əzəmət verir, islam dünyasının böyüklüyünü ifadə edir. (4)
Şiə təriqətinin məşhur alimi Ayətullah Məkarim Şirazi Qurban bayramını vəhy məmləkətini ziyarət edən hacılar üçün Allahın ziyafət süfrəsi adlandırır və deyir: “Qurban bayramı qonaqlıq və ziyafət süfrəsi olaraq seçilib. Buna görə də Allah evini ziyarət mərasimində bütün ziyarətçilər Allahın qonağıdır və qonaqlıqdan sonra da bayram keçirilməlidir.” (5)
Buna əsasən, Məkarim Şirazinin nəzərinə görə, Məkkədə olmasalar da, dünya müsəlmanları Qurban bayramından faydalanır və bu günün sevincinə şərik olurlar (6). Bu da, vəhy diyarında Allah-taalanın misilsiz ziyafətinin bütün müsəlmanlara təsir qoymasından və onlara da şamil olmasından xəbər verir.
Qurban bayramı – İlahi bir şəxsin, tövhid qəhrəmanının böyük fədakarlıq simvolu
Ayətullah Məkarim Şirazi, Minada qurban kəsməyin fəlsəfəsi haqqında demişdir: “Zilhiccə ayının 10-da həcc əməllərindən biri Minada qurban kəsməkdir. Bu, İslamın əmr etdiyi aşkar qanunlardan biridir. Amma onun sirlərindən biri ilahi bir şəxs olan tövhid qəhrəmanı həzrət İbrahimin (ə) böyük fədakarlığını yada salmaqdır.” (7)
Məkarim Şirazi cənabları bu fədakarlıq haqında demişdir: “İbrahim Xəlulallahın (ə) fədakarlıq hadisəsi belədir: Allah-taala onun ruhunun kamilləşməsi üçün, layiqli bəndə olduğunu və fədakarlığını isbatlamaq üçün əmr etdi ki, öz əziz oğlunu Mina səhrasında Allah yolunda qurban versin. Əlbəttə, bu əmr imtahan xarakteri daşıyırdı və onun layiqli bəndə olduğunun isbatı üçün idi. Buna görə də, o, əmrə itaət etməyə hazır olanda, nida gəldi ki, öz oğlu yerinə bir qoyun kəssin.” (8)
Buna görə də Allah evinin ziyarətçiləri Mina səhrasında qoyun kəsməklə həzrət İbrahimin (ə) ixlas, iman və fədakarlığının möhkəmliyini qəlblərdə yaşadır və bunula da bir-birlərinə fədakarlıq dərsi öyrədirlər. Sanki əməli olaraq deyirlər ki, ilahi şəxs o adamdır ki, o böyük şəxsiyyət kimi Allah yolunda hər şeyindən keçə bilsin. Bu, Mina səhrasında qurbanlığın bir fəlsəfəsi idi.” (9)
Qurban bayramı – itaətkarlıq bayramıdır
Ayətullah Məkarim Şirazinin fikirlərinə əsasən Qurban bayramı itaətkarlığın bariz nümunəsidir. Məkarim Şirazi cənabları bu haqda belə buyurur: “İkinci İslam bayramı olan Qurban bayramında Allah evinin ziyarətçiləri həcc əməlini yerinə yetirdikdən və bu vacib əməlin əsas hissəsini bitirdikdən sonra Minada bayram keçirirlər. Bu bayramda həmçinin digər müsəlmanlar da onlara şərik olurlar və bu günü bayram günü elan edirlər ki, bu da itaətkarlıq bayramıdır.” (10)
Qurban bayramının təfsiri haqqında
Qurban bayramı günündə sübhün açılmasına (fəcrə) and içilməsi
Böyük təfsirçi Məkarim Şirazi Qurban bayramı haqqında Quranda gələn “وَالْفَجْر” (11) (“And olsun açılan səhərə!”) sözünün izahı və onun sübh açılandan sonra Qurban bayramının başlanması ilə dərin əlaqəsi haqqında buyurur: “Səhərin açılmasında məqsəd Qurban bayramı gününün səhərinin açılmasıdır, çünki həmin vaxt həcc mərasimində qəribə bir izdiham olur. Səhərin açılmasını gözləyənlər “Məşərul-həram”da hazır olur, onların hamısı öz Allahı ilə razü-niyaz edir. Səhər açılandan sonra biz az Məşərdə qalıb, sonra bir sel kimi, qaynayan bulaq kimi dəstə-dəstə Minaya tərəf hərəkət edirlər. Minada Şeytana daş atır (“Rəmyi- cəmərat”), qurban kəsir və daha sonra da saçlarını vurdururlar. Bəli, Qurban bayramının səhərinə (“fəcr”ə) and olsun ki, o şövkətli və möhtəşəm səhnələri yaradır! (12)
Qurban bayramı – Allahın əmrlərinə təslim və razı olmaq
Qurban bayramının fəlsəfəsini dərindən başa düşmək üçün Quran, hədislər və İslam alimlərinin həzrət İbrahimin (ə) həzrət İsmayıli (ə) qurban kəsməsi hadisəsindəki dərin nəzərlərinə diqqət etməliyik.
Nümunə təfsirinin müəllifi Ayətullah Məkarim Şirazi bu önəmli məsələ haqqında belə deyir: “Dəfələrlə çətin ilahi imtahanlardan alnı açıq çıxan həzrət İbrahim (ə) bu dəfə də ürəyinə qalib gəlməli və Haqqın əmrinə itaət etməli idi. O, bir ömür boyu gözlədiyi bu cavan oğlunun başını öz əli ilə kəsməli idi...!” (13)
Amma o həzrət (ə) 13 yaşlı oğluna müstəqil və azad bir şəxs kimi baxdığı üçün istəyir ki, oğlu da bu böyük mübarizədə canla-başla iştirak etsin və Allahın əmrinə təslim və razı olma ləzzətini atası kimi o da dadsın! (14)
Digər tərəfdən isə oğlu da istəyir ki, ata öz qərarında möhkəm olsun. O, “Məni qurban kəs!” demir, əksinə deyir ki, sənə hər hansı vəzifə verilibsə onu yerinə yetir; mən onun əmrinə təsliməm. Xüsusilə də atasına “يا ابت” (Atacan!) deyə müraciət edir ki, (15) bunun ata-oğul arasındakı məhəbbəti zərrə qədər də azaltmadığını göstərsin, çünki Allahın əmri hər şeyə hakimdir, hər şeydən öncədir. (16)
Məkarim Şirazi cənabları həzrət İbrahim (ə) və İsmayılin (ə) qələbəsinin izahı haqqında buyurur: “Həzrət İbrahim (ə) Allah qarşısında ədəb qaydalarına ən yüksək şəkildə riayət edirdi. Heç vaxt öz iman, iradə və qərarına arxalanmırdı, əksinə Allahın istək və iradəsinə ümid bağlayır və bununla da ondan müvəffəqiyyət istəyirdi. Beləcə, həm ata, həm də oğul bu böyük imtahanın birinci mərhələsini tam qələbə ilə arxada qoydular.” (17)
Qurban bayramı – nəfsi istəklərdən qurtuluş
Ayətullah Məkarim Şirazi həzrət İbrahimin (ə) öz sevimli oğlunu qurban etməsi haqqında deyir: “Həssas anlar sona çatdı. Həzrət İbrahim (ə) oğlunun “təslimiyyət” məqamını görəndə onu bağrına basaraq üz-gözündən öpdü. Hər ikisi göz yaşı tökdü; bu göz yaşları duyğu nişanəsi və Allahla görüşə şövqün başlanğıcı idi.” (18)
Quran kiçik, eyni halda da məna dolu ibarəsində buna işarə edərək belə buyurur:
“فَلَمَّا أَسْلَما وَ تَلَّهُ لِلْجَبِينِ”
“Onların hər ikisi təslim və hazır olanda, İbrahim (ə) öz oğlunu üzü üstə yerə qoydu...” (19). (20)
Məkarim Şirazi cənabları bu ayənin təfsiri haqqında yazır: “Bəziləri deyir ki, “تَلَّهُ لِلْجَبِينِ” (21) sözündə məqsəd bu idi ki, “o, oğlunu onun öz istəyi ilə üzü üstə yerə qoydu.” Ona görə ki, həzrət İsmayıl (ə) atasının gözünün onun üzünə sataşmasını və atalıq hissinin onun Allahın əmrini yerinə ytirməsinə mane olmasını istəmirdi. Hər halda, həzrət İbrahim (ə) öz oğlunu üzü üstə yerə qoydu və onu qurban kəsmək üçün bıçağı hərəkətə gətirdi... amma bıçaq hərəkət etmədi, onun zərif boğazına zərrəcə də olsa təsir qoymadı!...” (22)
Həzrət İbrahim (ə) heyrətə gəldi. O, kəsmək üçün bıçağı yenidən hərəkət etdirdi. Amma bıçaq yenə də kəsmədi. Bəli, İbrahim Xəlil (ə) “Kəs!”, lakin Xəlilin Allahı “Kəsmə!” deyirdi. Bıçaq isə yalnız və yalnız Onun əmrinə tabe idi. (23)
Elə burada, Quran məna dolu kiçik bir cümləsi ilə bütün intizarlara son qoyur və buyurur:
“وَ نادَيْناهُ أَنْ يا إِبْراهِيمُ” (24) “قَدْ صَدَّقْتَ الرُّؤْيا” (25)
“Bu zaman ona xitab etdik ki, ey İbrahim! Həqiqətən sən yuxunu həyata keçirdin...(sən yuxuda vəzifələndirdiyimiz əmri yerinə yetirdin)”
Onları həm imtahandan alnı açıq çıxardıq, həm də onun öz oğlunu itirməsinə icazə vermədik. Kim başdan-ayağa bizim əmrimizə tabedirsə və yaxşı işləri ən gözəl şəkildə yerinə yetirərsə, onun bundan başqa mükafatı olmaz. Daha sonra buyurur:
“إِنَّ هذا لَهُوَ الْبَلاءُ الْمُبِينُ” (26)
“Bu, həqiqətən də önəmli və açıq-aşkar bir imtahandır.”
Qurban bayramı – ixlaslı və imanlı bəndələrə mükafat verilmə məclisi
Ayətullah Məkarim Şirazi Qurban bayramının fəlsəfəsinin təfsirində önəmli və dəqiq nöqtələr haqqında bəzi hədislərə əsaslanaq buyurur:
Bəzi hədislərdə nəql olunur ki, bu iş (övladı qurban kəsmək) həzrət İbrahim (ə) tərəfindən yerinə yetiriləndə, həzrət Cəbrail (ə) (təəccüblə) səsləndi: “Allahu Əkbər!”, “Allahu Əkbər!”... Həzrət İsmayıl (ə) da belə səsləndi: “La İlahə illəllah, Allahu Əkbər!”... Qəhrəman fədakar ata da belə dedi: “Allahu Əkbər, və lillahil-həmd!” (27). Bu da bizim Qurban bayramında dediyimiz təkbirlərin bənzəridir. (28)
Böyük Qurban – həzrət İbrahimin (ə) ilahi imtahanda qələbəsinin mükafatı
Məkarim Şirazi cənabları Qurban bayramı və bu böyük ənənənin formalaşması haqqında buyurur: “Həzrət İbrahimin (ə) bu işinin natamam qalmaması, Allah dərgahında qurban kəsməsi və arzusunun yerinə yetməsi üçün Allah-taala böyük bir qoç göndərdi ki, oğlunun yerinə qurban kəssin və həcc mərasimində Mina səhrasında kələcəkdəkilər üçün bir ənənə olaraq yaşasın. Qurani-kərim bu haqda belə buyurur:
“وَ فَدَيْناهُ بِذِبْحٍ عَظِيمٍ” (29)
“Biz onun yerinə böyük bir qurban göndərdik.”
Buna əsasən, Allah-taala yalnızca həzrət İbrahimin (ə) qələbəsini alqışlamadı, hətta onun xatirəsini əbədi yaşatdı. Qurani-kərim sonrakı ayədə bu barədə buyurur:
“وَ تَرَكْنا عَلَيْهِ فِي الْآخِرِينَ” (30)
“Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.”
Məkarim Şirazi cənabları davam edərək buyurur: “Allah-taala birinci mərhələdə həzrət İbrahimin (ə) qələbəsini təsdiqləyir, onun qəbul olunduğunu imzalayır (31). Bunun özü böyük bir mükafatdır. Bu, Allahın həzrət İbrahimə (ə) verdiyi ən önəmli bir müjdə idi. Daha sonra “böyük qurbanı fəda etməsi”, “onun ad və ənənəsinin daim yaşaması” və “Allahın ona salam göndərməsi” məsələsini digər 3 nemət olaraq müzakirə edir və onları yaxşı əməl sahiblərinin mükafatı kimi göstərir. (32)
Qurban bayramı – Yoxsul və kasıb insanlara yardım günü
Məkarim Şirazi cənabları əzəmətli Qurban bayramının ən mühüm cəhətlərindən birinə işarə edərək qurbanlıq ətlərinin kasıblara paylanmasının zəruriliyinə təkid edərək buyurur: “İslamın bu qurbanlıq ətlər haqqında nəzərini araşdırmaq lazımdır. Görəsən, müsəlmanların bu barədə vəzifələri varmı?
Bu suala cavab vermək üçün müqəddəs kitabımız Qurana müraciət edir və görürük ki, “Həcc” surəsi Qurban bayramında Minada qurban kəsənlərin hamısına belə əmr edir:
... “وَ اَطْعِمُوا الْبائِسِ الفَقیر” (33)“
...çox ehtiyac içində olan yoxsula da yedirin!”
“فَکُلُوا مِنْها وَ اطْعِمُوا الْقانِعَ وَ الْمُعْتَرّ” (34)
“...kəsdiyiniz (qurbanlıqdan) yeyin, qane fəqirlərə və imkansızlara da verin!...” (35)
Düzgün istifadə – Qurban bayramının mənəvi faydalarının kamilləşdirilməsi
Məkarim Şirazi cənabları qurbanlıq ətlərinin düzgün istifadə olunması və onun müsəlmanların Qurban bayramında mənəvi faydalanmasındakı rolu haqqında buyurur: “Risalələrdə göstəriş verilir ki, Allah evinin ziyarətçiləri qurbanlıq ətlərini 3 hissəyə bölsünlər: bir hissəsini özləri istifadə etsinlər, bir hissəsini möminlərə və üçüncü hissəsini də fəqirlərə versinlər. Bu açıq-aydın əmrlər göstərir ki, qurbanlıq heyvanları kəsməkdə məqsəd onun bir sıra mənəvi faydalarından əlavə o ətlərin düzgün istifadə olunması və düzgün ünvanlara çatdırılmasıdır, eyni zamanda da israfçılığa yol verilməməlidir.” (36)
Qurban bayramı və İslam ölkələrinin vəzifələri
Ayətullah Məkarim Şirazi İslam dünyasında Qurban bayramı günündə kəsilən qurbanlıqların paylanılmasında düzgün idarəçiliyə təkid edərək buyurur:
İndi müsəlman hacıların və İslam ölkələrinin vəzifəsi bu qurbanlıqlardan düzgün faydalanmaq üçün plan hazırlamaqdır və bu islami vəzifə onun digər hədəfləri ilə uyğun olmalıdır. Bugün soyuducular hazırlamaqla bu qurbanlıqların torpağa basdırılmasının qarşısı alınmalıdır ki, tədricən, Quranın buyurduğu yerlərdə istifadə oluna bilsin.” (37)
Qədim zamanlarda hacıların sayı bu qədər deyildi. Qurbanlıq ətləri elə həmin gün düzgün şəkildə lazım olan yerlərə çatdırılırdı. Amma bu gün nəqliyyat vasitələrinin inkişafı sayəsində hacıların sayı artıb. Müasir texnika vasitələrindən istifadə edərək bu qurbanlıq ətlərinin tələf olmasının qarşısını almaq lazımdır. Ziyarətçilərin rifahını, İslamın hədəfini nəzərə almaq lazımdır. Bu isə İslam ölkələrinin və müsəlman xalqlarının vəzifəsidir; onlar bununla İslamın arzularını həyata keçirməli və hər cür israfdan uzaq olmalıdırlar. (38)
Son söz
Ayətullah Məkarim Şirazi sonda həzrət İbrahimin (ə) yüksək mənəvi təlimlərində diqqəti Qurban bayramının ən mühüm aspektinə yönəldərək buyurur: “Bu qurbanlığın əzəmətinin ən böyük nişanələrindən biri zamanın keçməsi ilə ildən-ilə daha da genişlənməsidir. İndi isə hər il 1.000.000 milyondan çox müsəlman o “Böyük qurban”ı yad etmək üçün qurban kəsir və xatirəsini yaşadırlar... (39)
Buna görə də, Allah-taala Quranda buyurur:
“سَلامٌ عَلى إِبْراهِيمَ” (40)
“Salam olsun İbrahimə (o ixlaslı və pak bəndəyə)!”
“كَذلِكَ نَجْزِي الْمُحْسِنِينَ” (41)
“Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.” (42)
Beləliklə, Qurban bayramı əsas bir nöqtəyə işarə edir, belə ki, həzrət İbrahim (ə) gələcəkdəki bütün pak insanlar və aşiqlər üçün bir “örnək” idi (43). Onun bu əməli bir ənənə kimi gələcək əsrlərdə dünyanın sonuna qədər yaşayacaq. O, böyük peyğəmbərlərin, İslam ümməti və İslam Peyğəmbərinin (s) atası idi. (44)
Araşdırma, hazırlanma və tərtibat mərkəzi: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1. “Quranın mesajları”, c. 3, səh. 170.
2. Yenə orada.
3. Ayətullah Məkarim Şirazinin Qurban bayramındakı çıxışı, həzrət Məsumənin (ə) hərəmi, İmam Xomeyni adına “Şəbistan” (böyük zal), 11/11/2010.
4. Yenə orada.
5. Yenə orada.
6. Yenə orada.
7. “Dini suallara cavablar”, səh. 334.
8. Yenə orada.
9. “Dini suallara cavablar”, səh. 334.
10. “Əmirəl-möminin Əlinin (ə) mesajları”, c. 15, səh. 433.
11. “Fəcr” surəsi, ayə 1.
12. “Quranın mənadolu andları”, səh. 158.
13. “Nümunə” təfsiri, c. 19, səh. 112.
14. Yenə orada.
15. Yenə orada.
16. “Nümunə” təfsiri, c. 19, səh. 113.
17. Yenə orada.
18. “Nümunə” təfsiri, c. 19, səh. 114.
19. “تله” – ” təlləhu” cümləsi, “تل” – kökündən alınıb, “yüksək məkan” mənasındadır və “تَلَّهُ لِلْجَبِينِ” – in mənası “onu yüksək məkandan üzü üstə yerə endirdi” deməkdir, “جبين” üzün bir tərəfidir. İki tərəfə isə “جبينان” deyirlər.
20. Yenə orada.
21. “Saffat” surəsi, ayə 103.
22. “Nümunə” təfsiri, c. 19, səh. 114.
23. Yenə orada.
24. “Saffat” surəsi, ayə 104.
25. “Saffat” surəsi, ayə 105.
26. “Nümunə” təfsiri, c. 19, səh. 115.
27. “Qurtubi” və “Ruhul-bəyan” təfsirləri.
28. “Nümunə” təfsiri, c. 19, səh. 116.
29. Yenə orada.
30. “Saffat” surəsi, ayə 78.
31. “Nümunə” təfsiri, c. 19, səh. 117.
32. “Nümunə” təfsiri, c. 19, səh. 118.
33. “Həcc” surəsi, ayə 28.
34. “Həcc” surəsi, ayə 36.
35. “Dini suallara cavablar”, səh. 335.
36. “Dini suallara cavablar”, səh. 336.
37. Yenə orada.
38. Yenə orada.
39. “Nümunə” təfsiri, c. 19, səh. 116.
40. “Saffat” surəsi, ayə 109.
41. “Saffat” surəsi, ayə 80.
42. “Nümunə” təfsiri, c. 19, səh. 117.
43. Rəhbər, başçı.
44. “Nümunə” təfsiri, c. 19, səh. 117.
Nəşr tarixi: « 2016/9/12 »