Əhli-sünnə alimlərindən bir qrupu elə təsəvvür etmişdir ki, Peyğəmbərin (s) besəti Quranın nazil olması ilə yanaşı olmuşdur, ramazan ayında nazil olmuşdur. Lakin bu fikir aşağıda qeyd olunan dəlillərə əsasən düzgün deyildir.
Bu barədə şiə və əhli-sünnə məktəbləri arasında fikir ayrılığı var. Şiə alimləri arasında məşhur nəzəriyyə budur ki, o həzrətin besəti “Ammul-fil”dən (Fil ilindən) hesablandıqda 40-cı il, rəcəb ayının 27-sinə təsadüf etmişdir. Bütün şiə alimləri bunu təsdiq edir. (1)
Əhli-sünnə alimlərinin məşhur nəzərinə əsasən, Peyğəmbərin (s) besəti “Ammul-fil”dən 40 il sonra, ramazan ayında olmuşdur, lakin ramazan ayının neçəsində baş verməsi haqda onlar arasında fikir ayrılığı yaranmışdır; bir qrup bu ayın 17-si, bir qrup 18-i, digər bir qrup isə 24-ünü besət tarixi kimi vurğulamışdır. Həmçinin, besətin gecə və ya gündüz olması barədə də öz aralarında ixtilafları var. (2)
Bu qrupun qarşısında əhli-sünnə alimlərinin başqa bir dəstəsi rəbiul-əvvəl ayının 12-sini, digər bir dəstəsi isə həmin ayın 10-unu besət tarixi kimi qeyd etmişlər. (3)
Əhli-sünnənin ümumilikdə ramazan ayını Peyğəmbərin (s) besət tarixi kimi qəbul etməsi barədə onların uyğun mövzu üçün gətirdikləri dəlillərin bir növ ictihad hesab edilə biləcəyini və bu məsələnin bir neçə cəhətdən məqbul olmadığını deyə bilərik:
Əhli-sünnə alimlərindən bir qrupu elə təsəvvür etmişdir ki, Peyğəmbərin (s) besəti Quranın nazil olması ilə yanaşı olmuşdur, çünki Bəqərə surəsinin 85-ci ayəsinə əsasən – “Ramazan ayı, Quranın nazil olduğu aydır...” (4) və Quran ramazan ayında nazil olmuşdur. Deməli, Peyğəmbərin (s) besəti də həmin ayda gerçəkləşmişdir. Lakin bu fikir aşağıda qeyd olunan dəlillərə əsasən düzgün deyildir:
1. Təfsirçilərin nəzəri və ərəb lüğətinə əsasən, «انزال» “inzal” kəlməsi ilə istifadə olunan ayələr Quranın "tədricən" deyil, “birdəfəyə” nazil olması anlamındadır.
2. Bir çox əhli-sünnə aliminin nəzərinə əsasən, Quranın “birdəfəyə” nazil olması yalnız “Beytul-məmur”da baş vermis və ondan sonra tədricən nazil olmuşdur.
Belə ki, Süyuti özünün “Durrul-mənsur” kitabında sözügedən ayəni təfsir edərkən İbn Abbasdan belə bir hədis nəql edir: “O mübarək gecə Qədr gecəsidir və o gecə ramazan ayının gecələrindəndir. Quran həmin gecədə bütövlükdə “Zikr məqamı”ndan “Beytul-məmur”a nazil olmuşdur. Daha sonra isə əmr və qadağa, halal-haram, eləcə də döyüşlərlə bağlı olaraq tədricən həzrət Mühəmmədə (s) nazil olundu”. (5)
Başqa bir hədisdə isə Zəhhakdan və o da İbn Abbasdan belə nəql edir: “Quran bütövlükdə Allah-taala tərəfindən “Lövhi-məhfuz”dan mələklərə (vəhyi Cəbrayıl mələyə çatdıran və yazan mələklərə) nazil oldu. Onlar da 20 gecə ərzində Quranı tədrici olaraq Cəbrayıla (ə) və Cəbrayıl da 20 il müddətində tədricən Peyğəmbərə (s) nazil etdi”. (6)
3. Əhli-sünnə alimlərinin vurğuladığı dəlilin ikinci hissəsinə nəzər saldıqda aydın olur ki, Quranın nazil olmasını Peyğəmbərin (s) besəti ilə yanaşı hesab edirlər. Bu da onların öz sözləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, əksər əhli-sünnə mühəddis və tarixçiləri Peyğəmbərin (s) besət və nübüvvətinin ilk olaraq yuxu və röya halları ilə başlandığına, bir müddət keçdikdən sonra o həzrətə vəhy olunduğuna və nəhayət, Cəbrayılın (ə) Quranı gətirdiyinə etiqad bəsləyirlər. Qeyd edək ki, bu müddətin də 6 ay, 3 il, yaxud daha çox və ya az olmasında belə ixtilafları vardır. (7)
Bu kimi fikirləri Süyuti özünün “Əl-İtqan” kitabında əks etdirmişdir. (8)
Nəticə etibarilə, əhli-sünnə alimlərinin söylədiklərinə əsasən, Peyğəmbərin (s) besətinin Quranın nazil olması ilə eyni zamana təsadüf etməsinə inanmaq olmaz və Peyğəmbərin (s) besət tarixini onların söylədikləri kimi təyin etmək mümkün deyil.
1. “Biharul-ənvar”, c.18, səh.190; “Tarixul-xəmis”, c.1, səh. 280.
2. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, səh. 392.
3. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, səh. 392.
4. “Quranın tərcüməsi”, Ayətullah Məkarim Şirazi.
5. “Durrul-mənsur”, Süyuti, c.1, səh.189.
6. “Əl-İtqan”, Süyuti, c.1, səh.69.
7. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, c.1, səh-388; “Əl-İtqan”, c.1, səh.70.
8. “Əl-İtqan”, Süyuti, c.1, səh
Nəşr tarixi: « 1396/12/20 »