Son günlər sizin Ayətullah əl-uzma Məkarim Şirazi cənabları haqqında gileyli və həqarətli sözlərinizi eşitdim. Belə qərara aldım ki, illərlə hüzurunda elm öyrəndiyim böyük müəllimin, şiə dünyasının qarşısında borcumu və Allah dərgahında daşıdığım məsuliyyəti yerinə yetirim. Bu məqsədlə bir neçə məsələyə toxunmaq istərdim. Bu yazı, bəlkə də sizin davranışınızda təsirli olsun.
İlk öncə, onun öndər mərcəyi-təqlidlərdən biri olduğuna diqqət etməlisiniz. Bütün sayıq insanların fikrincə o, daim islamın və Əhli-beyt (əleyhis-salam) məzhəbinin şərəfini müdafiə edən insanlardan biri olub və olacaq. Onun ürəkağrısı ilə bir söz deməsi daşıdığı böyük və ağır məsuliyyətdən doğur. Buna inanmadığınız təqidirdə, həqiqəti anlamaq üçün başqalarından soruşun.
Hörmət və ədəb normalarına riayət etmək, onun nəsihətlərini bütün vücudunuzla dinləmək sizin vəzifənizdir.
Siz layiq olmayan və qəribə (Əl-fahişə ...) kitab yazmısınız və Londonda çox anlaşılmaz məclis təşkil etmisiniz. Bütün bunlara görə Şirazi cənabları sizin barənizdə sərt sözlər deyib. Buna görə siz, Şirazi cənablarından gileylənirsiniz.
Daha sonra - şübhəsiz ki, biz də, Ayişənin davranışlarında səhvlər müşahidə edirik. Onun, həzrət Əlinin (ə) əleyhinə - 20 min nəfərin ölümü ilə nəticələn qiyamını tənqid edirik. Lakin siz, Ayişəyə aid etdyiniz iyrənc böhtanlarla, müqəddəs Peyğəmbərimizə (səlləllahu əleyhi və alih) qarşı hörmətsizlik nümayiş etdirmisiniz. “Vialyət”-i qoruduğunuzu güman etdiyiniz halda “nübuvvət”-ə də xələl gətirmisiniz.
Əgər sizin özünüzə və ya adi bir şəxsə "həyat yoldaşınız zinakardır," yaxud da "Ayişə ilə bağlı Humeyra ləqəbi haqqında dedikləriniz (qələm onları yazmağa xəcalət çəkir) sizin həyat yoldaşınızda da var" deyilsə, qəbul edərsinizmi?
Bilirsinizmi?! Quranda həzrət Peyğəmbər (s) barəsində deyilib:
وَلَوْ کُنْتَ فَظّآ غَلِیظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِکَ
Yəni, Peyğəmbərdə (səlləllahu əleyhi və alih) insanların nifrət etdiyi sifətlər olmamalıdır. Sadaladığınız sifətdə həyat yoldaşı olan insan hamının nifrətinə səbəb olmazmı? Öz həyat yoldaşını belə işlərdən çəkindirə bilməyən peyğəmbər, bütün dünyanı islah etmək istəyərmi? Böyük şiə alimlərinin - "peyğəmbər (s) və imamların (ə) həyatlarında insanların nifrət bəslədikləri heç bir zəif nöqtə olmamalıdır" - dediklərindən xəbəriniz varmı? Sizin qələmə aldıqlarınız mütləq nifrət doğurur.
Quranda Nuh və Lut peyğəmbərlərin həyat yoldaşlarının barəsində "xəyanət etmişlər" deyilib. Bu isə heç şübhəsiz, onların düşmənlərə casusluq etməsindən başqa bir mənanı ifadə etmir. Onlar da bundan xəbər tutandan sonra həyat yoldaşlarından ayrıldılar.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi, həqiqətə uyğun olmayan sözlərinizlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) nübuvvətinin sual altına alındığını görür. Ona görə də coşub sizin başınıza fəryad çəkir ki, yuxudan ayılasınız, geri qayıdasınız və Peyğəmbərin (səlləllahu əleyhi və alih) şəxsiyyətini sual altına almayasınız.
Bundan əlavə, sizin sözləriniz vasitəsi ilə Ayişəyə görə şiə və əhli-sünnə arasında qarşıdurma yarana və qanlar tökülə bilərdi.
Amma bu dünya görmüş mərcəyi-təqlidin sizin barənizdə söylədiyi ifadələrdən - habelə digər görkəmli şiə alimlərinin xəbərdarlıqlarından sonra hamı başa düşdü ki, bu sözlərin şiə mərcəi-təqlidlərinə və böyük alimlərinə aidiyyəti yoxdur və onlar bu kimi sözlərə nifrət edir. Bununla da töküləcək qanların qarşısı alındı.
Sizcə böyük mərcəyi-təqlid şiələrin qanlarının axıdılmasının qarşısını almamalıdır? Sizin dünyanın bütün bölgələrində yaşayan şiələrin vəziyyətindən xəbəriniz varmı? Belə kitab və məclislər onlara hansı sonuclar vəd edir?!
Sizə məsləhət görürəm ki, bu yoldan çəkinəsiniz. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) mütləq üzr istəyəsiniz və Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin canıyananlıqdan dediyi sərt sözləri bütün vücudunuzla qəbul edəsiniz. Bu halda qurtularsınız.
Vəs-salam əla mən ittəbəəl-huda
10.01.2012
Ə. Əhmədzadə
"Əl-fahişə vəchun axər li Ayişə" kitabının müəllifinə cavab
Şübhəsiz ki, biz də, Ayişənin davranışlarında səhvlər müşahidə edirik. Onun, həzrət Əlinin (ə) əleyhinə - 20 min nəfərin ölümü ilə nəticələn qiyamını pisləyirik. Sizin Ayişəyə aid etdiyniz iftiralar isə, müqəddəs Peyğəmbərimizə (s) hörmətsizlikdir.