Ayətullah əl-uzma Məkarim Şirazinin çıxışının tam mətni

Ayətullah əl-uzma Məkarim Şirazinin çıxışının tam mətni


Şiə dünyasının mərcəyi-təqlidi dedi: Bütün dünyanın siyasi liderlərindən istəyirik ki, təkfirçi qruplaşmalarına maddi, siyasi və mediya dəstəyi verən ölkələri boykot edib, onlara təzyiq göstərsinlər. Ona görə ki, dünyanı yandırıb yaxan təkfir fitnəsinin tezliklə, onları da haqlayacağına əmin olsunlar.‌

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi – İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransın xəbər bürosunun hesabatına əsasən, Ayətullah Nasir Məkarim Şirazi bu gün səhər, “İmam Kazim (ə)” adına mədrəsədə təşkil olunan konfransda çıxışında dedi: Bu konfrans siyasi deyil, sırf elmi toplantıdır.
O, əlavə etdi: İslam dünyası alimlərinin bir araya gəlməsi və dünyanı təkfirçi cərəyanlardan təmizləməsi lazımdır. İslamı zorakı, qatil dini kimi tanıtdıranların bizdən olmadığını isbat etməliyik.

Şiə dünyasının mərcəyi-təqlidi təkfirçi cərəyanların İslam düşmənlərinin əlinə ən pis bəhanələr verdiyini bəyan edərək, bunları xatırlatdı: İslam peyğəmbəri (s) “aləmlərə dəhşət” nümunəsi olan təkfirçilərin tam əksinə olaraq, aləmlərə rəhmət idi.
O, sözünə davam etdi: “Bəqərə” surəsinin 84-cü ayəsində Allah-taala buyurur ki, bütün dünya əhalisi ilə xoş danışaq, onlarla xoş rəftar edək, bizə düşmənçilik edənlər istisnadır.

Ayətullah Məkarim Şirazi bəyan etdi ki, Məhəmməd Mustafanın (s) gətirdiyi İslamın azğın, qafil təkfirçilərin dediyi “İslam”la tam ziddiyyətli olduğunu və bu ikisi arasında heç bir əlaqənin olmadığını bütün dünya əhlinə elan etmək olar.
Mərcəyi-təqlid təkfirçi cərəyanlara işarə edərək, dedi: Baş kəsmək, qəfəsə salıb yandırmaq və bu işləri görərkən “Allahu Əkbər” şüarı demək, milyonlarla məzlum insanı pərən-pərən salmaq, onları əcnəbi dövlətlərə sığınmağa məcbur etmək, məscidləri partlatmaq, İslam şəxsiyyətlərinin qəbirlərini və tarixi əsərləri dağıtmaq, iqtisadi strukturları çökdürmək, İslam ölkələrini məhv etmək üçün yadlardan dəstək almaq, müsəlmanlarla heç bir qarşıdurması, problemi olmayan qeyri-müsəlman qrupların İraqda, Suriyada və Nigeriyada qətli təkfirçi cərəyanların üzə çıxmasının bəzi acı nəticələridir.
O, əlavə etdi: Qurani-Kərim dəfələrlə təkid edir ki, sizinlə vuruşmayan kəslərlə siz də vuruşmayın, onlara qarşı ədalətlə davranın, çünki Allah ədalət və mərhəməti sevir.
Ayətullah Məkarim Şirazi qeyri-müsəlmanlara təcavüzün yolverilməz olduğunu bəyan etməklə yanaşı dedi: Hətta, müsəlmanlarla vuruşmayan kəslərlə də, sülh müqaviləsi bağlamaq olar. Lakin təkfirçi qruplaşmalar bütün dünyaya bir növ təhlükə hissi aşılayıblar. Ona görə ki, heç bir qanuna, etik və humanist proqrama bağlı deyillər, kiçiyə-böyüyə rəhm göstərmirlər.

Qum elmiyyə hövzəsinin dəyərli ustadı bunları xatırlatdı: Bəziləri təkfirçiləri İslamın əvvəllərindəki Xəvariclərə bənzədirlər, halbuki keçmiş Xəvariclər belə cinayətlərə əl atmırdılar. Onlar bütün bu qətilləri, viran qoymaları və vəhşilikləri həyata keçirmədilər. Qeyri-müsəlman qadınları bazara aparıb satmadılar, “Cihad nigahı” kimi çirkin pozğunluğu ortaya atmadılar, müqəddəs məscid və qəbirləri xaraba qoymadılar.
O, müasir xəvaricin İslamın əvvəlindəki Xəvaricdən qat-qat daha təhlükəli və ziyanlı olduğunu bəyan edərək, təki etdi: İslam alimlərinin vəzifələri əl-ələ verib bu azğın fikirlərin kökünü məntiq və sübut əsasında qurutmaq istiqamətində bir iş görməkdir.

Ayətullah Məkarim Şirazi təkfirçilərin ədavətinin təkcə Əhli-beyt (ə) məktəbinin ardıcılları ilə olmadığını bəyan edərək, aydınlıq gətirdi: Onlar azğın əqidələrini qəbul etməyən bütün İslam təriqətləri ilə müxalifdirlər və onları kafir sayır, qanlarını halal bilirlər.
Şiə dünyasının mərcəyi-təqlidi əlavə etdi: Vəhhabilərin etiqadına görə müxtəlif bölgələrdəki müsəlmanların hamısı kafir, müşrikdirlər. Elə bir həddə ki, küfürləri qan və mallarının mübah olmasına səbəb olmuşdur. Bu qəbildən olan sözlər Məkkə və Mədinə alimlərinin vasitəsilə canlarını qorumaqdan ötrü qılınc sayəsində imzalandı.
Məkarim Şirazi cənabları bütün müsəlmanları təkfir etməyin vəhabbilərin işi olduğunu bildirərək, sözünə davam etdi: Məhəmməd ibn Əbdülvəhhab vəhhabilik təriqətinə daxil olmayan şəxsi kafir və müşrik bilərək, müsəlman və qeyri-müsəlman da daxil olmaqla bütün dünya əhlinə müharibə elan etdi.

O, aydınlıq gətirdi: İslam dünyasında təkfir məsələsi o qədər irəli gedib ki, hətta vəziyyəti Avropada inkvizisiyadan da pis edərək, İslam və müsəlmanların heysiyyətinə böyük zərbələr varid etmişdir. Ayələrin təfsirində yanlışlıq, elmi bazanın olmaması, dünya reallıqlarından və Quran ayələrinin mənalarından xəbərsizlik vəhhabi müftiləri tərəfindən qorxunc fətvaların verilməsinə səbəb olan amillərdəndir.
Ayətullah Məkarim Şirazi təkfirin qaynağına, tövhid və şirk məsələsində vəhhabilərin böyük səhvinə işarə etdi və dedi: Quran və sünnə baxımından vəhhabilərin bariz səhvləri onları bütün müsəlmanları təkfir etməyə sürüklədi; onların təsəvvürünə görə peyğəmbərlərə, din böyüklərinə hər növ təvəssül, onlardan hacət diləmək Allah yanında şəfaət diləmək qəsdilə olsa belə, küfr və şirkdir. Hətta küfrün bir neçə mənası olmasından belə qafildirlər.

Ayətullah Məkarim Şirazi əlavə etdi: Təkfirçilər İslamın bu təlimlərindən xəbərsizdilər; şirk, yəni kimisə Allaha tay bilmək, ilahi sifətləri başqaları üçün təsəvvür etmək, amma Allah dostunu Allah dərgahında şəfaətçi qərar vermək və onlardan bir işin həyata keçməsi üçün Allah dərgahında hacətinin dilə gətirilməsini istəmək elə tövhidin özü, dahası tövhidə təkiddir. Ona görə ki, hər şey Pərvərdigarın pak zatına qayıdır.
O dedi: 1400 ildir ki, əksər müsəlmanlar peyğəmbərlərin, məsum imamların (ə) pak qəbirlərinin ziyarətinə gedir və onlardan şəfaət diləyirlər. Görəsən, tarix boyu bütün bu müsəlmanlar kafir, qanları da mübahdır?!
Ayətullah Məkarim Şirazi İslam alimlərinin təkfirçi və vəhhabi xurafatları ilə mübarizəsinin vacibliyini bəyan edərək, bildirdi: Bütün müsəlman və qeyri-müsəlmanları İslamın nurani təlimləri ilə tanış etməli, təkfirçilərin cinayət və qantökmələrinin qarşısını almalıyıq.
Mərcəyi-təqlid davamında dedi: Bugün təkfirçilər İslam və bəşəriyyətin mühüm bəlasıdır və hamı onlara qarşı siyasi və hərbi yolun yetərsizliyinə inanır. Odur ki, təkfirçilərin kökünün kəsilməsi üçün elmi, mədəni və mediya fəaliyyətləri həyata keçirilməlidir.
O, bu istiqamətdə İslam alimlərinin üzərinə düşən vəzifələrinə işarə etdi və dedi: Bilmək lazımdır ki, əgər siyasi və hərbi təşəbbüslər müsəlman alimlərinin səyi ilə yanaşı olmadıqca, təkbaşına nəticə verməyəcək və hər keçən gün bu qruplaşmalara qafil şəxslər qoşulacaq. Buna əsasən, Qumda təşkil olunan ilk “Təkfirçi cərəyanların təhlükəsi ilə mübarizə” konfransın uğurlu təşkilindən sonra konfransın daimi katibliyini təsis etmək qərarına gəldik.

Ayətullah Məkarim Şirazi əlavə etdi: Bu katiblik təkfirçi cərəyanların təhlükəsi ilə mübarizə yönündə İslam dünyası alimləri ilə daimi əlaqələrin qurulması məqsədilə təşkil edilmişdir.


Bütün alimlərin, siyasətçilərin bu katibliyin elmi-mədəni məhsullarından daha çox yararlanacağına ümid edirik.
Şiə dünyasının mərcəyi-təqlidi bunları xatırlatdı: Ərəbistanın vəhhabi müftilərinə dostluq çərçivəsində tövsiyə edirəm ki, müsəlmanların təkfiri ilə nəticələnən təkfir tipli fikirləri öz dərslik kitablarından silsinlər, ümumiyyətlə, “qiblə əhli”ni təkfir etməkdən çəkinsinlər. Onlara tövsiyəm, hazırda da, elm ocaqlarında mövcud olan təkfirçi təlimləri tez bir zamanda toplayıb, bəyanatlarla təkfiri qınasınlar.
O, ən şücaətli şəxsin öz səhvini anlayıb ona etiraf edən, səhvini düzəldən kəs olduğunu bildirərək, dedi: Bütün dünyanın siyasi liderlərindən istəyirik ki, təkfirçi qruplaşmaları maddi, siyasi və mediya dəstəyi verən ölkələri boykot edib, onlara təzyiq göstərsinlər. Ona görə ki, dünyanı yandırıb yaxan təkfir fitnəsinin tezliklə onları da haqlayacağına əmin olsunlar, çünki təkfirçilər heç bir hədd-hüdud tanımırlar.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Xarici ölkə səfirlərindən və mediyalarından konfrans mesajını bütün İslam ölkələrinə, dünyanın bütün nöqtələrinə çatdırmalarını umuram ki, beynəlxalq müstəvidə bundan artıq qətillərin, amansızlıqların və təhlükənin şahidi olmayaq.
Mərcəyi-təqlid bütün bəşəriyyətin təkfirçi cərəyanların təhlükəsindən qurtuluşu üçün İran İslam Respublikasının səy göstərdiyini bildirərək, dedi: Bu tip cərəyanlarla elmi-mədəni mübarizənin dairəsi genişləndirilməlidir.
O, sonda dedi: Bizim təklifimiz, bu təhlükəli fenomenlə elmi-mədəni mübarizə məqsədilə müxtəlif dillərdə televiziya kanalının yaradılmasıdır və İslam ölkələrinin bunda payı olmalıdır. Biz də öz növbəmizdə dəstək verəcəyik ki, təkfirçilərin zahiri aldadıcı və cəlbedici şüarlarının həqiqi mahiyyəti bəlli olsun.
O, əlavə etdi: Hazırkı şəraitdə müsəlman təriqətləri arasında hər növ ixtilafa əl atmağı böyük günah bilirəm.

 

captcha