Ayətullah Məkarim Şiraziyə görə Novruz bayramının mahiyyətinə bir baxış

Ayətullah Məkarim Şiraziyə görə Novruz bayramının mahiyyətinə bir baxış


Novruz bayramının mahiyyətinə bir baxış‌


Reallıq budur ki, bütün dünya xalqlarının özünəməxsus şadlıq günləri vardır, hansı ki, onu bayram adlandırırlar. Bu günlər Novruz bayramı kimidir, bu mənada ki, təbiət aləmində diqqətəlayiq bir dəyişiklik baş verir; güllər açır, ağaclar çiçəklənir, təbiətdəki həyat yenilənir (1).
Lakin İslam dinində bayramlar mühüm ilahi əmrlərə itaət məqsədi daşıyır. Nümunə olaraq, Fitr bayramını Haqqın fərmanına itaət bayramı adlandırmaq olar (2) və ya İslam bayramlarından olan, Allaha itaət mehvəri üzərində qərarlaşan Qurban bayramını da həqiqi bayram adlandırmaq olar (3), baxmayaraq ki, insanın günah etmədiyi, səhərdən gecənin sonunadək Pərvərdigarına itaətsizlikdən çəkindiyi gün bayram sayılır. Deməli, biz ilin bütün günlərini bayrama çevirə bilərik (4).
Əlbəttə, İslamda digər bayramlar, o cümlədən Qədir-Xum bayramı – vilayət bayramı və Əmirəl-möminin Əlinin (ə) xilafətə təyin edildiyi, Peyğəmbərin (s) canişini seçildiyi gün – da vardır, hansı ki, “Ən böyük ilahi bayram” adlandırılmışdır (5).
Bütün bu izahlardan sonra qeyd etmək lazımdır ki, Novruz bayramı yaranış aləmində təbii bir bayramdır; qış fəsli sona çatır, Allahın fərmanı ilə təbiətin canlanması – bahar fəsli başlayır. Ağacların budaqlarında çiçəklər, yarpaqlar, güllər görünür. Bütün aləmdə həyat, oyanış və hərəkətlilik başlayır. Yaradılış aləminin bu varlıqlarına qoşulmaq ilahi sünnələrlə ayaqlaşmaq deməkdir (6).
Diqqət çəkən məqam Novruzda insanlar arasında adət-ənənə halı alan mərasimlərdir. Onlardan yalnız müəyyən bir qismi, yəni İslamın da (ümumi olaraq) ona təkid etdiyi hissəsi mülahizə edilə bilər, misal üçün: təmizlik, ev yır-yığışı, qohumlara, yaxınlara, möhtaclara, abırlı insanlara yardım edib onları geyim və həyatın zəruri ehtiyacları ilə təmin etmək son illər olduqca faydalı bir adətə çevrilmişdir (7).
Qohumları ziyarət etmək, qohumluq bağlarını möhkəmlətmək, dostlarla görüş, ədavətləri qovmaq, qəm-qüssəni qəlblərdən uzaqlaşdırmaq, yeni ildə müxtəlif, eyni zamanda səmərəli fəaliyyətlərə hazırlıq və s. işlər Novruz mərasimlərinin müsbət tərəflərindəndir (8). Bu baxımdan şübhəsiz ki, İslamın bəyəndiyi və İmam Məhdinin (əc.) razılıq verdiyi bir bayram keçirə bilərik (9).
Bayram, yəni “eyd” kəlməsinin leksik mənası
Bayram, yəni “eyd” kəlməsi ərəb lüğətində “qayıdış” mənasındadır. Bu səbəbdən bir xalqın və ya bir dəstənin çətinlikləri öz həllini tapdığı günlərə, həqiqətdə həmin xalqın ilkin əzəmət, iftixar və zəfəri özündə bir daha tapmasına “bayram” deyilir (10).
İslam mədəniyyətində də, çirkinliklərin insan fitrətinə zidd olduğunu nəzərə alsaq, bu çirkinliklər aradan qalxdığı və insanın onlara zəfər çaldığı günə “bayram” – “eyd” deyilir.

Quranın bir ayəsində də, “Maidə”nin, yəni süfrənin nazil olması zəfərə, paklığa və Allaha imana qayıdış gününün göstəricisi olduğundan dolayı həzrət İsa (ə) o günü “bayram” adlandırdı (21).
Həzrət Əlidən (ə) nəql edilən bir hədisdə buyurulur: “Allaha günah edilməyən hər bir gün bayramdır”. Bu hədis bayramın həmin məzmununa işarə edir və ona uyğundur, çünki günahın tərk edildiyi gün zəfər, paklıq, ilk fitrətə qayıdış günüdür (22).

Novruz bayramının müsbət təlimlərindən bəhrələnmək zərurəti
Məlumdur ki, “Bayramın gülünü dərib, tikanlarından qorunmaq lazımdır.” Odur ki, Novruz bayramının – evin daxili və xarici təmizliyi, gigiyenik qaydalara riayət kimi müsbət tərəfləri Novruzun gözəl təsirlərindəndir, lakin təmizlik və zahiri sağlamlığa diqqətlə yanaşı əxlaqi çatışmazlıqları, “ev”in daxildən təmizliyini də nəzərə almaq lazımdır və İslam bu məsələni dəstəkləyir (23).
Beləliklə, İslam təbiət gözəlliklərindən, gözəl və münasib geyimlərdən istifadəyə, həmçinin növbənöv ətirlərdən və digər müsbət şeylərdən yararlanmağa icazə vermiş, hətta onlara tövsiyə və təkid etmişdir. Bu mövzu barədə mötəbər kitablarda din rəhbərlərindən bir çox hədis nəql edilmişdir (24).
Nümunə olaraq, İmam Həsən Müctəbanın (ə) həyatında aydın şəkildə nəzərə çarpır. Belə ki, o həzrət (ə) hər dəfə namaza gedəndə ən gözəl paltarını geyinərdi. İmamdan (ə) “Niyə ən gözəl paltarını geyinmisən?” – deyə soruşanda, belə buyurardı:

“انّ اللّه جميل يحب الجمال، فاتجمل لربّى و هو يقول خذوا زينتكم عند كلّ مسجد”

“Allah gözəldir və gözəllikləri sevir, buna görə də Rəbbimlə razü-niyaz üçün ən gözəl paltarımı geyinirəm. O göstəriş verib ki, məscidə getdiyiniz zaman zinətlərinizi götürün (geyinin)!” (25).

Ata-babalarımız kimi Novruz bayramı ərəfəsində evin içini və bayırını yır-yığışı etmək, qohumları yoxlamaq və şadlıqların dini çərçivədə olmasına səy göstərmək aqilanə təqlidlərdir və bu adətlər, yaxşı adətlərdir (26). Buna əsasən, sözügedən yaxşı və məntiqli adətlərdə biz də babalarımızı təmsil edirik. Lakin keçmişdəkilərin adət-ənənələrini sırf ata-babalarımıza aiddir deyə onları həyata keçirmək, təkrarlamaq zərurətini ortaya qoymur, əksinə yalnız din və ağlın təsdiq etdiyi adət-ənənələr doğrudur (27).
Mənəviyyata təşəbbüs – Novruz günlərində başlıca vacib
İslam görüşünə əsasən, cəmiyyətdə mənəviyyatın mövcudluğu inkişafın mühüm faktorlarındandır. Maddi baxımdan tərəqqi edən, lakin mənəviyyat sarıdan yoxsul olan cəmiyyət inkişaf etməmiş və geridə qalmış bir toplumdur (28).
Cəmiyyətin mənəvi elementləri, yəni Allaha bəndəçiliyi inkişaf etdirmək, tərəqqi və kamala doğru hərəkət bu mühüm faktorların nümunələrindən sayılır (29).

İl təhvilinə camaatın xüsusi diqqəti, dini mərkəzlərə, məscidlərə üz tutması, duaya əl qaldırması kimi əməllər Novruz bayramının müsbət tərəflərindən bəhrələnmək zərurəti konteksinə daxildir. Bütün bunlar İslam dininin təsdiq və tövsiyə etdiyi əməllərdir (30).

Novruz bayramı – Əxlaqi səciyyələri yüksəltməkdə həlledici fürsət

Qeyd etmək lazımdır ki, şiə və əhli-sünnənin mötəbər kitablarında yazılan bir hədisə əsasən, Peyğəmbər (s) buyurur:

“انما بعثت لاتمم مكارم الاخلاق”

“Mən, əxlaqi səciyyələri tamamlamaq üçün seçilmişəm (Allah tərəfindən peyğəmbərliyə təyin edilmişəm)” (31).

Bu məna dolu hədisə görə, Peyğəmbərin (s) peyğəmbərliyə seçilməsinin hədəfi İslam toplumunda əxlaqi səciyyələri təkmilləşdirməkdir. Doğrusu, İslam əxlaqı bu qədər əhəmiyyətlidirsə, onu həyatımıza və cəmiyyətə tətbiq etmək üçün daha da çox çalışmaq lazımdır (32).

Digər tərəfdən, insan və əxlaqa dair mövzular yaradılış və təbiət aləmi ilə birbaşa əlaqədardır (33). Şükür etmək məsələsi (Nemət verənə şükür), Allah müqabilində acizlik göstərmək, onun fərmanına razı olmaq, təslimçilik, təvazökarlıq, fədakarlıq, məhəbbət və xoşxasiyyətlik, dərdə şəriklik və bu qəbildən olan müsbət keyfiyyətlər, qəlbi hər növ çirkinlikdən təmizləmək, özünü sıxıntıya saldıqda özü ilə rəftar bacarığı, israfçılıq, bədxərclik etməmək, ilahi nemətləri dağıtmamaq və bu kimi işlər cəmiyyətdə əxlaqi təlimləri gücləndirən amillərdəndir (34).

Bu üzdən birbaşa qeyd etmək lazımdır ki, insanların maddi həyatında hər bir əxlaqi məsələnin faydalı və qurucu təsirləri var. Abad, azad və güclü bir cəmiyyətin qurulmasında hər bir düzgün etiqad və imanın müsbət rolu vardır (35).

Sevgiyə təşəbbüs – Novruz bayramında ən önəmli vacib

Unutmamalıyıq ki, Əli (ə) şiələri həm iman, həm də saleh əməl mövzusunda, mənsub olduqları cəmiyyətə bir çıraq kimi nur saçmalı, başqaları da onların iman nuru sayəsində hidayət olmalıdır. Bu iş cəmiyyətində qəlbində onlara məhəbbətin yaranmasına gətirib çıxarar və nəticədə dahi və böyük imamların (ə) zinətinə çevrilərlər (36).

Deməli, qəlbləri sevindirmək, məzlumların əlindən tutmaq, möhtaclara kömək etmək Novruz bayramının digər vaciblərindəndir. Heç şübhəsiz, mömini sevindirmək böyük bir ibadətdir, hansı ki, məhəbbətin çiçəklənməsi, qohumları yoxlamaq və kin-küdurətin aradan getməsi Novruzun digər müsbət təsirlərindən sayılır (37).

Günahdan qorunmaq – Novruz günlərində başlıca prinsip

Bu mühüm məsələni izah edərkən ilk növbədə belə bir sual yaranır ki, doğrudan, hansı cəmiyyət günah, xəyanət, ikitirəlik, quldurluq, zülm və tənbəlliyə düçar olduqdan sonra abad və xeyir-bərəkətli ola bilər?! (38). Doğrusu, həmkarlıq və qarşılıqlı yardımlaşma ruhunu itirib yerini savaş, qarşıdurma və qantökməyə verən bir cəmiyyətin yamyaşıl torpaqları, fərəhləndirici iqtisadiyyatı ola bilərmi?! (39). Habelə, insanları növbənöv nəfsi istəklərə bulaşdığı halda, hansı cəmiyyət düşmən qarşısında güclü müqavimət göstərə bilər?! (40).

Beləliklə, günaha mürtəkib olmaq bir cəmiyyətin adətinə çevrilməməlidir (41), əksinə günahdan qorunmaq diqqət mərkəzində olmalıdır, çünki sonunda cəmiyyətin dirçəlişinə səbəb olur (42). Bu izahlardan sonra bayram adı altında növbənöv günahlara bulaşmadan çəkinmək lazımdır. Sevincə səbəb ola biləcək bayramı bir sıra məsələlərlə xoşagəlməz hala salmaq lazım deyil (43).

Şan-şöhrətdən çəkinmək

Sözsüz ki, cəmiyyətin problemləri mənasız şan-şöhrətdən və var-dövlətini gözə soxmaqdan qaynaqlanır (44). Günümüzdə bir çox bahalı maşın və evlər mövcud olsa da (45), müqabilində illərdir kəbin kəsdirib, lakin cehiz ala bilməyən qızlarımız var. Halbuki, evililiklər Əli (ə) və Fatimənin (ə) evliliyi kimi olsaydı, cəmiyyətdə belə problemlər ortaya çıxmazdı (46).
Bu minvalla, Novruz bayramı günlərinin şan-şöhrət, dəbdəbəli mərasimlər və yarışmaya çevrilməməsi mövzusunda müsəlman xalqımız ehtiyatlı olmalıdır, çünki belə həyataın yaşam şərtləri də ağırdır (47).
Bu üzdən müqəddəs İslam dini israfçılıq, bədxərclik və şan-şöhrətə qarşıdır. İnsan bu kimi işlərdən əl çəkməli və bilməlidir ki, həyat hər nə qədər sadə olsa, səfa və səmimiyyəti daha da çox olar (48).

Sağlam istirahət mövzusuna İslamın təkidi

Hədislərdə tədqiqat apararkən İslamın halal ləzzətlərə qarşı olmadığı, əksinə onlara təkid etdiyi aydınca anlaşılır, çünki sağlam istirahət və halal əyləncə ruha dinclik verir, bədəni sağlamlaşdırır. İnsan bunların sayəsində həyatın mühüm çalarlarına daha yaxşı nail ola bilir (49).
Nəzərə almaq lazımdır ki, insan metal maşın deyil ki, istənilən qədər ondan istifadə edilsin, əksinə onun cismi kimi yorulan ruhu vardır (50), bədənin istirahət və yuxuya ehtiyacı olduğu kimi, ruhunun da sağlam istirahət və məşğuliyyətə ehtiyacı var (51).

Təcrübələrə əsasən, insan işlərinə bir formada davam etsə, ruhiyyəsindəki çatışmazlıqdan dolayı iş fəaliyyəti tədricən yavaşıyacaq, nəticədə öz keyfiyyətini itirəcək. Amma bir neçə saat əyləncə və istirahətdən etsə, iş ruhiyyəsi o qədər yüksələr ki, işinin keyfiyyət və kəmiyyətində ciddi fərqlər müşahidə olunar. Buna görə də, istirahətə ayrılan saat işin sürətinə təkan verir (52). Ancaq, mühüm olan halal və haram ləzzət arasındakı cizgi müəyyən edilməlidir ki, bu təlimlər əhli-kef və əyyaşların bəhanəsinə çevrilməsin (53).

Deməli, yeni güc almaq Novruz bayramının digər zərurətlərindəndir. İslam dini bu cür fəaliyyətlərin icrasına, istirahət və sağlam əyləncəyə tövsiyələr etmişdir, bu üzdən həmin müsbət fəaliyyətlər diqqətdən kənarda qalmamalıdır (54). Qərbdən təsirlənən bir qrup ziyalıların təfəkkürünə qarşı olaraq, İslam sağlam məşğuliyyəti pisləmir və kimsə sağlam əyləncə və istirahətin haramlığı barədə söz deməmişdir. İstirahət və sağlam əyləncə insanın yaşayışını təmin etməsi və ibadəti üçün bir stimuldur (55).

www.makarem.ir

1-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 432
2-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 433
3-    Yenə orada
4-    Yenə orada
5-    Yenə orada
6-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 435
7-    “Yeni Məfatihin külliyyatı”, səh. 907
8-    Yenə orada
9-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
10-    “Nümunə” təfsiri, c. 5, səh. 131
21-    Yenə orada
22-    “Nümunə” təfsiri, c. 5, səh. 131
23-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
24-    “Nəhcül-bəlağədə İslam əxlaqı” (“Müttəqin” xütbəsi), c. 1, səh. 306
25-    “Vəsailuş-şiə”, c. 3, “Əhkamul-məlabis” babı
26-    “Tövhid qəhrəmanı”, həzrət İbrahimə (ə) aid ayələrin şərh və təfsiri, səh. 83
27-    “Dostların hekayəsi”; Ayətullah Məkarim Şirazinin təfsir bəhslərinin məcmusu, səh. 279
28-    “Müqayisəli fiqh ensiklopediyası”, c. 2, səh. 221
29-    Yenə orada
30-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
31-    “Mizanul-hikmət”, c. 3, “x” hərfi, 1111-ci fəsil, hədis: 5059; “Kənzul-ummal”, hədis: 5217
32-    “Quranın mənadolu andları”, səh. 360
33-    “Quranda əxlaq”, c. 1, səh. 104
34-    “Quranda əxlaq”, c. 1, səh. 104
35-    “Nümunə” təfsiri, c. 9, səh. 132
36-    “Quranda vilayət ayələri”, səh. 380
37-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
38-    “Nümunə” təfsiri, c. 9, səh. 132
39-    Yenə orada
40-    Yenə orada
41-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 20/11/2012
42-    Yenə orada
43-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
44-    Ayətullah Məkarim Şirazinin çıxışı, Qurani-kərimin təfsirinin silsiləvi bəhsləri, “Əhli-beyt (ə) kəriməsi”i həzrət Məsumənin (ə) ziyarətgahı, “İmam Xomeyni” şəbistanı (salonu), 14/07/2013
45-    Yenə orada
46-    Yenə orada
47-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 16/03/2011
48-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
49-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 204
50-    “Hidayət nurları”, Əxlaqi bəhslər toplusu, səh. 452
51-    “Hidayət nurları”, Əxlaqi bəhslər toplusu, səh. 453
52-    Yenə orada
53-    “Əmirəl-möminin Əlinin (ə) mesajı”, c. 15, səh. 204
54-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 14/03/2012
55-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 18/03/2015
56-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 21/03/2015

 

captcha