Zaman baxımından günahla cəza arasında heç bir mütənasiblik yoxdur. Əksinə, onlar keyfiyyət baxımından uyğun olmalıdır. Yəni, müddətinə görə cəza növü günahın kəmiyyəti ilə deyil, keyfiyyəti ilə ölçülür. Məsələn, bir şəxs bir göz qırpımında bir insanı qətlə yetirə bilər. Belə bir şəxs bəzi ölkələrin qanunvericiliyinə görə ömürlük həbsə məhkumdur. Bu hadisədə günahın baş vermə müddətinin, yəni kəmiyyətinin bir neçə saniyəlik olduğunu görürük. Halbuki, onun cəzası bəzən 80 il həbslə yekunlaşa bilər.
Bu suala cavab vermək üçün üç məsələyə diqqət yetirmək lazımdır:
1. Əbədi cəza növü bütün qurtuluş qapılarını öz üzlərinə tamamilə bağlayan insanlara aiddir. Onlar gördükləri işin günah olmasından xəbərdar olan, fəsad, küfr, nifaq və çirkaba bilərəkdən batan şəxslərdir. Günahın müdhiş zülməti bütün vücudlarını bürümüşdür. Sanki günah və küfrün rənginə boyanmışlar. Necə ki, “Bəqərə” surəsində buyurur:
بَلى مَنْ کَسَبَ سَیِّئَهً وَ اَحاطَتْ بِهِ خَطیئَتُهُ فَاُولئِکَ اَصْحابُ النّارِ هُمْ فیها خالِدُونَ
“Bəli, kim pis iş görsə və günahı onun bütün vücudunu əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”. (1)
2. Bəziləri güman edirlər ki, cəza ilə günah müddəti bərabər olmalıdır. Bu, tamamilə yanlış bir fikirdir. Çünki zaman baxımından günahla cəza arasında heç bir mütənasiblik yoxdur. Əksinə, onlar keyfiyyət baxımından uyğun olmalıdır. Yəni, müddətinə görə cəza tipi günahın kəmiyyəti ilə deyil, keyfiyyəti ilə ölçülür. Məsələn, bir şəxs bir göz qırpımında bir insanı qətlə yetirə bilər. Belə bir şəxs bəzi ölkələrin qanunvericiliyinə görə ömürlük həbsə məhkumdur. Bu hadisədə günahın baş vermə müddətinin, yəni kəmiyyətinin bir neçə saniyəlik olduğunu görürük. Halbuki, onun cəzası bəzən 80 il həbslə yekunlaşa bilər.
Bu üzdən cəzada meyar günahın keyfiyyətidir, zaman baxımından kəmiyyəti deyil.
3. Qiyamət gününün cəza və əzabları daha çox əməlin təbii təsir və günah xüsusiyyətini əks etdirir. Daha aydın desək, günahkarların o biri dünyada çəkdikləri əzab, acı, narahatlıqlar onların öz əməllərinin təsir və nəticəsidir. Qurani-kərimdə oxuyuruq:
فَالْیَوْمَ لاتُظْلَمُ نَفْسٌ شَیْئاً وَ لاتُجْزَوْنَ اِلاّ ما کُنْتُمْ تَعْمَلُون
“Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və etdiyiniz əməllərdən başqa sizin üçün başqa bir cəza yoxdur".” (2)
Həmçinin oxuyuruq:
وَ بَدا لَهُمْ سَیِّئاتُ ما عَمِلُوا وَ حاقَ بِهِمْ ما کانُوا بِهِ یَسْتَهْزِوُن
“Pis əmələrinin cəzası onların gözləri qarşısında zahir olacaq və istehza etdikləri şey onları bürüyəcəkdir.” (3)
فَلایُجْزَى الَّذینَ عَمِلُوا السَّیِّئاتِ اِلاّ ما کانُوا یَعْمَلُون
“Pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar.” (4)
Qeyd olunan üç müqəddimədən sonra mövzunun həllində o qədər də çətinlik qalmır. Bunun üçün sadəcə bir neçə sualı cavablandırmaq lazımdır:
Bir həftə boyu mütəmadi şəkildə spirtli içkilər istifadə etdiyinə görə mədəsində dərin yara əmələ gələn bir şəxs təsəvvür edin. Belə ki, o, ömür boyu yaranın ağrısına dözməli və əzab çəkməlidir.
Sual budur ki, həmin pis əməllə onun nəticəsi arasındakı qeyri-bərabərlik ədalətə zidd deyilmi?
Həmin şəxs səksən il yox, min və ya milyon il də yaşasaydı, o bir həftəlik günahının nəticəsinə görə bir milyon il əzab çəkməyəcəkdimi?
Bu, ədalət qanununa ziddirmi? Halbuki, alkoqollu içkilərin təhlükəsi haqqında ona qabaqcadan xəbərdarlıq edilmiş, aqibətinin necəliyi tanıtdırılmışdır.
Həmçinin yol hərəkət qaydalarının toplumun xeyrinə, qəzaların və qəzadan irəli gələn problemlərin azalmasına səbəb olduğunu bilirik. İndi bir şəxsin yol hərəkət qaydalarına məsuliyyətsiz yanaşdığını düşünün. Həmin şəxsin aqil dostları ona dəfələrlə xəbərdarlıq etsələr də o, buna əhəmiyyət vermir və bir anda baş verən yol qəzasında (xatırladaq ki, bütün hadisələr bir anda baş verir) gözünü və ya ayağını itirir. Nəticədə isə uzun illər boyu çarəsiz şəkildə dünya işığından və ya yeriməkdən məhrum qalır.
Burada sual yaranır ki, sözü gedən hadisə Allahın ədalət qanununa ziddirmi?
Daha bir misal göstərək. Misallar əqli həqiqətləri zəkaya yaxınlaşdırır, onu son və sübutlu nəticə almağa hazırlayır. Demək, bir neçə qram kol toxumunu yolumuzun üzərinə səpdiyimizi təsəvvür edək. Neçə ay və ya ildən sonra böyük bir kol səhrası ilə üzləşirik. Bu kollar daim hərəkətimizə mane törədir və bizə daima əzab verir...
Yaxud da yolumuz üzərinə bilərəkdən bir neçə qram gül toxumu səpirik və üstündən bir müddətdən sonra gözəl və ətirli gülüstan və çiçəkliklə üzləşirik. Onların gözəl ətri könlümüzü daima oxşayır, gözlərimiz önündə könül oxşayan mənzərə yaradır. Hər iki sonluq bizim əməllərimizin nəticəsidir və ədalət qanunu ilə də heç bir ziddiyyəti yoxdur. Halbuki, həmin əməllərin kəmiyyəti ilə nəticəsi arasında heç bir bərabərlik gözə dəymir.
Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticə almaq olar:
Mükafat və cəza insanın öz əməlinin təsir və nəticəsidirsə, kəmiyyət və keyfiyyət baxımından bərabərlikdən söhbət gedə bilməz.
İlk baxışda kiçik görünən bir çox pis əməlin aqibəti bir ömür məhrumluq, işgəncə və əzab, eləcə də zahirdə kiçik görünən çox yaxşı işlərin ömür boyu bərəkət dolu və xeyirli nəticələri ola bilər. (Yanlış anlaşılmasın deyə qeyd etmək lazımdır ki, burada kiçik dedikdə zaman baxımından az vaxt aparan əməllər nəzərdə tutulur. Çünki əbədi əzabla nəticələnən iş və günahlar keyfiyyət, eləcə də əhəmiyyət baxımından kiçik deyillər).
Buna görə də günah, küfr, təlatüm və zülm insanın bütün vücudunu əhatə edərsə, ruhunun qol-qanadı ikitirəlik və zülm odunda külə çevrilərsə, axirət dünyasındakı cənnət səmasında pərvaz etmə nemətindən bir dəfəlik məhrum olacağına, bu böyük itkinin ağrılı əzabına düçar olacağına təəccüb etməməlidir.
O, bu barədə məlumatlandırılmamışdımı? Bu böyük təhlükədən onu xəbərdar etməmişdilərmi?
Sözsüz ki, ilahi peyğəmbərlər bir tərəfdən, ağlın göstərişləri digər tərəfdən onu dəfələrlə xəbərdar etmişdi.
Yoxsa, o, ixtiyarsız və şüursuz şəkildə belə işlərə əl atmış və belə bir sonluğa düçar olmüşdur?
Xeyr! Hər şey bilərəkdən, qəsdən və ixtiyar çərçivəsində baş vermişdir.
Belə sonluğu onun başına gətirən yalnız özü və bilavasitə gördüyü əməllər deyilmi?
Bəli, sonluq hər nə olursa olsun, öz əməllərinin nəticəsidir.
Belə halda, kimsəyə şikayətlənməyə və kimsədən narazılığa yer qalmır. Başa gələnlərin ilahi ədalət qanunu ilə heç bir ziddiyyəti yoxdur. (5)
1. "Bəqərə" surəsi, ayə 81.
2. "Yasin" surəsi, ayə 54.
3. "Casiyə" surəsi, ayə 33.
4. "Qəsəs" surəsi, ayə 84.
5. “Nümunə təfsiri”, cild 9, səh. 289.
Nəşr tarixi: « 1393/12/06 »