“Qədir” hədisi - Vilayətin canlı sənədi

“Qədir” hədisi - Vilayətin canlı sənədi


Misli görünməyən hücumlar!‌


Son zamanlar ölkədə mövcud olan açıq siyasi atmosferdə ölkənin cənub bölgəsində yaşayan əhli-sünnət mövləvilərindən bir qrupu vəhdət məsələsinə verdiyi iltizamların əksinə olaraq ölkənin rəsmi məzhəbinə – şiə əqidəsinə qarşı hücumlara başlamışlar. Onun bir nümunəsi İrşad (Maarif) nazirliyinin icazəsi ilə nəşr olunan “İslamın nidası” jurnalında çap olunmuş "Həzrət Zəhra (əleyha salam)-ın şəhadət əfsanəsi" adlı məqalə idi və biz də onun cavabını ciddiyyətlə vermişdik.

İndi bizə çatan məlumatlara görə cənubda yaşayan əhli-sünnət mövləvilərindən bir qrupu “Qədir” hədisi barəsində sirə, tarix və hədis kitablarında mövcud olan həqiqətlərdən tamamilə uzaq və yad olan təhrikedici sözlər danışmışdır. Bu sözlər bizi vadar etdi ki, “Qədir” hədisini daha şəffaf və qısa şəkildə irəli çəkərək, oxucu kütləsinin mühakiməsinə verək. Bu siz, bu da “Qədir” hədisi. Görək ölkənin rəsmi məzhəbi əleyhinə hücumlar hara qədər davam edəcəkdir? Nə vaxta qədər biz sükut etməliyik?!

Ön söz

Qədir adını hamımız eşitmişik. O, Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur:

Şimal istiqamətində bir yol Mədinəyə gedir;

Şərq istiqamətində bir yol İraqa gedir;

Qərb istiqamətində bir yol Misirə gedir,

Cənub istiqamətində bir yol Yəmənə gedir.

Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir. Lakin bir zamanlar İslam tarixinin ən böyük hadisələrindən birinin şahidi olmuşdur. O hadisə Əli (əleyhis-alam)-ın Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih)-in canişinliyinə təyin olunması idi. (Onuncu hicri ilinin Zil-həccə ayının 18-i).

Xəlifələr siyasi səbəblər üzündən bu böyük tarixi hadisəni xatirələrdən silmək istəsələr də, hal-hazırda bir çox təəssübkeş insanlar məlum dəlillərə əsasən onu məhv etmək, yaxud əhəmiyyətsiz qələmə vermək istəsələr də, bu hadisənin tarix, hədis və ərəb ədəbiyyatında ifa etdiyi geniş rol onu məxfi saxlamağı, yaxud tarix səhifəsindən silməyi mümkünsüz edir.

Siz qarşınızdakı məqalədə bu barədə mövcud olan elə mənbələr ilə qarşılaşacaqsınız ki, onların çoxluğundan heyrətə gələcək və özünüzdən soruşacaqsınız ki, bu qədər sübut və faktları olan tarixi hadisə nə qədər laqeydliyə və biganəliyə məruz qalmışdır?!

Ümidvarıq ki, əhli-sünnət qardaşlarının mənbələrindən əldə olunan bu faktlar və məntiqi təhlillər dünya müsəlmanlarının cərgələrinin bir-birinə daha da yaxınlaşmasına səbəb olacaq, keçmişdə biganəliklə yanından ötdükləri bu məsələ hamının, xüsusilə cavan nəslin daha artıq diqqət mərkəzində saxlanılacaqdır.

Vilayətin canlı sənədi

“Qədir” hədisi Əli (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra bilavasitə xilafət və vilayətinin əyani dəlillərindəndir. Bu hədis tədqiqatçıların nəzərini özünə daim cəlb etmiş hədislərdəndir. Amma təəssüflər olsun ki, həzrətin vilayəti barəsində yersiz mühakimə yürüdənlər bəzən hədisin sənədini qəbul edərək dəlalətində şəkk-şübhə yaratmış, bəzən də məlumatsızlıq üzündən onun sənədini sual altına aparmışlar.

Bu hədisin müxtəlif yönləri aydınlaşsın deyə, hər iki mövzu (sənəd və dəlalət) barəsində mötəbər və etimadlı faktlar təqdim etməliyik.

Qədirin qısa bəyanı

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in son həcc mərasimi – "həccətul-vida" onuncu hicri ilinin axırıncı ayında sona çatdı. Müsəlmanlar həcc əməllərinin o həzrətdən öyrənib onunla birlikdə yerinə yetirdilər. Bu zaman həzrət qərara aldı ki, Məkkədən Mədinəyə doğru yola düşsün. Hərəkət əmri verildi. Karvan Rabiğ adlı məntəqəyə (1) çatanda (Cöhfədən 3 mil məsafədə yerləşir(2)) Qədir-Xum adlı yerdə vəhy mələyi Cəbrəil  nazil olaraq həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə aşağıdakı ayə ilə xitab etdi:

يَا أيُّها الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إنْ لَمْ تَفْعَلْ فَمٰا بَلَّغْتَ رِسٰالَتَهُ وَ اللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ

“Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanları insanlara çatdır! Əgər (bunu) çatdırmasan, Allahın risalətini təkmil etməmişsən. Allah səni camaatdan (onların ziyanından)  qoruyacaqdır.”(3)

Ayənin bəyan tərzi göstərir ki, Allah-taala peyğəmbərlik vəzifəsinə bərabər olan və islam düşmənlərinin məyus, naümid olmasına səbəb olan böyük bir vəzifəni peyğəmbərin öhdəsinə qoymuşdur. Bundan da əlamətdar bir hadisə ola bilərdimi ki, yüz minlərlə insanın gözü önündə Əli (əleyhis-salam)-ı ümmətə rəhbər, xəlifə, canişin təyin etmiş olsun?!

Bu səbəbdən karvana dayanmaq göstərişi verildi. Öndəkilər ayaq saxladı, arxadakılar da gəlib onlara qoşuldu. Günorta zamanı hava həddindən artıq isti idi. Hətta camaatın bir qrupu əbalarının bir tərəfini başlarına, o biri tərəfini isə ayaqlarının altına salmışdılar. Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün ağaclardan birinin üzərinə çadır salıb kölgəlik düzəltdilər. O həzrət dəvələrin palanından düzəlmiş uca bir kürsüyə çıxaraq uca səslə xütbə oxudu. Xütbənin xülasəsi belədir:

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Qədir-Xumdakı xütbəsi

Həmd-səna yalnız Allaha məxsusdur! Ondan kömək istəyirəm, ona sitayiş edir və ona təvəkkül edirəm! Pis və yaramaz əməllərdən ona pənah aparıram! Elə bir Allah ki, ondan başqa heç bir hidayət edən, yol göstərən yoxdur! Hər kəsi o hidayət etsə, onu heç kəs zəlalətə sala bilməz. Şəhadət verirəm ki, ondan başqa heç bir məbud yoxdur. Məhəmməd də onun bəndəsi və peyğəmbəridir.

Ey insanlar! Yaxın zamanlarda Rəbbimin dəvətinə “ləbbeyk” deyərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız!

Sonra buyurdu: Mənim barəmdə necə fikirləşirsiniz? (Sizin qarşınızda vəzifəmi layiqincə yerinə yetirdimmi?)

Bu zaman, o həzrətin xidmətlərini təsdiqləyən gur səslər ucalmağa başladı:

–Biz şəhadət veririk ki, sən özünün ilahi risalət vəzifəni layiqincə yerinə yetirib səy göstərdin. Allah sənə xeyir mükafat versin!

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:

–Şəhadət verirsinizmi ki, aləmin pərvərdigarı yeganədir, Məhəmməd onun bəndəsi və peyğəmbəridir?! (Eləcə də şəhadət verirsinizmi ki,) başqa bir aləmdə behiştlə-cəhənnəmin əbədi həyat olduğunda şəkk-şübhə yoxdur?!

Dedilər:

 – Bəli, səhihdir, şəhadət veririk!

Sonra buyurdu:

 – Ey insanlar! Mən sizin aranızda iki nəfis və dəyərli əmanət qoyuram, görüm, məndən sonra bu ikisi ilə necə rəftar edəcəksiniz?!

Bu zaman bir nəfər ayağa qalxıb uca səslə dedi:

– İki dəyərli əmanət dedikdə məqsədin nədir?

Həzrət buyurdu:

 – Biri Allahın kitabıdır ki, onun bir tərəfi Allahın qüdrətli əlində, digər tərəfi isə sizin əlinizdədir. Digəri isə mənim əhli-beytim və itrətimdir. Allah mənə xəbər vermişdir ki, bu ikisi heç vaxt bir-birindən ayrılmayacaqdır. Ey insanlar! Quran və itrətimdən qabağa keçməyin və hər ikisinin fərmanlarına əməl etməkdə səhlənkarlıq etməyin, əks halda ziyana uğrayacaqsınız!

Bu zaman Əli (əleyhis-salam)-ın əlindən tutub o qədər yuxarı qaldırdır ki, hər ikisinin qoltuğunun altındakı ağlıq görünməyə başladı. Onu camaata təqdim edərək buyurdu: – Möminlərə, onların özlərindən daha layiqi kimdir?

Dedilər: – Allah və Peyğəmbəri daha yaxşı bilir!

Peyğəmbər buyurdu: – Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat:

مَنْ كُنْتُ مَوْلاهُ فَهٰذا عَلِىٌّ مَوْلاهُ اَللّهُمَّ وٰالِ مَنْ وٰالاهُ وَ عٰادِ مَنْ عٰادٰاهُ وَاحِبَّ مَنْ أحِبَّهُ وَ أَبْغِضْ مَنْ أَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ وَ أَدِرِ الْحَقَّ مَعَهُ حَيثُ ٰدارَ

“Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. (4) Pərvərdigara! Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə! Ona kömək edənlərə kömək et, köməyini əsirgəyənlərdən köməyini əsirgə! O hər yerdə olsa, haqqı onunla birlikdə dövr etdir!” (5)

Yuxarıdakı xütbəyə dərindən diqqət yetirdikdə başdan-başa (6) Əli (əleyhis-salam)-ın imamətinə dair əyani şahidlər diqqət çəkir (bu söhbətin şərhinin tezliklə qeyd edəcəyik).

“Qədir” hadisəsinin əbədiliyi

Allahın həkimanə iradəsi tələb etmişdir ki, tarixi “Qədir” hadisəsi bütün əsr və zamanlarda canlı bir tarix sürətində qalsın, insanların qəlb və ruhu ona doğru cəzb olsun. İslam yazıçıları bütün əsirlər boyu təfsir, tarix, hədis, kəlam kitablarında ondan söz açsın. Natiqlər öz nitq və nəsihətli moizələrində onun barəsində danışsın və onu imam Əli (əleyhis-salam)-ın inkar olunmaz fəzilətlərindən saysın.

Təkcə vaizlər və natiqlər deyil, hətta şairlər də bu hadisədən ilham alaraq öz ədəbi zövqlərini işə salmış, bu hadisə ilə əlaqədar təfəkkürlərini vilayət sahibinə bəslədikləri xalis duyğulardan rövnəqləndirmiş, ən ali şerləri müxtəlif qaliblərdə və müxtəlif dillərdə yadigar qoymuşlar. (Mərhum Əllamə Əmini islam tarixi boyu Qədiriyyə şerlərinin mühüm hissəsini – şairlərinin həyat və yaradıcılığından geniş bəhs açmaqla – 11 cildlik “Əl-Qədir” kitabında qeyd etmişdir.)

Başqa sözlə desək, dünyada çox az tarixi hadisə tapmaq olar ki, “Qədir” hadisəsi qədər müxtəlif təbəqələrin: mühəddislərin, müfəssirlərin, mütəkəllimlərin, filosofların, xətiblərin, şairlərin, tarixçilərin və sirə yazanların diqqət mərkəzində olmuş olsun.

Bu hədisin ölməzlik səbəblərindən biri də onun barəsində iki ayənin (7) nazil olmasıdır. Nə qədər ki, Quran əbədidir, bu tarixi hadisə də heç vaxt insanların zehnindən xaric olmayacaqdır.

Ən başlıcası, tarixə müraciət etməklə aydın olur ki, Zil-həccə ayının 18-ci günü müsəlmanlar arasında “Qədir-Xum” bayramı kimi məşhur olmuşdur. Hətta İbni Xəlkan, Əl-Mustəla ibn Müstənsər barəsində yazır: “487-ci ilin Qədir-Xum günündə yəni, Zil-həccənin 18-ci günündə camaat ona beyət etdi.” (8) Əl-müstənsər-billah əl-Əbidi barəsində də yazır: “O, 487-ci ilin Zil-həccə ayının sonuna 12 gün qalmış vəfat etdi. O gecə Zil-həccə ayının 18-i yəni, Qədir-Xum bayramının gecəsidir.” (9)

Əbu Reyhan Biruni “Əl-Asarul-baqiyə” kitabında Qədir-Xum bayramını bütün müsəlmanlar tərəfindən keçirilən bayramlar sırasında qeyd etmişdir. (10)

Təkcə İbn Xəlkan və Əbu Reyhan Biruni deyil, məşhur əhli-sünnət alimlərindən biri olan Səaləbi də “Qədir” gecəsini islam ümməti arasında məşhur gecələrdən biri kimi qeyd etmişdir. (11)

Bu islami bayramın kökü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövrünə qayıdır. Çünki, həmin gün Peyğəmbər mühacir və ənsara, hətta öz həyat yoldaşlarına belə göstəriş vermişdi ki, Əlinin hüzuruna gedərək imamət və vilayətinə görə onu təbrik etsinlər.

Zeyd ibn Ərqəm nəql edir: “Mühacirlərdən Əbubəkr, Ömər, Osman, Təlhə və Zübeyr Əliyə beyət edən ilk şəxslər idilər. Beyət və təbrik mərasimi gün batana qədər davam etdi.” (12)

Hədis ravilərindən 110 nəfər

Bu tarixi hadisənin əhəmiyyəti ilə bağlı bunu qeyd etmək kifayətdir ki, onu peyğəmbər səhabələrindən 110 nəfər nəql etmişlər. (13)

Əlbəttə, bu o demək deyildir ki, o çoxsaylı insanlardan yalnız bunlar həmin hadisəni nəql etmişlər; əksinə məqsəd budur ki, təkcə əhli-sünnət alimlərinin kitablarında 110 səhabənin adı diqqət çəkir.

Tabein dövrünə məxsus, islam tarixi ilə ikinci əsrdə o hədisi 89 nəfər nəql etmişdir.

“Qədir” hədisinin nəqli sonrakı əsrlərdə də əhli-sünnət alimlərinin payına düşür. Onlardan 360 nəfəri bu hədisə öz kitablarında yer vermişdir. Bir çoxları hədisin sənədinin möhkəm və səhih olmasına etiraf etmişlər.

Bəziləri də bu hədisi nəql etməklə kifayətlənməmiş, əlavə olaraq onun sənəd və məzmunu barəsində müstəqil kitablar yazmağa cəhd etmişlər.

Qəribədir ki, böyük islam tarixçisi Təbəri “Əl-vilayətu fi turuqi hədisil-ğədir” adlı bir kitab yazmış və bu hədisi 75 yolla Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir.

İbn Uqdə Kufi “Vilayət” adlı risaləsində bu hədisi 105 nəfərdən nəql etmişdir.

Əbubəkr Məhəmməd ibn Ömər Bağdadi (Cəm’ani adı ilə məşhurdur) bu hədisi 25 yolla nəql etmişdir.

Məşhur əhli-sünnət alimlərindən:

Əhməd ibn Hənbəl Şeybani

 İbn Həcər Əsqəlani

 Cəzri Şafei

 Əbu Səid Səcistani

 Əmir Məhəmməd Yəməni

 Nisai, Əbul-Əla Həmədani

 Əbul-İrfan Həbban

bu hədisi müxtəlif sənədlərlə (14) nəql etmişlər.

Şiə alimləri də bu tarixi hadisə ilə əlaqədar çoxlu dəyərli kitablar yazaraq, əhli-sünnətin mühüm mənbələrinə işarə etmişlər. Onların da ən geniş və əhatəlisi böyük İslam alimi mərhum Əllamə Əmini (r) tərəfindən qələmə alınan “Əl-Qədir”dir. (Biz bu hissəni yazarkən o kitabdan çox istifadə etmişik.)

Beləliklə, peyğəmbər (səlləllahu əleyhi və alih) Əli (əleyhis-alam)-ı öz canişini təyin etdikdən sonra buyurdu: “Ey insanlar! İndi vəhy mələyi nazil olaraq bu ayəni gətirdi:

اَلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَ رَضيتُ لَكُمُ الإِسْلامَ ديناً

“Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi sizə tamamladım və İslamı bir din olaraq sizin üçün seçib bəyəndim.” (15)

Bundan sonra, peyğəmbərin təkbir (Allahu əkbər) səsi ucaldı və o buyurdu: “Allaha şükür edirəm ki, öz ayinini ilə kamil etdi, öz nemətini kamala çatdırdı, məndən sonra Əlinin vilayət və canişinliyinə razı oldu.”

Sonra həmin uca yerdən endi və Əli (əleyhis-salam)-a buyurdu:

– Xeymədə (çadırda) otur, İslamın bariz şəxsiyyət və başçıları sənə beyət edərək (bu məqam münasibəti ilə səni) təbrik etsinlər.

Hamıdan öncə Şeyxlər – Əbubəkr və Ömər Əlini təbrik edərək onu özlərinin mövlaları adlandırdılar. Həssan ibn Sabit fürsəti qənimət sayaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən icazə aldı və həzrət Əli (əleyhis-salam)-ın hüzurunda şer oxumağa başladı. Burada onun yalnız iki beytini qeyd etməklə kifayətlənirik:

فَقٰالَ لَهُ: قُمْ يٰا عَلِىُّ فَاِنَّنِى                رَضِيْتُكَ مِنْ بَعْدِى إِمٰاماً وَ هٰادِياً

فَمَنْ كُنْتُ مَوْلاَهُ فَهٰذٰا وَلِيُّهُ                فَكُونُوا لَهُ اَتْبٰاعَ صِدْقٍ مَوٰالِياً

“Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni öz canişinim və özümdən sonra camaatı hidayət edən qərar verdim.

Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. Siz səmimi qəlbdən onu sevə-sevə  onun ardıcılları olun.” (16)

Bu hədis İmam Əli (əleyhis-alam)-ın bütün səhabələrdən üstün və fəzilətli olmasına dair ən tutarlı dəlil və ən böyük şahiddir.

Hətta Əmirəl-möminin Əli (əleyhis-salam) özü də ikinci xəlifənin vəfatından sonra təşkil olunan xilafət şurasında (17), habelə Osmanın xilafəti və öz xilafəti dövründə, ona istinad etmişdir. (18)

Bundan əlavə, böyük İslam şəxsiyyətləri, o cümlədən Fatimeyi-Zəhra (əleyha salam) müxaliflərin və Əli (əleyhis-alam)-ın vilayət və yüksək məqamını inkar edənlərin qarşısında daim bu hədisə istinad edirdi. (19)

“Mövla” dedikdə məqsəd nədir?

Burada mühüm məsələ “mövla” kəlməsinin təfsir və izahıdır. Bu söz tam aydın olsa da, ona qarşı lazımi diqqət göstərilməmişdir. Çünki, qeyd olunanlardan əlavə, hədisin sənədinin qəti olmasında heç bir şəkk-şübhəyə yer qalmır.

Buna görə də bəhanə axtaranlar onun məzmun və məfhumunda şəkk-şübhə və münaqişə yaratmaq istəmiş, xüsusilə “mövla” kəlməsinə dair şübhələrdən çəkinməmişlər.

Amma qətiyyətlə söyləmək lazımdır ki, “mövla” kəlməsi bu hədisdə, hətta əksər hallarda birdən artıq məna kəsb etmir, "daha artıq ixtiyar sahibi və daha layiqli" mənasında, başqa sözlə "başçı" və "qəyyum" mənasında işlənir. Quranda da bir çox ayələrdə “mövla” kəlməsi "qəyyum" və “daha artıq ixtiyar sahibi” mənasında işlənmişdir:

Mövla sözü Quranın 18 ayəsində və onun 10 dəfəsi Allah barəsində işlənmişdir. Aydındır ki, Allah barəsində işlənərkən “mövla” sözü "qəyyum" və hər bir şeyə onun özündən artıq ixtiyar sahibi olması mənasına, çox cüzi hallarda isə dostluq mənasına işlənir.

Buna əsasən, “mövla” sözünün ilk növbədə “daha artıq ixtiyar sahibi və daha layiqli” mənasına işlənməsində şəkk-şübhə yoxdur. “Qədir” hədisində də “mövla” kəlməsi məhz həmin mənadadır. Bundan əlavə, çoxlu sübut və faktlar da mövcuddur ki, bu sözün "daha artıq ixtiyar sahibi", "başçı" və "qəyyum" mənasında işləndiyini göstərir.

Bu müddəanın doğruluğuna dair sübutlar

Fərz edin ki, “mövla” sözü lüğətdə müxtəlif mənalarda işlənir. Lakin “Qədir” hədisində və bu böyük tarixi hadisədə mövcud olan çoxlu faktlar hər növ şəkk-şübhəni aradan qaldırıb məsələni hamıya sübut edir.

Birinci fakt

Qeyd etdiyimiz kimi, tarixi “Qədir” hadisəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in şairi Həssan ibn Sabit icazə alaraq ayağa qalxdı və həzrətin kəlamının məzmununu nəzmə çəkib şer formasına saldı. Fəsahət və bəlağət bulağından su içmiş, ərəb dilinin incəlik və sirlərinə agah olan bu şəxs “mövla” kəlməsinin yerinə imam və hadi (hidayətçi) kəlmələrindən istifadə etmişdir:

فَقٰالَ لَهُ: قُمْ يٰا عَلِىُّ فَاِنَّنِى                رَضِيْتُكَ مِنْ بَعْدِى إِمٰاماً وَ هٰادِياً

“Peyğəmbər Əliyə buyurdu: Ey Əli! Ayağa qalx mən səni özümdən sonra ümmətimin imamı və hidayətçisi seçdim.” (20)

Aydındır ki, o, Peyğəmbərin kəlamındakı “mövla” sözündən imamət, rəhbərlik və hidayətçi məqamından başqa bir şey başa düşməmişdi. Qeyd etmək lazımdır ki, Həssan ərəb dilçilərindən, fəsahət-bəlağət ustadlarından sayılırdı.

“Mövla” kəlməsindən bu mənanı başa düşən Təkcə şöhrətli ərəb şairi Həssan deyildi; ondan sonra ədəbiyyatçı, məşhur şair, ərəbşünas sayılan böyük islam şairlərinin çoxu da bu sözdən Həssanın başa düşdüyü məhz həmin mənanı – imamət və rəhbərlik mənasını – başa düşmüşdülər!

İkinci fakt

Əli (əleyhis-salam) Müaviyələ yazdığı şerlərində “Qədir” hədisi barəsində belə buyurur:

وَ أَوْجَبَ لِى وِلايَتَهُ عَلَيْكُمْ                            رَسُولُ اللّهِ يَوْمَ غَدِيرِ خُمٍّ

“Peyğəmbər “Qədir” günündə öz vilayətini mənim üçün sizə vacib etdi”. (21)

İmamdan da yüksək bir şəxs hədisi bizim üçün təfsir edərək “Peyğəmbər “Qədir” günü vilayəti hansı mənaya buyurmuşdur?” – deyə buyura bilərmi?! Bu təfsir “Qədir” günündə iştirak edənlərin hamısının zehinlərindən İslam cəmiyyətinə rəhbərlik və imamətdən başqa heç bir şey keçmədiyini göstərmirmi?!

Üçüncü fakt

Peyğəmbər (səlləllahu əleyhi və alih) “Mən kuntu movlahu...” cümləsindən əvvəl aşağıdakı sözləri irəli çəkib onlardan iqrar aldı:

اَلَسْتُ أَوْلَى بِكُمْ مِنْ أَنْفُسِكُمْ

“Mən sizin özünüzə, özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?!”

Həzrət bu cümlədə “nəfs – can barədə daha üstün və ixtiyar sahibi olmaq” kəlməsindən istifadə etdi, bütün insanlardan, özünün onların “mövlası” olması barədə iqrar aldı və dərhal sonra buyurdu:

مَنْ كُنْتُ مَوْلاهُ فَهذا عَلِىٌّ مَولاهُ

“Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”

Bu iki cümlənin ardıcıl qeyd edilməsində məqsəd nədir? Məgər Peyğəmbərin Qurana əsasən malik olduğu həmin məqamları Əli üçün də sübut etmirmi?! Bu fərqlə ki, o Peyğəmbərdir, Əli isə imamdır. Nəticədə, hədisin mənası belə olur: “Mən hər kəs üçün onun özündən artıq ixtiyar sahibiyəmsə, Əli də onun üçün ixtiyar sahibidir.” (22) Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bundan başqa məqsədi olsaydı, özünün “övla” olması barədə camaatdan iqrar almasına heç bir lüzum olmazdı. Peyğəmbərin bu bəyanını görməməzliyə vurmaq, bu qədər aşkar faktların yanından asanlıqla ötüb keçərək gözlərini yummaq ən azı insafsızlıqdır!

Dördüncü fakt

Peyğəmbər (səlləllahu əleyhi və alih) əvvəlcə İslamın üç mühüm prinsipi barədə iqrar alaraq buyurdu:

أَلَسْتُمْ تَشْهَدُونَ أنْ لا إِلهَ إلاّ اللّهُ وَ أنَّ مُحَمَّداً عَبْدُهُ و رَسُولُهُ وَ أَنَّ الجنَّةَ حَقٌّ وَ النَّارَ حَقُّ

“Siz şəhadət vermirsinizmi ki, Allahdan başqa heç bir məbud yoxdur?! Məhəmməd onun bəndəsi və rəsuludur, behişt və cəhənnəm haqdır?!”

Bu iqrarı almaqda o həzrətin məqsədi nə idi?! Məgər bununla camaatın zehninə hazırlıq yaratmaq istəmirdimi ki, sonralar Əli (əleyhis-salam) üçün sübuta yetən məqam və mövqeyin əvvəlki etiqad prinsipləri ilə eyni səviyyədə olmasını başa düşsünlər və bilsinlər ki, onun vilayət və xilafətinə etiqad bəsləmək hamısının əvvəllər etiraf etdiyi üç dini prinsipə iqrar etməklə eynidir?! Əgər “mövla” dedikdə məqsəd “köməkçi” və ya “sevmək” olsaydı, bu cümlələrin arasındakı əlaqə pozular və kəlam özünün möhkəmliyini itirərdi.

Beşinci fakt

Peyğəmbər (səlləllahu əleyhi və alih) xütbənin əvvəlində özünün vəfatından xəbər verir və buyurur:

إِنِّي أُوْشِكُ أَنْ اُدْعٰى فَاُجِيبَ

“Yaxın zamanlarda mən (Allah dərgahına) dəvət olunacaq və bu dəvəti qəbul edəcəyəm.” (23)

Bu cümlə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in öz vəfatından sonra bir çarə fikirləşmək istədiyini, vəfatından sonra yaranacaq boşluğu doldurmaq fikrində olduğunu göstərir. Belə bir boşluğu yalnız hər cəhətdən layiqli və alim bir canişin təyin etməklə doldurmaq olardı ki, həzrətin vəfatından sonra ümmətin işlərini öhdəsinə götürsün. Bundan ayrı məqsəd ola bilməzdi.

Vilayət (mövla olmaq) sözü xilafətdən başqa mənaya yozulsa, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamları arasındakı məntiqi bağlılıq tamamilə pozula bilər. Halbuki, o, ən fəsahətli və bəlağətli bir şəxsdir. Vilayət məsələsinə dair bundan da aşkar bir dəlil ola bilərmi?

Altıncı fakt

Peyğəmbər (səlləllahu əleyhi və alih) “mən kuntu movlahu” cümləsindən sonra buyurur:

اَللّهُ أَكْبَرُ عَلىٰ إكْمٰالِ الدِّينِ وَ إتْمٰامِ النِّعْمَةِ وَ رِضَى الرَّبِّ بِرِسٰالَتِى وَ الْوِلايَةِ لِعَلىٍّ مِنْ بَعْدِى

“Allah böyükdür! Bu dini kamil etməsinə, öz nemətini tamam və kamal həddinə çatdırmasına, Pərvərdigarın mənim risalətimə və Əlinin məndən sonrakı vilayətinə (ümmətə rəhbərliyinə) razı olmasına görə!”

Əgər məqsəd ümmətin həzrət Əlini sevib məhəbbət bəsləməsi, ona kömək etməsi olsaydı, onda Əliyə məhəbbət və dostluq icad etməklə, ona kömək etməklə Allahın dini necə kamil ola və onun neməti son həddinə necə çata bilərdi? Ən aydın bəyan budur: “Allah mənim risalətimə və Əlinin məndən sonrakı vilayətinə razı oldu. (24) Bunların hamısı mövla sözünün xilafət mənasında işlənməsinə dair aşkar sübut deyildirmi?

Yeddinci fakt

Şeyxeynin – Əbubəkrlə Ömər, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in saysız-hesabsız səhabələri Peyğəmbər minbərdən enəndən sonra gəlib hamılıqla Əlini təbrik etdilər. Bu təbrik mərasimi gün batan vaxta qədər davam etdi. Bundan da aydın dəlil ola bilərmi? Belə ki, Şeyxeyn imam Əlini təbrik edərək aşağıdakı sözləri deyən ilk şəxslər olmuşdur:

هَنِيئاً لَكَ يٰا عَلِىَّ بْنَ أَبِِي طَالِبٍ أََصْْبَحْتَ وَ أَمْسَيْتَ مَوْلاىَ وَ مَوْلىٰ كُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍس

“Mübarək olsun, ey Əli! Mənim və hər bir imanlı kişi və qadının mövlası oldun!” (25)

O gün Əli (əleyhis-alam) hansı bir məqama nail olmuşdu ki, belə təbriklərə layiq görülürdü?! Görəsən, ümmətə rəhbərlikdən və xilafətdən başqa bir məqam idimi ki, o günə qədər rəsmi şəkildə elan edilməmişdi və belə bir təbrikə layiq görülürdü? Təbii ki, məhəbbət və dostluq təzə bir şey deyildi.

Səkkizinci fakt

Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqsədi Əli (əleyhis-alam)-a qarşı dostluq və məhəbbət olsaydı, bu məsələnin belə qızmar bir havada irəli çəkilməsinin əsla lüzumu olmazdı. (Belə ki, həzrət yüz min nəfərdən ibarət olan karvanı hərəkətdən saxladı və camaatı belə bir qızmar havada, isti qumların və daşların üzərində oturtdu, müfəssəl bir xütbə oxudu.)

Digər tərəfdən, məgər Qurani-kərim bütün inanclı cəmiyyətin üzvlərini bir-birinə qarşı qardaşlığa dəvət etmirmi?! Belə ki, buyurur:

إنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ

“Həqiqətən imanlı şəxslər bir-birinin qardaşıdırlar.” (26)

Məgər Quran başqa ayələrdə inanclı insanları bir-birinin dostu, himayədarı hesab etmirmi?! Əli də həmin imanlı cəmiyyətin bir üzvü idi, artıq bu dostluğun (xüsusi şəkildə Əliyə qarşı) elan olunmasında – məsləhətin fərz edildiyi təqdirdə – bu qədər müqəddimələrə, xütbə oxumağa ehtiyac yox idi. Bunu Mədinədə də elan etmək olardı. Qəti şəkildə demək lazımdır: məsələ o qədər mühüm idi ki, bu qədər müstəsna müqəddimələrə ehtiyac duyulurdu. Elə müqəddimələr ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyatında misilsiz idi və onun oxşarı heç vaxt görünməmiş, təkrar olunmamışdı.

İndi insafla mühakimə yürüdün

 Qeyd olunan aşkar faktlara əsasən, bir şəxs Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqsədində yəni, müsəlmanların xilafət və rəhbərlik məsələsində şəkk etsə, bu qəribə deyildirmi?! Şəkk-şübhə edənlər öz vicdanlarını necə qane edə bilirlər?! Qiyamət günündə Pərvərdigarın cavabını necə verəcəklər?

Qəti olaraq demək lazımdır ki, əgər bütün müsəlmanlar yersiz təəssübləri, ədalətsiz mühakimələri kənara qoyaraq “Qədir” hədisini yenidən araşdırsalar, gözəl nəticələr əldə edəcəklər ki, bu da müsəlmanların arasında daha artıq vəhdətə səbəb olacaq, İslam cəmiyyəti özünə yeni bir sima alacaqdır.

Sual:

Bəziləri deyirlər ki, möhtərəm prezident özünün seçki təbliğatı ilə bağlı etdiyi çıxışlarının birində “mövla” sözünü “dostluq” kimi təfsir etmişdir. Halbuki, onun özü də şiə ruhanisidir!

Cavab:

Belə deyildir. Çünki onun özü qısa zaman ərzində hər növ anlaşılmazlığı və müəmmanı aradan qaldırmaq üçün 1380-ci il xordad ayının 23-də sözlərinə aydınlıq gətirmiş və bu izahlar da bir çox nəşriyyələrdə çap olunmuşdur:

“Qədir-Xum” hadisəsi ilə əlaqədar əvvəllər dediyim sözü bir dəfə də təkrarlamağım yerinə düşərdi. Bu məsələnin Allahın dinində, xüsusilə İslam cəmiyyətinin ictimai həyatında mehr-məhəbbət yaratmaqda mühüm rolu vardır. O zaman və məkanın tələblərinə, eləcə də həmin gündə Əli ibn Əbi Talibə edilən beyətə diqqət yetirməklə, Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih)-in buyurduğu “Mən kuntu movlahu fəhaza Əliyyun movlahu” cümləsində “mövla” kəlməsini işlətməkdə məqsədi, şübhəsiz, İslam cəmiyyətinə rəhbərlik və vilayəti-əmr məsələsi olmuşdur. Biz şiələrin inandığı və mötəbər tarixi faktların təsdiqlədiyi kimi, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra bu məna onun böyük səhabələri tərəfindən qəbul olunaraq təsdiq edildi. Lakin eyni zamanda “Mövla” kəlməsinin seçilməsi xüsusi məna daşıyır və  bu sözə böyük uzaqgörənliklə yer verilmişdir. Tam qətiyyətlə demək olar ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) “əmir”, “qaid”, “rəhbər”, “sultan” kimi söz və ünvanlardan da istifadə edə bilərdi. Lakin “mövla” sözündə İslam hökumətinin əsaslarından biri sayılan rəhbərlik məsələsindən əlavə, dostluq və məhəbbət də vardır. Bu gün bizim xalqımız azad, abad, mənəviyyat, əxlaq və məhəbbətlə yanaşı tərəqqi etmiş bir cəmiyyət qurmaq istəyir.

Dolğun mənalı üç hədis

 

Bu məqalənin sonunda aşağıdakı dolğun mənalı üç  hədisi qeyd edirik:

1. Haqq kiminlədir?

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyat yoldaşları Ümmi Sələmə və Aişə onun belə buyurduğunu nəql edirlər:

عَلِىٌّ مَعَ الْحَقِّ وَ الْحَقُّ مَعَ عَلِىٍّ لَنْ يَفْتَرِقَا حَتَّى يَرِدَا عَلَىَّ الْحَوْضَ

“Haqq Əli ilə, Əli də haqq ilədir. Bunlar “Kövsər” hovuzunun kənarında mənim yanıma gəlincəyə qədər bir-birindən ayrılmazlar.”

Bu hədis məşhur əhli-sünnət mənbələrinin çoxunda qeyd olunmuşdur. Əllamə Əmini (r) bu mənbələri dəqiq şəkildə “Əl-Qədirin” 3-cü cildində bir yerə toplamışdır. (27)

Məşhur əhli-sünnət müfəssiri Fəxr Razi özünün “Təfsiri kəbir” adlı kitabında – “Həmd” surəsinin izahında yazır: “Əli ibn Əbu Talibə gəldikdə isə, o, “Bismillah”ı ucadan oxuyurdu. Bu məsələ mütəvatir şəkildə sübuta yetmişdir. Hər kəs dinində Əlinin yolu ilə getsə, hidayət olunar. Bunun dəlili də Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in buyurduğu kəlamdır:

اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَ عَلِىٍّ حَيْثُ دَارَ

“Pərvərdigara! Haqqı Əlinin vücudu ətrafında dolandır; Əli necə hərəkət edirsə, onu da elə dövr etdir!” (28)

Diqqət edin: Bu hədis buyurur ki, haqq mehvər kimi Əlinin ətrafına dolanır.

 

2. Qardaşlıq əhd-peymanı

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məşhur səhabələrindən bir qrupu aşağıdakı hədisi o həzrətdən nəql etmişlər:

آخَى رَسُولُ اللَّهِ (صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ) بَيْنَ اَصْحَابِهِ فَآخَى بَيْنَ اَبِى بَكْرٍ وَ عُمَرَ، وَ فُلاَنٍ وَ فُلاَنٍ، فَجَاءَ عَلِىٌّ (رَضِىَ اللَّهُ عَنْهُ) فَقَالَ آخَيْتَ بَيْنَ اَصْحَابِكَ وَ لَمْ تُوَاخِ بَيْنِى وَ بَيْنَ اَحَدٍ؟! فَقَالَ رَسُولُ اللَّهِ (صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ) اَنْتَ اَخِى فِى الدُّنْيَا وَ الْآخِرَةِ

Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələr arasında qardaşlıq əhd-peymanı bərqərar etdi. O cümlədən Əbubəkrlə Öməri, filankəslə filankəsi (bir-biri ilə münasib olan iki şəxsi) qardaş etdi. Bu zaman Əli Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəldi və dedi: “Ya Rəsuləllah! Hamının arasında əhd-peyman bağladın, lakin mənimlə bir kəsi qardaş etmədin?!” Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Sən dünya və axirətdə mənim qardaşımsan!”

Həmin məzmun buna oxşar cümlələrlə 49 mənbədə bəyan olunmuşdur. Bu hədislər əsasən əhli-sünnətə məxsus mənbələrdə qeyd olunmuşdur. (29)

Görəsən, Əli (əleyhis-alam)-la Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qardaşlıq əhd-peymanı onun bütün ümmətdən üstün və fəzilətli olmasına dəlil deyildirmi?! Əgər ondan da üstün bir şəxs olsaydı, üstün olmayan bir şəxslə qardaşlıq əhdi bağlayardımı?!

 

3. Yeganə nicat yolu

Əbuzər Kəbə evinin qapısından yapışaraq uca səslə deyirdi:

مَنْ عَرَفَنِى (فَقَدْ عَرَفَنِى) وَ مَنْ لَمْ يَعْرِفْنِى فَاَنَا اَبُوذَرٍّ، سَمِعْتُ النَّبِىَّ (صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ) يَقُولُ: مَثَلُ اَهْلِ بَيْتِى فِيكُمْ مَثَلُ سَفِينَةِ نُوحٍ، مَنْ رَكِبَهَا نَجَى وَ مَنْ تَخَلَّفَ عَنْهَا غَرِقَ

“Hər kəs məni tanıyıbsa tanıyır; hər kəs məni tanımırsa, bilməlidir ki, mən Əbuzərəm! Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu eşitmişəm: “Mənim Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir: hər kəs onunla olsa, xilas olar və hər kəs ondan ayrılsa, qərq olar.”

Bu hədisin mənbələri olduqca çoxdur. Vərəqaltı haşiyələrdə onlara işarə ediləcəkdir. (30)

Nuhun dövründə baş verən tufan yer kürəsinin səhifəsini bürüdüyü zaman xilas olmaq üçün Nuhun gəmisindən başqa heç bir vasitə yox idi. Hətta uca dağlar belə, onun gəmiyə minməyən oğlunu xilas edə bilmədi.

Görəsən, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra ümmətin xilas olmaq üçün (onun buyurduğu kimi) Əhli-beytə sarılmaqdan başqa bir yolu vardımı?!
 

1. Rabiğ – hal-hazırda Məkkə-Mədinə arasında yerləşən bir məntəqədir.

2. Ehramın miqatlarından biridir və keçmişdə Mədinənin, Misirin və İraqın yolları oradan ayrılırdı.

3. “Maidə” surəsi, ayə:  67

4. Peyğəmbər (səlləllahu əleyhi və alih) əmin olmaq üçün bu cümləni üç dəfə təkrar etdi ki, sonralar səhvə yol verməsinlər.

5. “Qədir” hədisinin bu hissəsi; eləcə də bəzən ikinci hissə olmadan birinci hissəsi, yaxud da əksinə, aşağıdakı ədəbiyyatda mövcuddur: “Müsnəd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 254; “Tarixi Dəməşq”, 42-ci cild, səh. 207-208 və 448; “Xəsais”, Nisai, səh. 181; Əl-mocəmul-kəbir”, 17-ci cils, səh.39; “Sunən” Tirmizi, 5-ci cild, səh.633; “Müstədək” Hakim, 13-cü cild, səh. 135; “Əl-mucəmul-ovsət”, 6-cı cild, səh. 95; “Müsnəd”, Əbu Yəla, 1-ci cild, səh. 280; “Əl-məhasin vəl-məsavi”, səh. 41; “Mənaqib”, Xarəzmi, səh. 104 və başqa kitablar.   

6. Bu xütbəni məşhur əhli-sünnət alimlərindən bir çoxu öz kitablarında qeyd etmişlər. O cümlədən: “Müsnəd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 84, 88, 118, 119, 152, 332, 281, 331 və 370; “Sünən” İbn Macə, 1-ci cild, səh. 55 və 58; “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 118 və 613; “Sünən” Tirmizi, 5-ci cild, səh. 633; “Fəthul-Bari”, 79-cu cild, səh. 74; “Tarixi Bağdad”, 8-ci cild, səh. 290; “Tarixul-xuləfa”, Süyuti, səh. 114 və başqa kitablar.

7. “Maidə” surəsi, ayə:  67 və 3.

8. “Vəfəyatul-əyan”, 1-ci cild, səh. 60.

9. “Vəfəyatul-əyan”, 2-ci cild, səh. 223.

10. “Əl-asarul-baqiyə”nin tərcüməsi, səh. 395; “Əl-Qədir”, 1-ci cild, səh. 267

11. “Simarul-qulub”, səh. 511

12. Ömər ibn Xəttabın Əli (əleyhis-salam)-a təbrik deməsi məsələsi əhli-sünnətin saysız-hesabsız mənbələrində qeyd olunmuşdur. O cümlədən: “Müsnədi Hənbəl”, 6-cı cild, səh. 401; “Əl-bidayətu vən-nihayə”, 5-ci cild, səh. 209; “Əl-fusulul-muhimmə”, İbni Səbbağ, səh. 40; “Fəraidus-simteyn”, 1-ci cild, səh. 71. Həmçinin Əbubəkrin, Ömərin, Osmanın, Təlhənin, Zübeyrin və başqalarının həzrəti təbrik etməsi çoxlu kitablarda qeyd olunmuşdur. O cümlədən, Əhməd ibn Məhəmməd Təbəri “Mənaqibu Əli ibn Əbi Talib” kitabında nəql etmişdir. (“Əl-Qədir” 1-ci cild, səh. 270)

13. Bu mühüm mənbələrin siyahısı bir yerdə qeyd olunacaqdır.

14. Bu sənədlərin məcmusu dəyərli “Əl-Qədir” kitabının 1-ci cildində mövcuddur və ümumi şəkildə əhli-sünnət mənbələrini bir yerə yığmışdır.

15. “Maidə”surəsi, ayə:  3

16. Həssanın şerləri çoxlu mənbələrdə qeyd olunmuşdur. O cümlədən: “Mənaqib”, Xarəzmi, səh. 135 “Məqtədul-Hüseyn”, Xarəzmi, 1-ci cild, səh. 47; “Fəraidus-simten”, 1-ci cild, səh. 73-74; Ən-nurul-muştəəl”, səh. 56, “Əl-mənaqib”, Kovsər, 1-ci cild, səh. 118 və 362

17. Bu ehticac (elmi mübahisə) aşağıdakı kitablarda vardır: “Mənaqib”, Əxtəb Xarəzmi Hənəfi, səh. 217; “Fəraidus-simteyn”, Həmvini, 58-ci bab; “Əd-durrun-nəzim”, İbn Hatəm Şami; “Əs-səvaiqul-muhriqə”, İbn Həcər Əsqəlani, səh. 75; “Əmali”, İbn Uqdə, səh. 7 və 212; "Nəhcul-bəlağə"nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 61; “İstiab”, İbn Əbdul-Birr, 3-cü cild, səh. 35; “Təfsir” Təbəri, 3-cü cild, səh. 418, “Maidə” surəsinin 55-ci ayəsinin təfsirində.

18. “Fəraidus-simteyn”, 1-ci simt, 58-ci bab; "Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh. 362; “Usdul-ğabə”, 3-cü cild, səh. 307, 5-ci cild, səh. 205; “Əl-isabə”, İbn Həcər Əsqəlani, 2-ci cild, səh. 408, 4-cü cild, səh. 80; “Müsnəd” Əhməd, 1-ci cild, səh. 84-88; “Əl-bidayətu vən-nihayə”, İbn Kəsir Şami, 5-ci cild, səh. 210, 7-ci cild, səh. 348; “Məcməuz-zəvaid”, Heytəmi, 9-cu cild, səh. 106; “Zəxairul-uqba”, səh. 67 və s. (“Əl-Qədir”, 1-ci cild, səh. 163-164)

19. “Əsnəl-mətalib”, Şəmsuddin Şafei, Səxavinin “Əz-zovul-lami” kitabından nəqlən: 9-cu cild, səh. 256; “Əl-bədruttale”, Şovkani, 2-ci cild, səh. 297; "Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 273; “Mənaqib”, Əllamə Hənəfi, səh. 130; “Bəlağatun-nisa”, səh. 72; “Əl-əqdul-fərid”, 1-ci cild, səh. 162; “Subhul-Əşa”, 1-ci cild, səh. 259; “Murucuz-zəhəb”, İbn Məsud Şafei, 2-ci cild, səh. 49; “Yənabiul-məvəddət”, səh. 486

20. Həssan ibn Sabitin bu şerləri ilə əlaqədar mənbələr əvvəldə qeyd olundu.

21. Mərhum Əllamə Əmini “Əl-Qədir”də 2-ci cild, səh. 25-30-da bu şeri digər beytləri əlavə etməklə şiə alimlərindən 11 və əhli-sünnət alimlərindən 26 nəfərdən nəql etmişdir.

22. “Ələstu ovla bikum min ənfusikum” cümləsini Əllamə Əmini 64 islam mühəddisi və tarixçisindən nəql etmişdir: 1-ci cild, səh. 371

23. “Əl-Qədir”, 1-ci cild, səh. 26, 27, 30, 32, 33, 34, 36, 47 və 176-ya müraciət edin. Bu mətləb əhli-sünnət mənbələrindəndir: “Səhih” Tirmizi, 2-ci cild, səh. 298; “Əl-fusulul-mühimmə”, İbn Səbbağ, səh. 25; “Əl-mənaqibus-səlasə”, Hafiz Əbul-Futuh, səh. 19; “Əl-bidayətu vən-nihayə”, İbn Kəsir, 5-ci cild, səh. 209, 7-ci cild, səh. 348; “Əs-səvaiqul-muhriqə”, səh. 25; “Məcməuz-zəvaid”, Heytəmi, 9-cu cild, səh. 165 və s.

24. Mərhum Əllamə Əmini hədisin bu hissəsinin mənbələrini 1-ci cild, səh. 43, 165, 231, 232, 233 və 235-də qeyd etmişdir. O cümlədən, “Əl-vilayə”, İbn Cərir Təbəri, səh. 310; “Təfsir”, İbn Kəsir”, 2-ci cild, səh. 14; “Əd-durrul-mənsur”, 2-ci cild, səh. 259; “Əl-itqan”, 1-ci cild, səh. 31; “Miftahun-nəcah”, Bədəxşi, səh. 220; “Ma nəzələ minəl-Quran fi Əliyyin”, Əbu Nəim İsfahani; “Tarixi Bağdad”, Xətib Bəğdadi, 4-cü cild, səh. 290; “Mənaqib” Xarəzmi, səh. 80; “Əl-xəsaisul-Ələviyyə”, Əbul-Fəth Nətənzi, səh. 43; “Təzkirə”, İbn Covzi, səh. 18; “Fəraidus-simteyn”, 12-ci bab

25. “Şeyxeynin” təbrik məsələsindən agah olmaq üçün “Əl-Qədir” 1-ci cild, səh. 270-283-ə baxa bilərsiniz ki, əvvəllər bu hədisin bir hissəsi qeyd olunub.

26. “Hücurat” surəsi, ayə:  10

27. Bu hədisi Məhəmməd ibn Əbubəkr, Əbuzər, Əbu Səid Xudri və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələrindən bir çoxları nəql etmişdir. (“Əl-Qədir”in 3-cü cildinə bax.)

28. “Təfsiri Kəbir”, 1-ci cild, səh. 205

29. Əllamə Əmini (r) bu 50 hədisin hamısını mənbələri ilə birlikdə tam dəqiqliklə “Əl-Qədir”in 3-cü cildində qeyd etmişdir.  

30. “Müstədrək”, Hakim Nişapuri, 2-ci cild, səh. 150 (Heydərabad çapı), əhli-sünnətin məşhur kitablarından ən azından 30 mənbəni də nəql etmişdir.
Nəşr tarixi: « 10/19/2013 2:33:15 PM »

captcha