Mina faciəsi ilə əlaqədar tədqiqat zəruridir!
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Mina hadisəsindən bir-neçə həftə keçdiyinə baxmayaraq İslam dünyasının alimlərinin əksəriyyətindən ciddi reaksiya olmadığına görə bu məsələnin həlli ilə bağlı elmi toplantılar təşkil etmək istiqamətində öz hazırlığını bildirib.
Məktubda qeyd olunur:
Bu faciə – siyasi məsələlərdən və İslam ölkələrinin müxtəlif əlaqələrindən uzaq – harada məskunlaşmalarından asılı olmayaraq, bütün İslam alimlərinin boynuna məsuliyyət gətirir və onun həlli üçün bir çıxış yolunun tapılması labüddür. Amma təəssüflər olsun ki, bu acı hadisədən həftələr keçdiyinə baxmayaraq İslam dünyasının alimlərindən nəzərə çarpacaq bir reaksiyanın şahidi olmadıq. Halbuki İslam peyğəmbəri (s) buyurur: “Müsəlmanların işlərinə laqeyd qalan kəs, müsəlman deyil”.
Məktubun digər yerində qeyd olunur: Bir müsəlmanın canı möhtərəmdir; “Hər kəs birini diriltsə, sanki bütün insanları diriltmişdir” (“Maidə” surəsi, ayə 32), o ki qaldı minlərlə müsəlman canına, o da böyük həcc fərzinin icrası zamanı. Bu problemin, ondan doğan nəticələrin və gələcəklə bağlı məsələlərin həlli istiqamətində bir iş görməməliyik?!
Məktubda əlavə olunur: Digər tərəfdən bir fərdin ölümü nəticəsində hamının səs-küy saldığı dünyada bu qədər qurbanın müqabilində İslam alimləri bitərəf qaldıqca, dünya əhalisinin çıxarışı bu olacaq ki, müsəlmanlar öz dindaşlarına dəyər vermirlər.
Mərcəyi-təqlid son günlərdə Ərəbistanın bəzi alimlərinin sözlərinə toxunaraq qeyd edir:
Məsuliyyətdən yaxa qurtarmaq üçün sözügedən faciəni qəzavü-qədərlə əlaqələndirmək özü də bir faciədir, belə ki, qəzavü-qədər mövzusunda olan İslam təlimlərini sual altına aparır. Məsələn, əgər müsəlmanlar arasında təhlükəli xəstəlik yayılsa, onun əlacına tələsməyək, və minlərlə müsəlmanın xəstəliyə yoluxmasına icazə verək, sonra da bunu ilahi qəzavü-qədərlə əlaqələndirək? Bir halda ki, Quran və sünnədə qəzavü-qədər əsla bu mənada deyil. Allah əməllərimiz çərçivəsində bizi düzgün tədbir tökmək, qərar qəbul etməklə vəzifələndirmişdir ki, bunu etməyənlər məsuliyyət daşıyır. (Həmçinin mərcəyi-təqlid İslami qəzavü-qədər haqqında geniş bəhs edəcəyinə söz verdi.)
Məktubun son hissəsində (hamının bu faciə ilə əlaqədar dörd vəzifəsini izah etdikdən sonra) qeyd olunur:
Mən dini və insanı vəzifəm olaraq bu yazı vasitəsilə öz hazırlığımı bildirir, İslam dünyasının tanınmış alimlərini bu xüsusda fikir mübadiləsi aparmağa dəvət edirəm. Bu xüsusda Qumda, yaxud İslam ölkələrinin digər mərkəzlərində (siyasi mövzulardan uzaq) tam elmi və fiqhi seminarlar təşkil etməklə məlum hadisənin patologiyasının araşdırılmasını təklif edirəm.
Ümidvaram, İslam ölkələrinin müftiləri, böyük alimləri bu yolda təsirli addımlar atar və qiyamət günü Allah yanında üzüağ olmağımıza səbəb olan işlər görərlər.
“Bəndələrimə müjdə ver! O kəslər ki, sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zümər” surəsi, ayə 18.)