Bismillahir-Rəhmanir-Rəhim
Yenə də Məhərrəmul-Həram ayının gəlib çatması ilə əlaqədar böyük əhəmiyyət daşıyan dini mərasimlər - İmam Hüseyn üçün təşkil olunan təntənəli mərasimlər başlandı. Aydın dəlillərə əsasən gərək, İmam Hüseyn (əleyhis-salam) üçün qurulan məclislər və təşkil edilən dini heyətlər həmişəkindən daha fəal olsunlar və bu ayinlərə ehtiram göstərməklə düşmənin müxtəlif fitnələrini dəf etsinlər... İnşallah! Bu məsələ ilə əlaqədar bütün əzizlərin aşağıdakı məqamlara diqqət yetirəcəklərini ümid edirik:
- Möhtərəm natiqlər və vaizlər Hüseyn qiyamının və onun xatirəsini yad etməyin fəlsəfəsini hər il hamıya, xüsusilə də gənc nəslə açıqlasınlar.
- Möhtərəm məddahlar uzun və mənalı şerlərlə, bütün əzizlərin, xüsusilə də cavanların bu mərasimlərə maraq, sevgi və məhəbbətini artırsınlar. Süst və mənasız şerlərdən, habelə bu mərasimlərin ehtiramsızlığına, süstləşməsinə səbəb olan metodlardan çəkinsinlər.
- Möhtərəm dini icmalar bu mərasimlərin təntənəli keçməsi və bu ayinlərin təzimlə yad edilməsi istiqamətində əllərindən gələni əsirgəməməli və icazə verməməlidirlər ki, onların adından məzhəbin geridə qalmış, süst qələmə verilməsinə bais olan və ya düşmənlərin əlinə bəhanə verən işlər, məsələn, musiqi alətlərindən istifadə etmək, baş yarmaq və bu kimi işlər görülsün. Bəzi insanların bu kimi işlər görməsi İmam Hüseynə (ə) olan məhəbbətlərindən irəli gəlsə də, bu məhəbbəti Həzrət Hüseynin (ə) bəyəndiyi, İmam Zamanın (ərvahuna fidah) razı olduğu şəkildə izhar etmək lazımdır.
- Bu məktəbin bütün aşiqləri, qardaşlar və bacılar, xüsusilə də əziz gənclər nizam-intizama riayət etsinlər. Nizam-intizam sayəsində hər bir iş daha təntənəli, daha əzəmətli olur. Bundan əlavə, bütün xalq kütlələri, xüsusilə də möhtərəm natiqlər və məddahlar cinahlarla əlaqədar məsələləri müzakirə obyektinə çevirməsinlər. Bu mərasimlər vəhdət amilidir, ixtilaf və ayrılıq vasitəsi yox.
- Allaha şükürlər olsun ki, bizim ölkə və cəmiyyətimiz siyasi baxımdan tamamilə müstəqildir. Lakin təəssüflər olsun ki, son zamanlar bəzi informasiya vasitələrində və bir sıra ictimai münasibətlərdə, eləcə də dövlət təşkilatlarında İslam normalarının pozulması ilə nəticələnən mədəni asılılıq müşahidə olunur. Hüseyn Aşurası mərasimlərindən istifadə etməklə İslam əsilliyimizə qayıtmalı və qərbin zahirdə mədəni görünən fəsadının tədrici nüfuz dairəsindən qurtarmalıyıq. Hüseyn Aşurası mərasimlərinin nurundan istifadə etməliyik, çünki “Hüseyn hidayət çırağı və qurtuluş gəmisidir”.