Qarşıdurma yaradan şəbəkələr düşmən muzdlusudur/ Təkfir təfəkkürünun kökü kəsilmədikcə, İslam dünyası dinclik görməyəcək.
Təkfirçilər müsəlmanların qanını töküb, İslam ölkələrinin təməllərini sarsıdır, düşmən müsəlmanları bir-birinin canına salıb, özü kənardan tamaşa edir. Təkfirçilər müsəlman sıralarında düşmənçilik yaradır və İslamın mahiyyətini dəyişdirərək, onu dünyaya zorakı, qantökən bir din kimi tanıtdırmağa çalışırlar.
Ayətullah Məkarim Şirazi Türkiyə Dini Qurumlar üzrə komitənin sədri ilə görüşündə, Allahın Rəsulunun (s) doğum günü ilə əlaqədar Türkiyə xalqını təbrik edib, onlara müvəffəqiyyət arzuladıqdan sonra İran və Türkiyə bir qonşu dövlət kimi bir çox yaxın və ortaq mədəniyyətə sahib olduqlarına təkid etdi. O əlavə edərək buyurdu: Əldə olunan məlumata görə, Türkiyədəki doxsan min İslam məscidindən, bir neçə yüzünün şiə məscidi olması və azad şəkildə öz təriqətlərinə aid əməlləri yerinə yetirə bilmələri, sevindirici haldır. Türkiyə əhalisinin 90%-i müsəlman və öz dinlərinə bağlıdır. Həmçinin, Türkiyədə təşkil olunan cümə namazları say baxımından misilsizdir. Türkiyə xalqı uzun keçmişi tarixi ilə İslamda və dünyada mühüm mövqeyə malikdir.
O, müsəlmanların bugünkü vacib məsələsinin təkfirçi təhdidləri olduğunu bildirərək, buyurdu: Təkfirçilər İslamın və dünyanın baş bəlasıdır, bunların kökünü kəsmək üçün İslam alimləri yekdil olmalıdır.
Ayətullah Məkarim Şirazi sözünün davamında buyurdu: Hərbi əməliyyatlar təkbaşına təkfirçilərin kökünü kəsə bilməz. Bununla yanaşı, İslam dünyasının alimləri də, təkfirçi təfəkkürü aradan qaldırmalıdır. Keçən il Qum şəhərində əzəmətli bir konfrans təşkil etmişdik; İslam alimləri və dəyərli müftiləri təkfirçiliklə mübarizə yönündə çıxışlar etdilər və İslamın dincliyi üçün təkfirçi təfəkkürün məhv edilməsi qənaətinə gəldilər.
O, ötən ilki konfransa bənzər təkfirçi təfəkkürü ilə mübarizədən ötrü konfransın təşkilindən danışdı və buyurdu: Təşkil olunacaq konfransda İslam dünyası alimləri təkfirçiliklə mübarizə yollarını araşdıracaqlar. İran və Türkiyə alimlərinin İslam dünyasının problemlərinin həlli istiqamətində çıxış yolu düşünəcəklərinə ümidvarıq.
Ayətullah Məkarim Şirazi bildirdi: Təkfirçilər müsəlmanların qanını töküb, İslam ölkələrinin təməllərini sarsıdır, düşmən müsəlmanları bir-birinin canına salıb, özü kənardan tamaşa edir, təkfirçilər müsəlman sıralarında düşmənçilik yaradır və İslamın mahiyyətini dəyişdirərək, onu dünyaya zorakı, qantökən bir din kimi tanıtdırmağa çalışırlar və bütün bunlar, dünya İslamı qəbul etməyə hazır olduğu bir vaxtda baş verir.
O, bunları da xatırlatdı: Amerikada ən çox satılan kitablardan biri də Qurani-kərimdir. Amerikalı politoloqlardan biri demişdi ki, Amerika xalqının azan səsi ilə yuxudan oyanacağını gözləməliyik. Lakin əfsuslar olsun ki, təkfirçilər bu inkişafın qarşısını aldılar. Onlar öz mənfur və çirkin hədəflərinə çatmaq üçün bəzən Quran ayələrindən istifadə edirlər. Halbuki, sözügedən ayələrin onların çirkin hədəfləri ilə heç bir əlaqəsi yoxdur.
O, davamında buyurdu: İslam dünyasının problemləri ilə mübarizənin ən gözəl yolu bütün sahələrdə Quran və sünnəni prinsip qərar verməkdir; İslam mərhəmət dinidir, İslam peyğəmbəri (s) isə “aləmlərə rəhmət”dir. Belə bir halda, rəhmət peyğəmbəri (s), təkfirçilərin bir qrup insanı qəfəsdə yandırmasına necə razı olar?!
İslam dünyası problemlərinin tam həlli yolu Quran və sünnəyə qayıtmaqdır.
Ayətullah Məkarim Şirazi təriqətlər arası ixtilafların problem yaratmadığını dilə gətirərək, dedi: Biz İranda əhli-sünnə ardıcılları ilə tam dostluq şəraitində yaşayırıq. Seçkilər dövründə əhli-sünnə də, şiələr kimi siyasi fəaliyyətlərdə iştirak edirlər.
O, sözünə bunu da əlavə etdi: Təriqətlər arası ixtilaflara əl atmaq İslam düşmənlərinin işidir. Düşmənin alətinə çevrilməmək üçün ayıq-sayıq olmalıyıq, müsəlmanlar arasındakı ixtilaflar olduqca azdır. Xoşbəxtlikdən, Türkiyədə mövcud təriqətlər arası ixtilaflar problemə zəmin yaratmamışdır. Bu da, Türkiyə xalqının yüksək mədəniyyətinin göstəricisidir.
Ayətullah Məkarim Şirazi düşmənin ikitirəlik yaradıb ixtilaf salmasına yardım edən bəzi xarici muzdlu kanalların mövcudluğunu dilə gətirdi və buyurdu: Biz belə kanalların əleyhinəyik. Bu kanallar şiəliklə heç bir əlaqəsi olmayan xarici qüvvələrə bağlı, düşmən muzdlularıdır. Bunlar, hətta şiə böyüklərinə qarşı bəzən hörmətsizlik edirlər.
30/12/2015