Qum elmi hövzəsi nəzdində "Yeni Şiəşünaslıq Mərkəzi"nin açılış mərasimində işitak edən Ayətullah Məkarim Şirazi cənabları “Səqəleyn” hədisinə işarə edərək dedi: “Bu rəvayətə istinad etmək insanın haqq yoldan sapmasına mane olur. Biz əyani olaraq bu yoldan kənara çıxanların doğru yolu itirdiyini, bizim isə vilayətə söykənməklə hələ də haqq yolda addımlamaqda olduğumuzu müşahidə edirik”.
Məkarim Şirazi cənabları sözünün davamında əqlin dəlil olmadığına etiqad bəsləyən əhli-sünnə qardaşlarımız haqqında belə söylədi: “Quran aşkarcasına əql mövzusunu bəyan etmişdir. Bu barədə yetmiş ayənin olmasına baxmayaraq, nə üçün bəzi şəxslər qəflətə düçar olaraq onu (əqli) dəlil hesab etmirlər?! Şiələr Əhli-beytə (ə) sarılmağın bərəkəti nəticəsində bu sahədə düzgün mövqe tutmuşlar. Nümunə olaraq, “Kafi” kitabının birinci fəsli “əql və cəhl” haqqındadır. Mərhum Kuleyni şiələrin bu qüvvət nöqtəsini öz əsərinin əvvəlində bəyan etmişdir.
Bu gün elə bir dünyada yaşayırıq ki, əqli inkar edən hər hansı bir şəxsin nəzər söyləməyə haqqı yoxdur”.
Məkarim Şirazi cənabları xatırlatdı: “Bir qrup müsəlmanın inkar etdiyi mövzulardan biri də ilahi ədalətdir. Ədalət, məzhəbimizin prinsiplərindən biridir. Ədaləti inkar etmək Quranın əleyhinə çıxmaq deməkdir. Quranda bu barədə çoxlu sayda ayələr vardır ki, onlara diqqət ayırmadan keçmək olmaz. Bəzi şəxslər deyir: "Əgər Allah istəsə, bütün peyğəmbərləri cəhənnəmə, bütün günahkarları isə cənnətə aparar və bu, ədalətsizlik deyil." Bunlar gülünc sözlərdir və ağıl bunu qəbul etmir. Şiələr isə ədaləti öz məzhəblərinin təməli kimi qəbul edir. Bunun özü iftixar deyilmi?!”
Məkarim Şirazi cənabları “Cəbriyyə” (məcburiyyət) etiqadına sahib olan digər bir qrupa işarə edərək belə söylədi:
“Onlar deyir ki, insan bütün əməllərini məcburi halda yerinə yetirir. Bununla da, cənnət, cəhənnəm, sorğu-sual, peyğəmbərlərin gəlişi, Quranın nazil edilməsi və digər dini ayinlər sual altına düşür. Biz isə Əhli-beytin (ə) hidayəti sayəsində “ixtiyar” prinsipini qəbul etmişik. Biz deyirik ki, dini hökmlər insanın məsləhət və zərərinə bağlı olan məsələlərlə əlaqədardır. Başqaları isə dini hökmlərin məsləhət və zərərlə əlaqəli olmadığını deyir. Bu sözlər Quranın ayələri ilə uyğun deyil. Quranda deyilir: “Namaz insanı pisliklərdən qoruyur.” Quran, digər hökmlərin fəlsəfəsini də aydınlaşdırmışdır. Bütün bunlar Əhli-beytin (ə) hidayətindən uzaq düşməkdən irəli gəlir.” Şiələr, Əhli-beytə (ə) tabe olmaqla müxtəlif məsələlərdə doğru yolu tapmışlar. Allaha şükür etməliyik ki, “Səqəleyn” hədisinin sayəsində inhiraf və azğınlığa uğramamışıq.”
Cənab Məkarim Şirazi Şiəşünaslıq Mərkəzinin şagirdlərinə belə tövsiyə etdi: “İnsanları mütaliə və doğru məlumatlarla yetişdirin. Mübahisəli məsələləri düzgün mənbələr və təhqirə yol verilməyən dəlil-sübutlarla əsaslandırmaq lazımdır. İlk öncə insanın özü məsələləri dərindən qavramalı və sonra başqalarına yol göstərməlidir. Qələm və bəyanda mahir olun. Bəzi şəxslər elə düşünür ki, güclü bəyan və qələmə sahib olmaq xüsusi şəxslərə aiddir. Əslində, hər kəs özünə münasib bəyan və qələmə sahib olub öz etiqadlarını hər bir məkanın şəraitinə uyğun şəkildə bəyan edə bilər. Qələm və bəyan yiyələnməsi zəruri olan iki qılınc kimidir.”
Şiəlikdən başqa, heç bir məzhəb maddiyyatla məyusluğa uğramış bugünkü dünyanı təmin və qane edə bilməz. İslam dini məhz şiəlik məzhəbi çərçivəsində dünyanı sirab edə bilər. Xoşbəxtlikdən Əhli-beyt (ə) maarifini dünya səviyyəsində bəyan etmək üçün əlverişli fürsət yaranmışdır və bu fürsətlərdən səmərəli şəkildə faydalanmaq lazımdır.”
İŞİD kimi müxtəlif terrorist təşkilatlar tərəfindən törədilən cinayətlər qeyri-şiə düşüncələrindən yaranan məsələlərdir. Şiə əsla belə bir düşüncə, iş və proqramları qəbul edə bilməz. Bu düşüncə əsil yoldan sapmaq nəticəsində yaranmışdır.”
Şiəşünaslıq Mərkəzinin müəllimlərindən birinin “lənət göndərmək və təhqir etməyi fiqhi baxımdan araşdırmaqla bağlı dərslərin keçirilməsi tələbinə Məkarim Şirazi cənabları öz münasibətini belə bildirdi: “Lənət göndərmək və təhqir etmək” əhəmiyyətli məsələlərdəndir. Bəzi şəxslər elə düşünürlər ki, vilayət elə bundan ibarətdir və “lənət və təhqir”siz vilayət yoxdur. Halbuki, məsələ belə deyil. Bu cür işlər necə də arzuolunmaz nəticə və təsirlərə gətirib çıxarır! İmam Sadiq (ə) hədislərin birində belə buyurur: “Onların (əhli-sünnənin) xəstələrini yoluxmağa gedin, dəfn mərasimlərində iştirak edin və namazlarında hazır olun.”
Ayətullah Məkarim Şirazi vəhdət məsələsinə bir daha təkid edərək dedi ki, müsəlmanların birliyi və ümmətin bütövlüyü qorunmaldır. Axıdılan qanların qarşısını almaq üçün müsəlmanlar arasında vəhdət təmin olunmalıdır. Vilayət məsələsini heç nə ilə əvəz etmirik, lakin bu mövzuda məntiq və qaydalara malik olmaq, eyni zamanda, mənbə və faktlara əsaslanmaq hədsiz əhəmiyyət daşıyır. Diqqət etməliyik ki, ifratçılıq böyük şəxslərin zəhmətinin itməsi və Əhli-beyt (ə) məktəbinin təbliğ olunmasının qarşısının alınmasına səbəb olmasın.
Məkarim Şirazi cənabları tələbələrin və Yeni Şiəşünaslıq Mərkəzinin müvəffəqiyyətə nail olması üçün dua etdi: “Ümid edirəm ki, sizin proqramlarınız, planlarınız şiəşünaslıq sahəsində irəliləyişə səbəb olsun və işiniz yüksək səviyyədə davam etsin.”
Vilayəti sübuta yetirmək digər məzhəbləri təhqir etmək deyil
“İnsanları mütaliə və doğru məlumatlarla yetişdirin. Mübahisəli məsələləri düzgün mənbələr və təhqirə yol verilməyən dəlil-sübutlarla əsaslandırmaq lazımdır. İlk öncə insanın özü məsələləri dərindən qavramalı və sonra başqalarına yol göstərməlidir.”