Həzrət Peyğəmbərin (s) yeni İslam inqilabının naşıların əlinə düşməsinə iki problem səbəb oldu: birincisi, bütün səhabələrin ədalətli olması və digəri onların ictihadı. İkinci problem səhabənin ictihadı məsələsi idi. Belə ki, onlara hər növ cinayəti törətməyə haqq verirdi; beyəti pozmaqdan tutmuş Rəsulullahın (s) qızının evini yandırmağa kimi. Bu yalançı ictihad Cəməl döyüşünü başlatdı və on yeddi min nəfərin ölümünə gətirib çıxardı. Yaxud Siffin döyüşündə əhdi pozmaq nəticəsində yüz min müsəlman qanına qəltan oldu.
Ayətullah Məkarim Şirazi bu gün zöhr namazından sonra, “Əmirəl-möminin (ə)” mədrəsəsində keçirilən həzrət “Siddiqeyi-Kubra”nın (s) əza mərasimində bunları bildirdi: Bu gün Amerika prezidenti açıq-aşkar ikili siyasi strategiyadan danışır. O, Orta Asiyada iki projeni həyata keçirdiklərini iddia edir. Birincisi, Amerikanın birbaşa müdaxiləsi olmadan, amma kənardan dəstəyi olması şərti ilə azad ərəb NATO-sunun yaradılması və digəri Orta Asiyanı öz silahları ilə doldurub pullarını mənimsəməkdir.
O sözünə davam etdi: Suriya, Yəmən, şimali İraq yaxşı təcrübədir. Ərəb xalqları və dövlətləri buna qarşı laqeyd olmamalı, Amerika və siyonist rejimin toruna düşməməlidir.
O davamında dedi: Ərəb kralları görəsən nə düşünür?! Amerikanın nə planlar cızdığını düşünmürlərmi? Oyanın! Gözünüzün qabağında Suriya viran qaldı, otuz ildən sonra da abad olacağı bəlli deyil.
Ayətullah Məkarim Şirazi bildirdi: İraqın şimalına nəzər salın. Oradakılar sünni məzhəbindən olmalarına baxmayaraq, Amerika muzdurları hər yeri qana boyadılar və viran qoydular. Yəni, özlərinə belə rəhm etmirlər. İndi də ərəb NATO-su yaradıblar.
O sözünə əlavə etdi: Bu mesajı ərəb dünyasına çatdırın ki, başbilənləri bəlkə yuxudan ayıldı: İslam düşmənləri bütün İslam məmləkətlərini viran etməkdədir.
Ayətullah Məkarim Şirazi çıxışının digər hissəsində Peyğəmbərin (s) yeni İslam inqilabının naşıların əlinə düşməsinə iki problemin səbəb olduğunu önə çəkərək buyurdu: Birincisi bütün səhabələrin ədaləti və digəri onların ictihadı. Bəzilərinin etiqadına görə Peyğəmbərin (s) bütün səhabələri adildir, alidir, gördükləri hər iş doğrudur, dedikləri hər söz həqiqətin özüdür. Hər kim on il, bir il, bir saat Peyğəmbərlə (s) birgə olubsa, səhabədir və əməlləri doğrudur. Bu təsəvvür yanlışdır. Əhməd ibn Hənbəlin: “Peyğəmbərin (s) yanında bir saat vaxt keçirən kəs səhabədir, adildir, səhvsizdir və hər dediyi də məqbuldur” - deməsi doğurdanmı məqbuldur?!
O davamında bildirdi: Halbuki Quran Peyğəmbərə (s) ətrafında, kənarında münafiqlərin olduğunu və hətta bunlardan zahirdə xəbərsiz olduğunu bəyan edir. Görəsən, Peyğəmbərin (s) kənarında olan bütün müsəlmanlar, hətta Quranın işarə etdiyi münafiqlər də doğru danışan idilər?
Ayətullah Məkarim Şirazi əlavə etdi: İkinci problem səhabənin ictihadı məsələsi idi. Belə ki, onlara hər növ cinayəti törətməyə haqq verirdi; beyəti pozmaqdan tutmuş Rəsulullahın (s) qızının evini yandırmağa kimi. Bu yalançı ictihad Cəməl döyüşünü başlatdı və on yeddi min nəfərin ölümünə gətirib çıxardı. Yaxud Siffin döyüşündə əhdi pozmaq nəticəsində yüz min müsəlman qanına qəltan oldu.
O bunları da bildirdi: Əlbəttə yanımızda səhabələrin yeri əziz və möhtərəmdir, amma “səhabə” statusu olan hər kəsin deyil. Mən Allah Rəsulunun (s) hökuməti dövründə yaşayanlara əsla bəraət qazandırmıram. Çünki, həmin dövranı dərk ediblər və özlərinin yaratdıqları azğınlıqlar müqabilində susmağı seçiblər.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: Nə baş verdi ki, İslam 30 il sonra cəhalət hökumətinə çevrildi? Bəni-Üməyyə İslam və Peyğəmbər (s) xanədanına nələr etdi? Bu problemlər ətrafında araşdırmalar aparılmalıdır.
O bildirdi: İslamın əvvəli bizə təcrübə olmalıdır. İnqilabın keşiyində durmalıyıq. Əgər qəflət yuxusunda olsaq, ayılanda görəcəyik ki, inqilab əldən gedib və anti-inqilabçılar lazımi yerləri tutublar.
Ayətullah Məkarim Şirazi təkidlə bildirdi: İslam inqilabını yaratmaq dəyərli, onu qorumaq isə çox çətin olacaq.
O, çıxışının başqa bir yerində həzrət Zəhranın (s) insanlıq aşılayan xütbəsinə işarə edərək buyurdu: Bu xütbə məşhur xütbələrdəndir. Belə ki, əhli-sünnə və şiənin böyük alimləri çoxlu silsilə sənədlərlə onu nəql ediblər. Sözügedən xütbə misilsizdir. Həqiqətdə yeddi hissədən təşkil olunub və yeddi mehvər ətrafında dönür. Hər biri aydın bir hədəfi təqib edir və bu hədəflərin hər birinə ayrıca diqqət lazımdır.
Ayətullah Məkarim Şirazi bildirdi:
“Birinci hissə: Tövhid, Allahın sifətləri və gözəl adları, yaradılışın hədəfi haqqında dərin və yığcam təhlildir”. “İkinci hissə: Peyğəmbərin (s) ali məqamı, məsuliyyətləri, xüsusiyyətləri və hədəflərindən söz açır”. “Üçüncü hissə: Qurani-kərimin əhəmiyyətindən, İslam təlimlərinin dərinliyindən, əhkamın sirlərindən, bu xüsusda öyüd və nəsihətlərdən danışır”. “Dördüncü hissə: İslam xanımı özünü tanıtdırmaqla yanaşı atası Rəsulullahın (s) ümmətə xidmətlərindən bəhs edir. Burada İslam xanımı (s) sanki onları yaxın cahillik dövrünə aparıb ibrətli bir baxışla, İslamdan sonrakı vəziyyətlərini o dönəmlə müqayisə edərək bu dəyişiklikdən dərs almalarına hidayət edir”. “Beşinci hissə: Peyğəmbərin (s) vəfatından sonrakı hadisələrə və münafiq dəstələrin İslamın məhvindən ötrü təlaşlarına işarə edir”. “Altincı hissə: Fədək bağının qəsbindən, bu zəmində gətirilən bəhanələrdən və onlara cavabdan söz açılır” və son olaraq yeddinci hissədə: Dəlil və höccəti tamamlamaqdan ötrü Peyğəmbərin (s) sadiq səhabələri və ənsardan mədəd umur və sözünü ilahi əzabla hədə ilə başa çatdırır”.
Yayım tarixi: 03.02.2017