Aşuradan maksimum şəkildə faydalanmalıyıq

Aşuradan maksimum şəkildə faydalanmalıyıq


Zaman keçdikcə bu mərasim daha da canlanır, insanlar qəlblərində imam Hüseynə (ə) xüsusi məhəbbət bəsləyirlər. Hədislərdə deyildiyi kimi, bu məhəbbət və hərarət heç vaxt sönməyəcəkdir və ondan faydalanmaq lazımdır.‌  ‌

Ayətullah Məkarim Şirazi cənabları, “Sarəllah - Çoxfunksiyalı informasiya proqramı”nın açılış mərasimində iştirak edib. O, məhərrəm ayının yaxınlaşmasını xatırladaraq deyib: “Peyğəmbər (s), Əhli-beyt (ə) və xüsusi ilə də, imam Hüseynin (ə) maarif və proqramları İslamın və Əhli-beyt (ə) məktəbinin təbliği üçün yüksək imkan yaradır.” O, sözlərinə belə əlavə etdi: “İnsanların maddiyyatdan yorularaq dinə üz tutmuş olduğu bugünkü dünyada onların mənəvi təşnəliyini yalnız Əhli-beyt (ə) məzhəbi sirab edə bilər."
Ayətullah Məkarim Şirazi İslamın Əhli-beyt (ə) məzhəbi çərçivəsində daha məntiqli, faydalı və cəlbedici şəkildə nümayiş oluna bilməsinə təkid edərək bəyan etdi: “Bu məsələyə diqqət yetirməklə həmin mövzudan, xüsusilə də, imam Hüseynlə (ə) bağlı mətləb və söhbətlərdən hansı həddə istifadə olunsa, yeri var. İndi məhərrəm ayının astanasındayıq. Biz indidən görürük ki, bəzi şəxslər əzadarlıq tədbirləri üçün lazım olanları hazırlayırlar. Bu, onu göstərir ki, zaman keçdikcə bu mərasim daha da canlanır, çünki insanlar qəlblərində imam Hüseynə (ə) xüsusi məhəbbət bəsləyirlər. Rəvayətlərdə deyildiyi kimi, bu məhəbbət və hərarət heç vaxt sönməyəcəkdir və ondan faydalanmaq lazımdır. Əhli-beyt (ə) məktəbinin bir çox məsələlərini imam Hüseynə (ə) aid məclislərdə paylaşmaq olar. Əlbəttə, bu sahədə günümüzün bütün informasiya vasitələrindən, hətta incəsənətdən yararlanmaqla məsum imamların (ə) maarifini bəyan etmək lazımdır.”
Məkarim Şirazi cənabları Aşura mərasiminin xurafatlardan təmizlənməsinin zəruriliyini də xatırlatdı: “Əgər xurafat (Aşuraya) daxil olarsa, bu cərəyanın həqiqəti təhlükə ilə üzləşər. Eşitmişəm ki, xurafatı bu məsələlərə qarışdırmaq üçün xaricdən əllər uzanıb. Onlar bunun üçün hədəfsiz və bəzi məlumatsız şəxslərdən istifadə etmək istəyirlər ki, bu yolla Aşura hadisəsi və imam Hüseynlə (ə) bağlı əsl məsələləri sual altına aparsınlar. Bunun qarşısını almaq üçün çox ehtiyatlı olmalıyıq. İmam Hüseynlə (ə) bağlı mətləblərdə ülvilik və dəyər prinsipi elə bəyan edilməlidir ki, o həzrətin dahiliyi, ucalığı nəzərə çarpsın. İmam Hüseynin (ə) həyatı və Kərbəla hadisəsinin nişanələrini əks etdirən CD-lər hazırlayaraq onu ümumi kütlənin ixtiyarına qoyduğunuz üçün sizə təşəkkür edirəm. Bu CD-lərlə bağlı həddən artıq diqqətli olmalı və hətta onun mövzuları müxtəlif qruplar tərəfindən araşdırılmalıdır ki, qüsur və çatışmazlıqları aradan qaldırılsın. CD istifadəyə verilməzdən öncə mövzularını dəqiqləşdirmək üçün mütəxəssislər onu dəfələrlə nəzər və sınaqdan keçirsinlər. Misal olaraq xatırladırıq ki, Şeyyidüş-şühəda (ə) haqqında hazırlanmış bəzi filmlər də nöqsana malik olduğundan, mütəxəssislər və nəzər sahibləri tərəfindən düzəlişlər edildi.”
Məkarim Şirazi cənabları əlavə etdi: “İmam Hüseynin (ə) hədəfinə aydınlıq gətirmək əhəmiyyət daşıyır. Aşura hadisəsinin əsl həqiqəti, onun amalı və təsirləri proqramda ön plana çəkilməlidir. Adətən, minbərlərdə hadisənin özü haqqında danışırlar, lakin onu doğuran səbəblərdən, təsir və bərəkətlərindən çox az söz açırlar. Bu üç mövzuya diqqət edilməzsə, nəzərdə tutulan məqsədə nail olmaq olmaz.”
Məkarim Şirazi cənabları müəssisənin fəaliyyətə başlamasını belə dəyərləndirdi: “Bu CD ilə yanaşı azyaşlılar və bu məsələlərdən xəbərsiz olan qeyri-müsəlmanlar üçün də proqramlar hazırlamaq lazımdır. Əlbəttə, onların hər biri üçün fərqli metod və üslublar nəzərdə tutulmalıdır.”
Mərcəyi-təqlid daha sonra dedi: “Darul-hədis müəssisəsini təbrik edirəm. Ümid edirəm ki, bu iş Allah dərgahında qəbul olunsun və onun savabı sizə Məad günü üçün saxlanılsın!”
Məkarim Şirazi cənabları “Sarəllah” CD-lərinin buraxılışını bərəkətli və gözəl addım sayaraq onu ərsəyə gətirənlər üçün öncədən dua etdi.
Məkarim Şirazi cənabları sözünü belə tamamladı: “Darul-hədis Müəssisəsi Əhli-beyt (ə) məktəbindən çoxlu töhfələr təqdim edib. İndiyədək öhdəsinə düşən sınaqlardan uğurla keçib və münasib əsərlərə imza atımışdır.”

 

captcha