Həzrət Ayətullah Məkarim Şirazi bu gün Qum şəhəri, “Məscidül-Əzəm”də keçirilən fiqhin ali mühazirələri dərsində məzlum Pakistan şiələrinin qətliamını qınadı.
O, məlum ağrılı hadisəni ekstremist vəhhabi təlimlərinin səmərəsi sayaraq bildirdi: Ekstremist vəhhabilərin bulaşdığı məlum cinayətdə yüzə yaxın günahsız insan həyatını itirmiş və ya xəsarət almışdır.
Ayətullah əl-üzma Məkarim Şirazi təkidlə qeyd etdi: Biz bu ağır cinayəti kəskin pisləyirik. Ümumiyyətlə, terror aktları harada baş verməsindən asılı olmayaraq pislənilir.
O, bütün olanları "lənətlənmiş xəbis ağac" – ekstremist vəhhabilikdən doğan acı nəticələr sayaraq vurğuladı: Allahın evində günahsız qadın və uşaqları qanına qəltan etməyi özlərinə rəva bilən bu cani, qatil, vicdansız və vəhşi ünsürlərə hansı təlimlər verilir?!
Həzrət Ayətullah söhbətinin davamında buyurdu: Bəşər tarixində belə bir şeyin olmasını xatırlayırsınızmı? Bəşəriyyətin, o cümlədən, şiə və əhli-sünnənin asudəliyi üçün bu xəbis ağacın kökü münasib bir yolla qurudulmalıdır.
Sonda Ayətullah Məkarim Şirazi cənabları dərs iştirakçılari ilə birgə məlum terror hadisəsi qurbanlarının ruhuna “Fatihə” oxudular.