Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əbəlfəzlin (ə) izzət, elm və mərifətinin əzəməti
Ehtiyatlı olaq ki, dini satmayaq; istər ucuz, istərsə də baha. Bu yolda elə birinə iqtida etməliyik ki, dinini satan olmasın.
Sözsüz ki, həzrət Əbülfəzl Abbas (ə) Aşura qiyamının bayraqdarı və məbuda eşq təzahürü idi; Peyğəmbərin (s) İslamını qorumaqda və İmam Hüseynin (ə) vilayətini hərtərəfli himayətdə izzət və mərifət rəmzi idi. O həzrətin böyük mərd insan kimi misilsiz səciyyələrə malik olması hər kəsə aydındır, hansı ki, qiyamət günü şəhidlər məqamına qibtə edəcəklər. Bu yazıda Ayətullah Məkarim Şirazinin yüksək görüşlərindən yararlanaraq, Aşura hadisəsində həzrət Abbasın (ə) izzət, elm və mərifəti mövzusunu siz oxuculara təqdim edirik:
İzzət, elm və mərifətin gerçəkləşməsində əsas prinsip “vilayətə” dayaq durmaqdır
Ata-babalarımız bizi Əhli-beyt (ə) xanədanı və vilayəti kimi bir nemətlə tanış etdikləri üçün onların qədrini bilməliyik ki, o böyük şəxsiyyətlərin ardıcılı olmaq, onlara itaət etmək şərəfinə və nəticədə sayələrində hidayətə nail olaq (1).
Bu böyük ilahi neməti şərh edərkən Aşura hadisəsində nadir nümunə kimi həzrət Əbülfəzl (ə) həyat yoluna işarə etməliyik: Tasua gününün qürubunda düşmən səhradan ayrılıb İmam Hüseynin (ə) ordugahına tərəf gəldiyi zaman, İmam (ə) onlarla danışmaq üçün "Bəni-Haşimin ayı" ləqəbli qardaşı Abbası iyirmi atlı ilə birgə düşmənə sarı göndərdi. Beləliklə, həzrət Abbas (ə) yoldaşları ilə onların qarşısını kəsdi (2). O həzrət ata minib düşmənə tərəf qayıtdı və qoşunla qarşı-qarşıya durduğu zaman onlara müraciətlə buyurdu: “Ey camaat! Əba Əbdullah (ə) sizdən bir gecəlik möhlət istəyir” (3).
Amannamənin rəddi – Həzrət Abbasın (ə) izzət, elm və mərifətinin təzahürü
Aləmdə zülmü qəbul etməyənlərin rəhbəri, dünya əhalisinə zillətlə yaşamağı yerinə, qılıncların kölgəsində ölümü seçən və qeyrət dərsi verən kəs Hüseyn ibn Əli (ə) olmuşdur. Ona və tərəfdarlarına aman verəcəklərini təklif etdilər, amma onlar zillətə boyun əymədilər (4), (5). Təkcə İmam Hüseyn (ə) deyil, həm də, hicri 61-ci ilin Aşurasında onunla birlikdə öldürülən bütün tərəfdarları, şərəf zirvəsinə çataraq, mübarizliklə şəhadət şərbətini içdilər (6). Şimrin göndərdiyi əfv fərmanı və amannamənin həzrət Əbəlfəzl Abbas (ə) (7) tərəfindən rədd edilməsi bu həqiqətin bir nümunəsidir (8).
Tasua gününün qürubunda və amannəmənin rəddi xüsusunda həzrət Abbasın (ə) İmam Hüseynə (ə) qarşı izzət və mərifətsevərlik əzəmətini bəyan edərkən qeyd etmək lazımdır: Məhərrəm ayının doqquzu Şimr ibn Zilcovşən, həzrət Abbas (ə) üçün amannamə gətirəndə, həzrət Abbas (ə) onu qətiyyətlə rədd etdi (10). Həmçinin, o həzrət Züheyr ibn Qeynin həzrət Seyyidüş-şühədanı (ə) müdafiənin lüzumuna dair söhbətindən sonra belə dedi: “Sən istəyirsən məni qardaşıma kömək etməyə təşviq edəsən? (Mən çoxdan fədakarlığa hazıram)” (11), (12).
Düşmən onların bədənlərini tikə-tikə edərək bədən üzvlərini kəsdi, lakin onların izzət, başıucalıq və ruh böyüklüyündən bir şey azalda bilmədi (13). O ərəb şairi bu həqiqəti necə də gözəl təsvir etmişdir:
قَدْ غَيَّرَ الطَّعْنُ مِنْهُمْ كُلَّ جارِحَة
إِلاَّ الْمَكارِمَ فِي أَمْن مِنَ الْغِيَرِ
"(Nizə və qılınc) zərbələri onların bütün bədənlərini dəyişdirdi, lakin onların əzəmət və ruh böyüklüyündən əsla bir şey dəyişə bilmədi" (14).
Həzrət Seyyidüş-şühədaya (ə) vəfadarlıq – Aşura gecəsində həzrət Abbasın (ə) iman və mərifətinin əzəməti
Şübhəsiz, İmam Hüseyn (ə) tərəfdarlarının Aşura gecəsi vəfadarlıqlarını elan etməsi bəşər tarixinin ən əzəmətli və gözəl səhnələrindən idi (15). Aşura gecəsi və Əba Əbdillahın dostarı və tərəfdaşlarından beyət götürməsi ilə bağlı aşkar və azadcasına çıxışından sonra həzrət Abbasın (ə) vilayət, vəfadarlıq və mərifəti misilsizdir. Ona görə də, ilk olaraq Abbas ibn Əli (ə) İmam Hüseynə (ə) üzünü tutub dedi: “Nəyə görə səndən əl götürək? Səndən sonra həyatda qalmaq üçünmü? Allah-taala belə bir günü bizlərə nəsib etməsin!” (16).
Daha sonra isə Abbasın (ə) söylədiklərinə qoşularaq, ardınca, İmamın (ə) qardaşları, övladları, qardaşı övladları və Abdullah ibn Cəfər (və həzrət Zeynəbin (ə)) övladları, biri digərinin ardınca eyniməzmunlu cümlələrlə öz vəfadarlıqlarını elan etdilər (17). Şübhəsiz ki, İmam Hüseyn (ə) onların bu vəfadarlıqlarından, mərdliklərindən, ən üstün və ən gözəl yolu seçməkdə şücaət göstərmələrindən çox şad oldu (18).
Həzrət Zeynəbdən (ə) belə dediyi nəql olunur: “Aşura gecəsi öz xeyməmdən çölə çıxdım ki, qardaşım Hüseynin (ə) və dostlarının halından, vəziyyətindən xəbər tutum. Gördüm ki, İmam (ə) öz xeyməsində tənha əyləşib, Rəbii ilə razü-niyaz edir, Quran oxuyur. Öz-özümə dedim ki, qardaşımı belə bir gecədə tənha qoymaq doğrudurmu? Allaha and olsun, gedib buna görə qardaşlarımı, əmioğullarımı danlayacam. Sonra Abbasın (ə) xeyməsinə tərəf getdim. Birdən hay-küy, qışqırıq səsləri eşitdim. Oradaca xeymənin arxasında dayandım, içəri nəzər saldım və gördüm ki, əmioğullarım, qardaşlarım, qardaşoğullarım – şir kimi dizlərinə söykənmiş – Abbasın (ə) ətrafına yığılıb və o da xütbə oxuyur. Ondan Allaha həmd-səna, Peyğəmbərinə (s) salavat ilə başlayaraq elə bir xütbə eşitdim ki, bunu İmam Hüseyndən (ə) başqasından eşitməmişdim.”
Abbas (ə) axırda belə dedi: “Qardaşlarım! Qardaşoğullarım! Əmioğullarım! Sübh açılanda nə edəcəksiniz?”
Onlar dedilər: “Fərman sənindir. Sən nə deyirsən, onu da edək!”.
Abbas (ə) dedi: “Bu səhabənin İmamla (ə) qohumluğu yoxdur və “Bu ağır yükü ancaq sahib olduğu şəxslər qaldıra bilər!”. Sübh açılanda döyüş meydanına tələsən birinci şəxslər sizlər olmalısınız. Biz onlardan əvvəl ölməliyik ki, camaat “Öz səhabələrini qabağa atdılar və onlar öldükdən sonra özləri qılıncları ilə ölümü anbaan gecikdirdilər!” – deməsin.
Bəni-Haşim yerindən qalxıb qılınclarını sıyırıb Abbasın (ə) qarşısında dayanaraq dedilər: “Fərman, sənin fərmanındır, biz hamımız sənin əmrindəyik!” (19).
Abbas (ə) davamında dedi: “Bu səhabənin İmamla (ə) qohumluğu yoxdur və “Bu ağır yükü ancaq sahib olduğu şəxslər qaldıra bilər!”. Sübh açılanda döyüş meydanına tələsən birinci şəxslər sizlər olmalısınız (20). Biz onlardan əvvəl ölməliyik ki, camaat “Öz səhabələrini qabağa atdılar və onlar öldükdən sonra özləri qılıncları ilə ölümü anbaan gecikdirdilər!” – deməsin. Bəni-Haşim yerindən qalxıb qılınclarını sıyırıb Abbasın (ə) qarşısında dayanaraq dedilər: “Biz hamımız sənin əmrindəyik!” (21).
“Su ilə bağlı qəhrəmanlıq” – həzrət Əbəlfəzlin (ə) əzəmət və fədakarlığının son həddi
Abbas ibn Əli (ə) (qardaşı İmam Hüseynin (ə) qoşununun bayraqdarı idi). Bütün köməkçilərinin, qardaş və əmisi uşaqlarının şəhadət şərbəti içdiyini gördüyü zaman, ağladı və Allahla görüşmək şövqü ilə irəli çıxdı və bayrağı götürdü, qardaşı İmam Hüseyndən (ə) meydana getmək üçün icazə istədi (22). (Qardaşının ayrılığından ciddi şəkildə narahat olan) İmam (ə) elə şiddətlə ağladı ki, saqqalı göz yaşlarından islandı. Buyurdu:
يا أَخي كُنْتَ الْعَلامَةَ مِنْ عَسْكَري وَ مُجْمِعَ عَدَدِنا، فَإِذا أَنْتَ غَدَوْتَ يَؤُلُ جَمْعُنا إِلَى الشِّتاتِ، وَ عِمارَتُنا تَنْبَعِثُ إِلَى الْخَرابِ
"Ey qardaş! Sən mənim (qoşunumun əzəməti) və əsgərlərimin birlik mərkəzinin nişanəsisən. Əgər sən də (gedib şəhid olsan), bizim dəstəmiz pərakəndə və viran olar" (23).
Abbas (ə) dedi:
فِداكَ رُوحُ أَخيكَ يا سَيِّدي! قَدْ ضاقَ صَدْري مِنْ حَياةِ الدُّنْيا، وَ أُريدُ أَخْذَ الثّارِ مِنْ هؤُلاءِ الْمُنافِقِينَ
"Qardaşının canı sənə fəda olsun, ey mənim ağam! Qəlbim dünya həyatından sıxılmışdır, bu münafiqlərdən (o pak qanların) intiqamını almaq istəyirəm" (24). İmam (ə) buyurdu:
إِذا غَدَوْتَ إِلَى الْجِهادِ فَاطْلُبْ لِهؤُلاءِ الاْطْفالِ قَليلا مِنَ الْماءِ
İndi ki, meydana getmək istəyirsən, onda bu uşaqlara su təşkil elə! (25).
Abbas (ə) meydana yollandı və moizə etdi, Allahın əzabı ilə qorxutdu, amma onlara heç bir təsir qoymadı (26). Qardaşının yanına qayıtdı və macəranı xəbər verdi. Gözlənilmədən, uşaqların susuzluqdan yandıqlarını söyləmək səsi qulağına yetişdi. Dərhal ata mindi, nizə və məşki (su tuluğunu) götürdü və Fərata tərəf yollandı (27). Fərat çayını qorumaqda olan dörd min nəfər onu mühasirəyə aldı və ox atəşinə tutdu, lakin o həzrət qəhrəmancasına düşmən qoşununu yardı və onlardan səksən nəfərini həlak edərək yerə sərdi və Fərat çayına daxil oldu (27).
فَلَمّا أَرادَ أَنْ يَشْرَبَ غُرْفَةً مِنَ الْماءِ ذَكَرَ عَطَشَ الْحُسَيْنِ وَأَهْلِ بَيْتِهِ فَرَضَّ الْماءَ وَمَلاَ الْقِرْبَةَ
“Bir qədər (bir ovuc) su içmək istədiyi zaman, İmam Hüseyn (ə) və onun əhli-beytinin susuzluğunu xatırladı, ovcundakı suyu yerə tökdü və məşki su ilə doldurdu.”
Sonra məşki sağ qoluna keçirdi və xeyməyə tərəf yola düşərək belə dedi:
Ey Abbasın nəfsi! Hüseyndən (ə) sonra həyat zillətdir. Məbada, ondan sonra sağ qalasan! Bu, ölüm şərbəti içən Hüseyndir. Belə olduğu halda, sən soyuq və ləzzətli su içmək istəyirsən?! Heyhat! Belə rəftar nə mənim dinimdən, nə də düzgün etiqadlı bir şəxsin rəftarından deyil” (28).
Dinəmeyillilik və şəhadətsevərlik birləşməsindən doğan izzət
Həzrət Əbəlfəzlin (ə) izzət nümunələrindən biri kimi Allah uğrunda şəhadət bahasına belə Peyğəmbər islamını tam dəstəyinə işarə etmək olar: Bəni-Haşimdən olan bəzilərinin şəhadətindən sonra Əbulfəzl (ə) qardaşı Abdullah, Osman və Cəfəri yanına çağırdı və dedi: Gedin öz canınızı qardaşınız və İmamınız üçün fəda edin ki, Allah yanında sizi nəzərdə tutum və düşməndən sizin intiqamınızı alım (29).
Habelə, Kərbəlanın şücaətli sərdarı ölüm gəlib çatdığı zaman dedi: Qılınclar yerə sərənə qədər qorxum yoxdur. Mən öz canımı pak xüsusiyyətli Peyğəmbər (s) övladına sipər etmişəm. Mən "Səqqa" (su paylayan) məqamı (ləqəbi) olan həmin Abbasam və döyüşün çətinliyindən qorxum yoxdur (30), (31).
Bu üzdən düşmən həzrət Abbasın (ə) qollarını kəsdikdən sonra o həzrət rəcəz oxudu:
وَاللهِ إنْ قَطَعْتُمُ يَميني *** إِنِّي أُحامِي أَبَداً عَنْ دينِي
وَ عَنْ إِمام صادِقِ الْيَقينِ *** نَجْلِ الْنَّبِيِّ الطّاهِرِ الاْمينِ
Allaha and olsun! Sağ əlimi kəsməyinizə baxmayaraq, mən daimi olaraq dinimi və pak və əmin Peyğəmbərin (s) övladı olan düzgün imanlı İmamımı himayə edəcəyəm” (32).
Hər bir addımda fəzilət, fədakarlıq, şücaət və izzət dərsi var. Kim o bənzəri olmayan fədakarlıq səhnəsində Ababsın su mənbəyinə yetişməsi və sudan içməyərək susuz şəhid olması xəbərini verməyə hazır idi?! İmam Hüseyn (ə), yoxsa, onun övladları uzaqdan tamaşa edirdilərmi?! Yoxsa, sonrakı İmamlar ilahi ilham sayəsində xəbər vermişdilərmi? Yaxud, bu bənzərsiz fədakarlıq mənzərəsini görən mələklər xəbər gətirdilərmi? Yoxsa, başqa şəkildə məlum oldumu?!
Necə və kimin sayəsində olmasından asılı olmayaraq, tarixin alnına qeyd edildi və həmişəlik olaraq haqq yolunun yolçuları üçün yadigar qaldı (33).
Son söz
Ehtiyatlı olaq ki, dini satmayaq; istər ucuz, istərsə də baha. Bu yolda elə birinə iqtida etməliyik ki, dinini satan olmasın. Hüseyn ibn Əliyə (ə) iqtida edək, canından və dostlarından keçdi, amma dinindən keçmədi. Ailəsinin əsirliyinə razı oldu, ancaq əqidəsindən dönmədi (34). Qardaşı Əbəlfəzlə iqtida edək, hansı ki Şimr ibn Zil-Cövşən ona dinini dünyaya satması üçün amannamə gətirdiyi zaman ondan imtina etdi, din və əqidəsini qorudu (35). Aşura hadisəsində dini tam himayə, vilayəti tanımaq və İmam Hüseynə (ə) sonsuz vəfadarlıq prinsipi, həzrət Abbasın (ə) şəhadətindən sonra İmam Hüseynin (ə): “الْانَ إِنْكَسَرَ ظَهْري” – “İndi mənim belim sındı!...” – deməsinə səbəb oldu (36). Habelə, İmam Zeynəlabidin (ə) əmisini dəfn edərkən göz yaşı tökərək buyurdu:
عَلَى الدُّنْيا بَعْدَكَ الْعَفا يا قَمَرَ بَني هاشِم وَعَلَيْكَ مِنّي السَّلامُ مِنْ شَهيد مُحْتَسَب وَ رَحْمَةُ اللهِ وَبَرَكاتُهُ
“Ey Bəni-Haşimin qəməri! Səndən sonra kül olsun dünyanın başına! Sənə salam göndərirəm! Allahdan sənə rəhmət və bərəkət diləyirəm!” (37), (38).
İmam (ə) bu sözü ilə həzrət Abbasın (ə) fədakarlığının dəyərini, izzət və mərifətinin əzəmətini bəyan etdi.
Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1- “Quranın mənadolu andları”, səh. 371
2- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 454
3- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 390
4- “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c. 3, səh. 249
5- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 32
6- Yenə orada
7- “İrşad”, Şeyx Müfid, səh. 440
8- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 32
9- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 447
10- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 448
11- “Məqtəlul-Huseyn”, Müqərrəm, səh. 209
12- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 448
13- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 33
14- Yenə orada
15- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 449
16- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 396
17- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 396
18- Yenə orada
19- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 404
20- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 404
21- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 404
22- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 493
23- Yenə orada
24- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 493
25- Yenə orada
26- Yenə orada
27- Yenə orada
28- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 494
29- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 489
30- “Əyanuş-şiə”, c. 1, səh. 608 və müraciət edin: “Mənaqib”, İbn Şəhri Aşub, c. 4, səh. 117 və “Biharul-ənvar”, c. 45, səh. 40
31- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 494
32- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 495
33- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 496
34- “Nəhcül-bəlağədə İslam əxlaqı” (“Müttəqin” xütbəsi), c. 2, səh. 395
35- Yenə orada
36- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 495
37- “Məqtəlul-Huseyn”, Müqərrəm, səh. 320 və “İrşad”, Şeyx Müfid, səh. 471
38- “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr, səh. 552