Ayətullah Məkarim Şirazinin İmam Hüseyn (ə) ərbəini ilə bağlı mühüm çıxışı
Bu 20 milyonluq və misilsiz cəmiyyət Əhli-beyt (ə) məktəbinin əzəmətini göstərir. Düşmən istəsə də, istəməsə də ərbəin məktəbi rəvac tapır, bununla da İslam və Əhli-beyt (ə) məktəbinə rəğbət yaradır.
Ayətullah Məkarim Şirazi “Ərbəin” mədəniyyət komitəsinin məsulları ilə görüşündə, Ərbəin ziyarətinin İslam və Əhli-beyt (ə) məktəbi ardıcıllarının çox böyük və önəmli sərmayəsinə çevrildiyini dilə gətirərək, buyurdu: Kimsə bu cəmiyyətin toplanması üçün təbliğat aparmayıb, əksinə təbii şəkildə belə formalaşıb. Bu da fərqli aspektlərdən araşdırılmalı mövzudur.
O, əlavə etdi ki, bu 20 milyonluq və misilsiz cəmiyyət Əhli-beyt (ə) məktəbinin əzəmətini göstərir. Düşmən istəsə də, istəməsə də ərbəin məktəbi rəvac tapır, bununla da İslam və Əhli-beyt (ə) məktəbinə rəğbət yaradır. Bu əzəmətli proqram damarlarımızdakı qanı təzələyir və düşmənlərin, təkfirçilərinin fəaliyyətlərinə qarşı sarsıdıcı addımdır.
O, bildirdi: Nəzərə alsaq ki, Ərbəin məsələsi get-gedə əhəmiyyətini artırır, düşmən bundan duyuq düşərək, bu beynəlxalq proqramda təhlükəsizliyin olmadığını göstərməyə, yaxud bəzi halda xurafata əl atan bir nəfərin əməlini şişirdib, təbliğ etməyə çalışırlar.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: Səlahiyyətli şəxslər bu əzəmətli proqramın icrasının planını cızdıqları kimi, düşmənlər də ona xələl gətirməklə bağlı tədbirlər görürlər. Bu üzdən ehtiyatlı olmaq lazımdır. Bir iş önəmlidirsə, onun zərəri də mühümdür.
O, xəsarət və xələl mövzusunda diqqətli, ehtiyatlı olmağın vacibliyini xüsusi vurğulayaraq, bildirdi: Aşağıdakı bəndlər yaddan çıxmamalıdır:
1. Namaz və hicaba riayət məsələsi unudulmamalı, eyni zamanda yürüş zamanı kişi və qadınlar bir-birinə qarışmamalıdır. Milyonluq cəmiyyətin xəsarətləri qaçılmaz ola bilər, odur ki, ayıq-sayıq olmaq lazımdır.
2. Ərbəin ziyarətindən mədəni məqsədlər üçün geniş istifadə edilməlidir.
Ayətullah Məkarim Şirazi buyurdu: Biz, hətta müqəddəs İmam Rza (ə) və həzrət Məsumə (ə) ziyarətgahlarının səlahiyyətlilərinə də bildirmişik ki, ziyarətin öz yeri var, lakin milyonluq cəmiyyətdən mədəni məqsədlər üçün istifadə edilməlidir.
O, bunları da xatırlatdı: Bu proqramlarda yer alan şəxslərin ruhi hazırlıqları var. Onlara lazımi məsələləri çatdırmaq gərəkir və bu məsələlərdən biri etiqadi mövzulardır. Bəzi möhtərəm məddahlar qüluvv sayağı sözləri dilə gətirərək, düşmənin əlinə bəhanələr verməməlidir.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Eləcə də, rövzə və moizələrdə nöqsana yol verilməməlidir. Xütbə və məddahlıqlarda lazımi hədd gözlənilməlidir. Təəssüflər olsun ki, şeir və məddahlıqlar moizədən çox zərər törədir.
O, namaz və vacib əməllərə xüsusi təkid edərək, buyurdu: Ərbəin ziyarəti yaxşı olsa da, müstəhəb əməldir. Zəvvarların ərbəin ziyarətinə gedib lakin dinin sütunu olan namazdan qafil olması yolverilməzdir. Bu xüsusda olan nöqsanlar təlim-tərbiyə işləri ilə aradan qaldırılmalıdır.
3. Diqqətdə saxlanılmalı məqamlardan biri də güclülərin zəifləri nəzərə almasıdır. Əgər kimsə yolda qalıbsa, yaxud problemlə üzləşibsə, ona yardım edilməlidir. Zəvvarlar bir-birilərini düşünməlidir ki, Allahın lütfü onlara şamil olsun.
4. Ayətullah Məkarim Şirazi Ərbəin proqramında israfın qarşısının alınması vacibliyinə təkid edərək, bildirdi: Zəvvarlar üçün hazırlanan qidalar lazımi həddə olmalıdır. Bu müstəhəb işdə şəriətin halal və haramına riayət edilməsi vacibdir.
5. O davamında dedi: İranlılar bilməlidir ki, bu proqram İraq ölkəsində təşkil olunur və hakimiyyət, idarəçilik onların haqqıdır. Onlar ev sahibidirlər və ev sahibinin tədbirini qəbul etmək lazım gəlir. Bu üzdən pasportsuz ora səfər etmək, ölkədən çıxmaq üçün təzyiq göstərmək kimi qeyri-qanuni işlər görənlər namazlarını qəsr qıla bilməzlər, çünki onların səfəri şəri baxımdan nöqsanlıdır.
6. Ayətullah Məkarim Şirazi bəzilərinin zəiflik və acizlikdən dolayı Ərbəindən əvvəl və ya sonra İmam Hüseynin (ə) qəbrini ziyarətə getmələrinin mümkünlüyü ilə bağlı soruşduğu suala cavab olaraq, bildirdi: Biz cavab olaraq deyirik ki, zəruri halda eybi yoxdur və ziyarətləri qəbuldur. Bundan əlavə, ziyarətlərini uzatmamalı, qısa müddətdə geri dönüb yeri başqalarına təhvil verməlidirlər. “Nəzir etmişik ki, bir neçə gün İmam Hüseynin (ə) qəbri kənarında qalaq” – demələri də düzgün deyil.
7. O ünvanlı olaraq bildirdi: Gediş-gəlişlərdə nizam-intizam gözlənilməlidir – Allah eləməmiş – biri ayaqlar altında qala bilər. Əgər “ikinci Mina” baş versə, abır-heysiyyət aradan gedər. Həmd olsun Allaha ki, son illər təhlükəsizlik tədbirləri çox gözəl səviyyədədir. Belə ki, 20 milyon Hüseynçi zəvvarı həcdəki 3 milyon zəvvardan daha yaxşı idarə etmək olur. Ərbəin fəaliyyətləri ilə bağlı yaradılan qurumlar işlərin nizamlı gedəcəyinə ümid yaradır.
8. Ayətullah Məkarim Şirazi xatırlatdı: Mediya bu milyonluq və əzəmətli cəmiyyəti kanallarda, xüsusilə ölkə hüdudlarından kənar sosial şəbəkələrdə layiqincə yaymalıdırlar ki, dünya da baş verənlərdən xəbərdar olsun. Yaxşı xəbər mübadiləsinin səmərəsi də yüksək səviyyədə olar.
9. O, əlavə etdi: Əziz zəvvarlar! İslam məzhəblərinə – təriqətlərinə təhqir sayılan şüarların dilə gətirilməsindən, başqaları üçün möhtərəm olan adların pis yad edilməsindən çəkinmək lazımdır. Xüsusilə, əzəmətli Ərbəin proqramında iştirak edən əhli-sünnə ardıcılları mülahizə edilməlidir.
10. Ayətullah Məkarim Şirazi sonda bunları dilə gətirdi: Allahın lütfü sayəsində builki Ərbəin ziyarətinin keçən illərdəkindən daha əzəmətli təşkil olunacağına, əziz zəvvarların sağ-salamat gedib-qayıdacağına, dualarının qəbul olacağına ümidvaram. Həmçinin, bu əzəmətli və ixlasla dolu proqramın bərəkətinə, Allah-taalanın İslam ölkələrində düşmən əli ilə alovlandırılan atəşləri tezliklə söndürəcəyinə və bütün İslam ölkələrində əmniyyəti bərqərar edəcəyinə ümidvaram!
Yayım tarixi: 25.10.2016