Ayətullah Məkarim Şirazinin görüşündə İmam Baqir (ə) elmi məktəbinin təlimlərinin öyrənilməsi

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Baqir (ə) elmi məktəbinin təlimlərinin öyrənilməsi


Hal-hazırda hər hansı fiqh, üsul, təfsir, əqaid və əxlaq kitablarına müraciət etsək, “İmam Baqir (ə) buyurdu, İmam Sadiq (ə) buyurdu” ifadəsinə rast gələcəyik. Bu iki böyük şəxsiyyət İslam elmlərindən bizlərə böyük bir miras qoymuşdur.‌  ‌

İmam Baqirin (ə) məzlumcasına şəhadətinin il dönümündə – hədislərə əsasən, hicri-qəməri tarixlə 114-cü il, zil-hiccə ayının 17-ə təsadüf edir (1) – o həzrətin (ə) təlimlərini öyrənmək lüzumu bizə fürsət verir ki, Məkarim Şirazi cənablarının yüksək düşüncə və mənəviyyatından yararlanaraq, İmam Məhəmməd Baqir (ə) məktəbinin ən mühüm cəhətlərini, onun həyat bəxş edən təlimlərini siz oxuculara təqdim edək.


Şübhəsiz, İmam Baqirin (ə) elmi həyat yolunun təhlili və onun düşüncənin dəyəri barəsindəki sözlərinin şərhi, elm və təhsil almanın vacibliyi, eləcə də həzrətin nəzəri və praktiki üslubundan, danışığından hədis formasında irs qalan əzəmətli mirası hər şeydən öncə İmam Məhəmməd Baqirin (ə) elmi məktəbinin təlimlərinə rəvac verilməsi və onların şərh edilməsi zərurətini ortaya qoyur. Buna əsasən, qarşınızdakı yazıda Məkarim Şirazi cənablarının yüksək fikirlərindən bəhrələnərək, İmam Məhəmməd Baqirin (ə) elmi yanaşmaları şiələrə və “Baqirul-ulum” (ə) maarifinə susayanlara təqdim edilir:


“Baqirul-ulum” (ə) ləqəbinin mənasına bir baxış
Məkarim Şirazi cənabları İmam Məhəmməd Baqirə (ə) “Baqirul-ulum” (elmləri yaran, bölən) ləqəbinin verilməsinin səbəbinə aydınlıq gətirərkən buyurdu: O həzrət (ə) haqlı olaraq “Baqirul-ulum” ləqəbini özünə aid etmişdir. Çünki o, müxtəlif elmləri yararaq dərinliklərinə varandır. O, İslam qaynaqlarını gücləndirməkdən ötrü bütün elmlərdə – təfsir, fiqh, əxlaqda və İslam mövzuları üzrə önəmli hədislər demişdir. İmamın (ə) hədisləri o qədər çoxdur ki, təkcə Məhəmməd ibn Müslim İmam Məhəmməd Baqirdən (ə) otuz min hədis nəql etmişdir (2).
İslam elmlərinin çiçəklənməsi – İmam Məhəmməd Baqirin (ə) əzəmətli mirası


Məkarim Şirazi cənabları məsum imamlardan (ə), xüsusilə İmam Məhəmməd Baqirdən (ə) irs qalan hədislərin əzəmət və dəyərini şərh edərkən buyurdu: Təəssüflər olsun ki, Əhli-beyt (ə) xəzinəsi sayılan hədislərdən bir çoxu bizə gəlib çatmamışdır, lakin bununla belə, bizə çatan hədislərin toplanılmasında çoxlu zəhmətlər çəkilmişdir (3). Şiə hədislərinin əksəriyyəti, sayı on min civarında olan hədis beşinci və altıncı imamlardan, yəni Məhəmməd ibn Əli Baqir (ə) və Cəfər ibn Məhəmməd Sadiqdən (ə) nəql edilib. Mühüm bir hissəsi də səkkizinci imamdan, Əli ibn Musa Rzadandır (ə). Ona görə ki, bu üç böyük şəxsiyyət elə bir dönəmdə və mühitdə qərarlaşmışdılar ki, onlara düşmənlərin – Bəni-Üməyyə və Abbasi hakimlərinin təzyiqi az idi. Bu səbəbdən İslam maarifi və fiqh hökmlərinin bütün sahələrində ata-babaları vasitəsilə onlara çatan çoxlu sayda Peyğəmbər (s) hədislərini özlərindən sonra yadigar qoya bildilər (4)  


Məkarim Şirazi cənabları İmam Baqir (ə) və İmam Sadiq (ə) təlimlərindən yadigar qalan dəyərli mirasa işarə edərək belə buyurur: Hal-hazırda fiqh, üsul, təfsir, əqaid və əxlaq barədə yazılan kitablara müraciət etsək, “İmam Baqir (ə) buyurdu, İmam Sadiq (ə) buyurdu” ifadəsinə rast gələcəyik. Bu iki böyük şəxsiyyət İslam elmlərindən bizlərə böyük bir miras qoymuşdur.

 

İmam Baqir (ə) elmi təlimlərinin sayəsində şiə fiqhinin dinamikliyi
Məkarim Şirazi cənabları misilsizəvəzsiz şiə fiqhinin dinamikliyini – zaman, məkan və şəraitlə ayaqlaşmasını İmam Baqir (ə) və İmam Sadiqin (ə) dəyərli təlimlərinə borclu bilərək buyurdu: Bu gün fiqhimizin “Qiyas” dəlilinə möhtac olmaması, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) irs qalan həmin hədislər səbəbinə və elm qapısının üzümüzə açıq olmasına görədir. Bir halda ki, bu elmlər başqaları üçün əlçatmaz olduğu üçün digər gümanlara pənah aparıblar. Deməli, elmi çiçəklənmənin amilini İmam Baqir və İmam Sadiqin (ə) təlimlərində axtarmaq lazımdır.
Şiə və əhli-sünnə kitablarının hər birini açsaq, İmam Baqirlə (ə) İmam Sadiqin (ə) qiymətli bəyanları ilə qarşılaşırıq. Bu minvalla, o iki ali şəxsiyyət din prinsiplərinin köklərini dərinləşdirmək və onları bəyan etməklə məşğul olublar.

 

Elmi münazirələr – İmam Baqirin (ə) elmi məktəbində strateji təlim
Məlumdur ki, İmam Baqir (ə) nəbəvi təlimlərinin rəvacında və əvəzsiz şiə maarifinin yayılmasında mühüm bir strateji təlimdən yararlanmışdır. O da, digər təkallahlı din nümayəndələri ilə elmi münazirələridir.
Məkarim Şirazi cənabları İmam Baqirin (ə) münazirələrinə aydınlıq gətirərkən, o həzrətin ən mühüm münazirələrindən birinə, Şamda məsihi yepiskopu ilə olan münazirəyə (disputuna) işarə etdi və buyurdu: Tarixdə yazıldığı kimi, İmam Baqirin (ə) Şama icbari səfərində Dəməşq şəhərini tərk etməmişdən öncə İmam (ə) ictimai təfəkkürü oyatmaq və öz əzəmətini, elmi məqamını göstərmək üçün yaranmış fürsətdən çox gözəl faydalandı və Şamın ictimai təfəkküründə inqilab etdi (5).


Məkarim Şirazi cənabları İmam Baqirlə (ə) məsihi yepiskopunun münazirəsini şərh edir
Məkarim Şirazi cənabları İmam Baqirinin (ə) ən önəmli mühazirələrindən birini, o həzrətin məsihi yepiskopla Şamdakı elmi müzakirəsini şərh edərkən belə buyurur: Macəra belə idi: Hişam ibn Əbdülməlik İmam Baqirə (ə) daha çox hörmətsizlik etməyə əsaslı bir bəhanə tapa bilmirdi, ona görə də o həzrətin Mədinəyə dönüşünə razı oldu. İmam (ə) öz əziz övladı ilə xilafət sarayını tərk etdiyi zaman yerdə oturmuş insan kütləsi ilə qarşılaşdı. İmam Baqir (ə) onlar və toplaşmalarının səbəbi barədə soruşdu.
Dedilər ki, bunlar məsihi keşişləri və rahibləridir, bu da onların illik toplantılarıdır. Proqrama uyğun olaraq, hər il böyük yepiskoplarını gözləyirlər ki, elmi suallarını ondan soruşsunlar.


İmam Baqir (ə) cəmiyyətə qoşuldu və tanınmaz halda toplantı iştirakçısı oldu. Bu xəbər çox keçmədən Hişama çatdırıldı. Hişam bir dəstəyə toplantıya qoşulmaq və vəziyyətə yaxından nəzarət etmək əmri verdi. Çox çəkmədi ki, olduqca yaşlı böyük yepiskop daxil oldu, əzəmət və ehtiramla məclisin başına keçdi. Sonra cəmiyyətə göz gəzdirdi və İmam Baqirin (ə) siması onu özünə cəlb etdi. Odur ki, İmama (ə) üz tutub soruşdu: Biz məsihilərdənsiniz, yoxsa müsəlmanlardan?
İmam Baqir (ə) buyurdu: Müsəlmanlardanam.
Yepiskop yenə soruşdu: Alimlərindənsiniz, yoxsa nadanlarından?


İmam (ə) buyurdu: Nadan insanlardan deyiləm!
Şam məsihilərinin dini rəhbəri növbəti dəfə soruşdu: İlk olaraq mən soruşum, yoxsa siz sual verirsiniz?
Həzrət (ə) buyurdu: İstərsəniz, siz soruşun!
Böyük yepiskop soruşdu: Hansı dəlilə əsasən, siz müsəlmanlar iddia edirsiniz ki, cənnət əhli yeyib-içəcəyi halda heç bir ifrazatları olmayacaq, dünyada buna misal olacaq hər hansı bir aydın nümunə varmı?
İmam Baqir (ə) cavab verdi: Bəli, buna aydın nümunə ana bətnindəki rüşeymdir (körpədir), qidalanır, amma heç bir ifrazatı yoxdur!
Məsihi yepiskopu təəccüblə dedi: Bəs, dediniz alimlərindən deyilsiniz?!


İmam (ə) buyurdu: Mən belə demədim, əksinə dedim ki, nadanlardan deyiləm!
Məsihi yepiskopu İmam Baqirdən (ə) növbəti sual soruşdu: Hansı dəlilə əsasən, cənnət meyvələrinin, nemətlərinin azalmadığına və nə qədər sərf edilsə belə, olduğu kimi qalacağına inanırsınız? Bu mövzuya dair yaşadığımız dünyada hər hansı bir aşkar nümunə varmı?
Həzrət (ə) cavabında buyurdu: Bəli, maddi aləmdə onun aşkar nümunəsi atəşdir. Əgər siz bir çırağın atəşilə yüzlərlə çırağ yandırsanız, ilk çırağın atəşi olduğu kimi qalacaq və ondan heç bir şey azalmayacaq...!
Məsihi yepiskopu bu fürsətdə nəzərinə çatan hər bir sual və qaranlıq məqamı bir-bir o həzrətdən soruşdu və qanedici cavab aldı. Özünü aciz görən yepiskop çox narahat oldu, əsəbiləşdi və dedi: “Camaat! Dini məlumatı məndən çox olan ali məqamlı bir alimi bura gətiribsiniz ki, məni rüsvay etsin və müsəlmanlar rəhbərlərinin bizdən üstün və yaxşı olduğunu anlasınlar?! Tanrıya and olsun ki, bir daha sizinlə danışmayacağam, gələn ilə kimi sağ qalsam məni aranızda görməyəcəksiniz!”


Bunu deyib yerindən qalxdı və məclisi tərk etdi.
Bu hadisə tez bir zamanda Dəməşqə yayıldı. Şam mühitini sevinc və şadlığa boğdu. Hişam İmam Baqirin (ə) iftixar dolu qələbəsini alqışlamaq əvəzinə, hər şeydən öncə İmamın (ə) mənəvi nüfuzundan narahat oldu. Zahirə riayət etməklə o həzrətə hədiyyə göndərdi və bildirdi ki, elə həmin gün Dəməşqi tərk etsin!
İmam Baqirin (ə) qələbəsindən qəzəblənən Hişam o həzrətin parlaq elmi və ictimai fəaliyyətinə kölgə salmaq, töhmətlə onu aradan aparmaq və İslamın aliməqamlı rəhbərini xristianlığa təmayüllə günahlandırmaq istəyirdi. Odur ki, tam namərdliklə (Mədyən şəhərinin sərkərdəsi kimi) bəzi sərkərdələrinə belə yazdı: “Məhəmməd ibn Əli, Əbu Turabın övladı, öz oğlu ilə yanıma gəlmişdi. Onları Mədinəyə qaytardığım zaman keşişlərin yanına getdilər və məsihiliyə meyl göstərdilər, amma mən, qohumluğumuza xatir onların günahına göz yumdum. Bu iki nəfər şəhərinizə çatdıqdan etibarən, onlardan narazı olduğumu xalqa bildirin!”
Ancaq Hişamın həqiqəti ört-basdır etmək istiqamətindəki çalışmaları bir nəticə vermədi. İlk günlərdə şəhər əhalisi Hişamın təbliğatının təsiri altına düşmüşdü, lakin elmi münazirələr və o həzrətdə (ə) görünən imamət nişanələri nəticəsində beşinci İmamın (ə) həqiqi yüksək məqamını anlamağa başladılar. Bu minvalla, əvvəli məcburiyyət və təhdidlə başlayan səfər səmərəli, ibrət dolu bir səfərə çevrildi (6).


Şiə rasionallığı – Baqirul-ulumun (ə) elmi məktəbində ən vacib faktor
Sözsüz ki, şiə təlimlərində, xüsusilə də, İmam Baqirin (ə) elmi məktəbində elmi çiçəklənmə, o həzrətin də xüsusi vurğuladığı rasionallıq və düşüncədən qaynaqlanır. Məkarim Şirazi cənabları elm və bilik əldə etmədə əqlin – rasionallığın mühüm və həlledici rol oynadığını bəyan edərkən şiəliyin ən önəmli faktoru ünvanında İmam Baqirdən (ə) nəql edilən bir hədisə istinad etdi və buyurdu:


"قال الامام الباقر عليه السلام: "يَا مُيَسِّرُ أَلَا اخْبِرُكَ بِشِيعَتِنَا؟" قُلْتُ: بَلى‏ جُعِلْتُ فِداكَ قَالَ: "إِنَّهُمْ حُصُونٌ حَصِينَةٌ و صُدُورٌ أمِيْنَةٌ وَ أَحْلَامٌ وَزِيْنَةٌ لَيْسُوا بالمَذِيعِ البَذِرِ وَلَا بِالجُفَاتِ المُرَاعِيْنَ رُهْبَانٌ بِالْلَيلِ اسُدٌ بِالْنَهار."  (7)

 


“İmam Baqir (ə) buyurur: ”Ey Müyəssir, (8) şiələrimizi sənə tanıtdırımmı?”
Dedim: Buyurun, sizə fəda olum!
Həzrət (ə) buyurdu: Onlar möhkəm qalalar, etibarlı sinələr, gözəl və mətin ağıla sahib (9), şayiə yaymayan, sirləri açmayan, quru, qəzəbli və riyakar olmayan, gecə ibadətini gözləyənlər, gecəni oyaq qalanlar, gündüzlər isə şirə dönən insanlardır”.


Məkarim Şirazi cənabları İmam Baqirdən (ə) nəql edilmiş bu önəmli hədisi şərh edərkən belə buyurur: Bu kiçik hədisdə şiələrin yeddi xüsusiyyəti bəyan olunub və onda bir dünya mətləb və məsuliyyət yatır:


1. Möhkəm qalalar
Şiələr düşmən təbliğatı qarşısında məğlubedilməz olmalıdır. Dünyanın mədəni durumu bizim gəncləri təhdid etdiyi bir vaxtda gənclərimizi gücləndirəcək bir çıxış yolu tapmışıqmı? Əgər mikrobları məhv etmək qeyri-mümkündürsə, onda özümüzü gücləndirməliyik.
2. Etibarlı sinələr
3. Ağıllı olmaq
4. Sir saxlayan


Məsum imamların (ə) dönəmində onların gileyi bu idi ki, bəzi şiələrimiz sirlərimizi açırlar. Sirlərdən məqsəd, imamların (ə) (imamın qeyb elmi, qiyamət günündə şəfaət, Allah Rəsulun (ə) elmlərinin əmanətçisi olmaq, şiələrin işlərinə şahid olmaq və nəzarət etmək, möcüzələr və s. kimi) məqamlarıdır. Hansı ki, bəzi sıravi insanlar və müxaliflər onları dərk etmək iqtidarında deyildilər. Lakin bəzi xam və sadəlövh şiələr oturduqları hər yerdə, (10) hər şeyi dilə gətirirdilər və bu iş ixtilaf, ədavət və düşmənlik yaradırdı. Bu səbəbdən İmam (ə) buyurur ki, şiələrimizin etibarlı və əmanətdar sinələri var, cəhətsiz nəyisə ifşa etmirlər, onun-bunun arasında ixtilaf yaratmırlar (11).
Bundan da pisi əsrimizdə formalaşan qülüv edənlərdir (ifratçılardır). Belə ki, onlar vilayət bəhanəsi ilə imamlar (ə) barəsində küfrlə qarışıq və çirkin ibarələr işlədirlər. Halbuki, imamlar (ə) belə şeylərə əsla razı deyillər. Bu ifratçı və qülüv edən şiələrdən özümüzü gözləməliyik. Bu dəstənin iki nöqsanı var:


İlk növbədə özlərini məhv edir və fikirləşirlər ki, əgər biz Allahın sifətlərini imamlara (ə), həzrət Zeynəbə (ə) və ya Kərbəla şəhidlərinə nisbət versək, vilayət və vilayətə bağlılıqdır.
Daha böyük nöqsan budur ki, yaşadığımız əsrin qlobal informasiya dövrü olması və bir xəbərin dəqiqələr sonra dünyaya yayılmasını nəzərə alsaq, bu qülüv xarakterli sözlər və düzgün olmayan ifadələri buradan başqa yerlərə paylaşırlar və nəticədə şiəçiliyə böyük damğa vurub, onu kafir kimi tanıtdırırlar. Sonra da şiə qətliamı başlayır. Bu nadan şəxslər bilmirlər ki, danışdıqları sözlərlə dünyanın digər yerində bir dəstə şiənin ölümünə şərait yaradırlar.


Vay olsun belə nadan dostlara, belə cahil insanlara! Vay o gündən ki, məclislərin nəbzi savadsız, xəbərsiz, qafil və nadan şəxslərin əlinə düşə! Belə insanların məclisləri ələ almasına imkan verməməliyik! (12).
5. Məhəbbət
Şiələr qəzəbli deyirlər, əksinə məhəbbət dolu və mehriban insanlardır. Şiələr Əli ibn Əbutalibin (ə) və digər imamların (ə) ruhuna sahibdirlər, hətta düşmənlərinə qarşı mehribandırlar (13).
6. Gecə oyaqlığı
7. Şücaətli və cəsur


Şiələr riyakar deyillər və iki fərqli xüsusiyyəti birgə sahibdirlər. Əgər kimsə onların gecə ibadətini görərsə, zamanənin zahidləridirlər, həyat fəaliyyətlərində zəifdirlər. Amma gündüz onları görsələr, şir kimi ictimai səhnədə olduqlarını müşahidə edərlər.
Məkarim Şirazinin bu ifadəsinə dərin baxışla, şiə təlimlərinin çiçəklənməsində və onun bəşər ictimaiyyətinə yayılması istiqamətində şiəçiliyin digər spesifiklik və keyfiyyətlərində rasionallıq və təfəkkürün həlledici roluna yönəlmək olar. Odur ki, Məkarim Şirazi cənabları bu mühüm mövzuya təkid edərək Əhli-beyt (ə) maarifinin ağıl prinsipi əsasında əxz edilməsini həqiqi şiələrin ən başlıca keyfiyyətlərindən sayır. Bu səbəbdən onun görüşündə, İmam Baqirin (ə) elmi məktəbinə söykənən mühüm strategiya, yəni “أَحْلَامٌ وَزِيْنَةٌ” – “Dərin ağıl sahibləri” prinsipinə uyğun olaraq “şiə” bir bölgüdə beş təsnifata ayrılır:


1. Coğrafi şiələr
Şiə məskunlaşan ölkələrdə dünyaya göz açan, statistik baxımdan o ölkənin vətəndaşı sayılanlar.
2. İrsi şiələr
Valideynləri şiə olan, şiə ata-ananın ocağında dünyaya gələnlər. (14)
3. Sözdə şiələr
Sözdə “Mən Əli ibn Əbutalibin (ə) şiəsiyəm” – deyən, əməldə isə bunu təsdiq etməyənlər. (15)
4. Səthi şiələr


Əməli səthi olan, şiəliyin dərinliyinə varmayan şiələr. Şiəçilikdən yalnız əzadarlığı, təvəssülü, bu və ya digər şeyləri mənimsəyiblər. Görəsən, şiəlikləri haradan məlumdur? Aşura günlərində sinə vuran dəstələrə qoşulduqlarına, əzadarlıq məclislərində iştirak etdiklərinə və Cəmkəran məscidinə getdiklərinə görəmi şiədirlər?! Əlbəttə, məqsədimiz belə işləri gözdən salmaq deyil, amma bu dəstə, şiəlikdən bu qədər anlayıblar və hədisdə qeyd olunan xüsusiyyətlərdən onlarda bir iz yoxdur (16).


5. Əhli-beyt (ə) maarifinin öyrənənlər, dərin mənimsəyənlər – həqiqi şiələr
Ayətullah Məkarim Şirazi elm təhsili və İslam elmlərini mənimsəmək prinsipinə təkid edərək, Əhli-beyt (ə) maarifinin öyrənilməsini həqiqi şiələrin ən mühüm spesifikliklərindən saydı və buyurdu: Həqiqi şiələr, ilahi maarif və Əhli-beyt (ə) kitablarını tanıyan kəslərdir. Onların proqramları sözügedən hədisdə deyilən keyfiyyətlərdir (17).


Şiə təlimlərinin çiçəklənməsi, xüsusilə İmam Baqirin (ə) elmi məktəbi elm, rasionallıq və düşüncə mehvəri əsasındadır. Belə ki, əhli-sünnənin böyük alimləri İmam Baqirlə (ə) İmam Sadiqin (ə) şagirdlərindən, dostlarından və yaxın səhabələrindən olmuşdur, o cümlədən Əbu İshaq, İbrahim ibn Məhəmməd İbn Əbu Yəhya və s. onlardan dərs almış və hədis nəql etmişlər. Bu üzdən Şafei, İbn Əsbəhani kimi şəxslər təəssübdən kənar olaraq İbrahim ibn Məhəmmədin düzgülüyünü, yalançı olmadığını, saxta və yanlış hədis yazmadığını təsdiq etmişlər (18), (19).

 

Son söz
İmam Baqirin (ə) elmi məktəbinin şagirdlərinə müraciət
Məkarim Şirazi cənabları bir açıqlamasında İmam Baqir (ə) və İmam Sadiqin (ə) elmi strategiyasının davam etdirilməsində dini tələbələrin əsas vəzifəsinə təkid edərək buyurdu: Besət və peyğəmbərliyin əsası elm və bilikdir. Özü də qaranlıq və zülmət cəhalət mühitində. Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbər olaraq seçdi ki, kitab, elm və hikmət öyrətsin, nəfsi saflaşdırmanı, qəlbin paklanmasını həyata keçirsin. Allah Qurani-kərimdə buyurur: “Allah yeri və göyü ona görə yaratdı ki, insan bu aləmdə elm və biliklər qazansın və Allahın əzəmətini dərk etsin.”


Dini elmləri öyrənən tələbələr dini elmləri mənimsəmə yolunda belə bir uğura imza atdıqlarından dolayı Allaha şükür etməlidirlər. Sizlər İmam Məhdinin (əc.) əsgəri, İmam Baqir (ə) və İmam Sadiqin (ə) şagirdlərisiniz. Biz daima İmam Baqir (ə) və İmam Sadiqin (ə) süfrəsi kənarında əyləşmişik və hər gün onların elm və biliyindən bəhrələnirik (20). Ümidvarıq, Allah-taala öz rəhmətini bizə davamlı edər, biz də onların proqramlarını davam etdirər və qiyamətdə onların şəfaətinə nail olarıq (21).


Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
Əlaqədar şəkilləri görmək üçün buraya basın
1-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, 13/11/2010
2-    Ayətullah Məkarim Şirazi çıxışı, fiqhin ali mühazirələri, 13/11/2010
3-    Yenə orada
4-    “Etiqadımız”, səh. 122
5-    Ayətullah Məkarim Şirazinin “İmam Baqirin (ə) məsihi yepiskopu ilə Şamda münazirəsi” adlı yazılı hədisi, 13/10/2013
6-    Ayətullah Məkarim Şirazinin “İmam Baqirin (ə) məsihi yepiskopu ilə Şamda münazirəsi” adlı yazılı hədisi 13/10/2013
7-    “Biharul-ənvar”, c. 65, səh. 180
8-    Müyəssir ibn Əbdüləziz Nəcəfi İmam Baqirin (ə) tanınmış səhabələrindən idi və rical kitablarında da vəsf edilmişdir. İmam Baqirin (ə) Müyəssir barəsində bir cümləsi vardır: “Ey Müyəssir! Bir neçə dəfə əcəlin (ölümün) gəlib çatmışdı, qohumlarına baş çəkib onların müşküllərini həll etdiyin üçün Allah onu təxirə saldı.”
9-    “Hidayət çırağı”, səh. 15
10-    “Hidayət çırağı”, səh. 16
11-    Yenə orada
12-    “Hidayət çırağı”, səh. 17
13-    Yenə orada
14-    “Hidayət çırağı”, səh. 18
15-    “Hidayət çırağı”, səh. 19
16-    “Hidayət çırağı”, səh. 19
17-    Yenə orada
18-    “Nəcaşinin ricalı”, c. 1, səh. 85
19-    “Müqayisəli fiqh ensiklopediyası”, c. 1, səh. 242
20-    Ayətullah Məkarim Şirazinin bir qrup İsfahan tələbəsi ilə görüşü zamanı çıxışında, 04/03/2007
21-    Yenə orada

 

captcha