Əzadarlıq məclislərində siyasi cinah və partiya mövzularına yer verilməsin.

Əzadarlıq məclislərində siyasi cinah və partiya mövzularına yer verilməsin.


Şübhəsiz ki, baş yaran kəslər həzrət Əba Əbdillahın (ə) aşiq və sevərlərindəndirlər, lakin hazırkı şəraitdə bu əməl Əhli-beyt (ə) məktəbinə zərbə vurur və mən özüm onun mənfi təsirlərini görmüşəm.‌

Şübhəsiz ki, qəmə vuran kəslər həzrət Əba Əbdillahın (ə) aşiq və sevərlərindəndirlər, lakin hazırkı şəraitdə bu əməl Əhli-beyt (ə) məktəbinə zərbə vurur və mən özüm onun mənfi təsirlərini görmüşəm.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi Qum şəhərində, “Məscidul-Əzəm”də özünün fiqhin ali mühazirələrində İmam Sadiqin (ə) bir hədisinə işarə edərək buyurdu: O həzrətin (ə) Peyğəmbərdən (s) nəql etdiyi bu hədisə əsasən, Allah Rəsulundan (s) sonra ən səxavətli şəxs bilik əldə edən, sonra yayan, başqalarına öyrədəndir.


O, mənəvi bəxşişin maddi bəxşişdən üstün olduğunu önə çəkərək, əlavə etdi: Məhərrəm ayının günləri bu hədisin göstəricisidir: bu günlərdə din təbliği aparan kəslər sözügedən hədisin nümunəsidirlər.
Ayətullah əl-üzma Məkarim Şirazi məhərrəm ayından yüksək dərəcədə istifadənin vacibliyinə işarə edərək, xətiblərə, məddahlara, məclis təşkilatçılarına və camaata “əzadarlıq məclislərinin prinsipləri” başlığı altında müraciət etdi və buyurdu: Xətiblər təkcə müsibət deməklə kifayətlənməməli, Aşura hadisəsinin köklərinə, nəticə və bərəkətlərinə də yer verməli, bu qiymətli əsərləri qoruması xüsusunda, camaata da vəzifəsini xatırlatmalıdırlar.


Ayətullah Məkarim Şirazi davamında buyurdu: İmam Hüseyn (ə) məclisləri ənənəvi formada aparılsın, müsəlmanlar arasında ikitirəlik və ya nifrət yaradan mövzuların dilə gətirilməsindən çəkinilsin; xarlıq və kiçiklik qoxusu gələn, Kərbəla şəhidlərinin şəninə uyğun olmayan mətləblər deyilməsin, əksinə bu qəhrəmanlıq hadisəsinin tarixi aspektləri diqqətə alınsın.
Həzrət Ayətullah Məkarim Şirazi gənclərin dinə və dini məsələlərə cəlb edilməsinin zəruriliyinə işarə edərək, bildirdi: Xətiblər ilahi hökmləri, düzgün etiqadları xalqa, xüsusən gənclərə çatdırmaqda bu fürsətlərdən yararlansınlar; əxlaqi mövzuları qabartmaqla, mövcud şübhələri də cavablandırsınlar, çünki əsrimizdə əxlaq pozğunluqları, əqidə azğınlıqları olduqca çoxdur.


O, həmçinin xətib və məddahlara sifariş etdi ki, əza məclislərində siyasi cinah və partiya mövzularının ortaya atılmasından çəkinilsin və sözünün davamında buyurdu: İslam sisteminin və ölkə müstəqilliyinin qorunmasının ümumi siyasəti hər kəs tərəfindən məqbuldur və bunu önə çəkməyin heç bir iradı yoxdur, amma seçkilər ərəfəsində siyasi təşkilat və partiyaların əza məclislərindən öz xeyirlərinə istifadə etməməsi xüsusunda, ayıq olmalısınız.
Məkarim Şirazi cənabları davamında məddahların həmişə məsum imamların (ə) sevimlisi olmasına və Dibil, Fərəzdəq və Kumeyt Əsədinın əhvalatının buna şahidliyinə diqqət çəkərək, buyurdu: Möhtərəm məddahların istifadə etdiyi şeirlər epik janrda olmalı, gənclərdə igidlik ruhunu oyatmalıdır: bu gün belə ruhiyyəyə hər zamankından daha çox ehtiyac duyuruq.


O, əlavə etdi: Əzadarlıq mövzu və şeirləri mötəbər və məşhur qaynaqlara uyğun olmalıdır, eləcə də zəif və ya sənədsiz mövzular deyilməməlidir.
Məkarim Şirazi cənabları açıqladı: Məddahlar bayağı səslərdən pəhriz etməli, ağır və möhtərəm üslublardan yararlanmalıdırlar ki, İmam Hüseyn (ə) məclisinə qarşı ikrah yaratmasın.
O, möhtərəm məddahlar tərəfindən əxlaq mövzularının bəyanını ləyaqətli iş sayaraq, buyurdu: “Seyyidüş-şühəda”nın (ə) macərası (hekayəsi) İslam yayımı macərasdır, ona görə ki, o həzrət buyurmuşdur: “Əgər mən Yezidlə beyət etsəm, “Fə ələl-İslami əs-səlam!” (yəni İslamın “fatihə”si oxundu). Deməli, belə məclislərdə diqqət mərkəzində olmalı mövzu, İslamın dirçəlişidir.


Ayətullah əl-üzma Məkarim Şirazi nitqinin davamında bildirdi: Məclis təşkilatçıları da ənənəvi üslubları qorumalı, sadə məclislərin təşkilinə səy göstərməlidirlər; israf, nümayiş, özünü göstərmək kimi hallardan çəkinilməlidir; hər şeydən çox gənclərin cəlb edilməsi yönündə çalışmalıdırlar, çünki hamıdan çox bu təbəqə təhlükədədir və İslam yolunda hamından çox canfəşanlıq edirlər.
Ayətullah Məkarim Şirazi məclis təşkilatçılarından istədi ki, məclislərinə savadlı xətibləri, vəzifəsini bilən məddahları dəvət etsinlər. Davamında buyurdu: Daha çox insan toplamaq məqsədilə, İmam Hüseyn (ə) əzadarlığının qırmızı xəttini keçməməliyik.
Ayətullah əl-üzma Məkarim Şirazi cənabları, yanlış “əzadarlar önündə qoyun kəsmək” adətinə işarə edərək, bildirdi: Bu iş, mühiti çirkləndirməkdən əlavə, məscid və hüseyniyyələrin murdarlanmasına da səbəb olur.


O, əzadar dəstələri önündə qurban nəzrini qeyri-qanuni sayaraq, buyurdu: “Qurbanlıq mütləq əzadar dəstələrinin önündə kəsilməlidir” – qeydi doğru deyil, əlbəttə şərtin pisliyi əməlin pisliyinə dəlalət etmir, yəni nəzir özü-özlüyündə düzdür. Odur ki, qurbanı başqa yerlərdə kəsə bilərsiniz.
Ayətullah əl-üzma Məkarim Şirazi sonda hörmətli əzadarların əza məclislərində köynəklərini soyunmamasını üstün tutdu: olmaya bu iş ikrah hissi yarada!
Sonra o, qəmə vurmaq məsələsinə də işarə etdi və buyurdu:
Şübhəsiz ki, qəmə vuran kəslər həzrət Əba Əbdillahın (ə) aşiq və sevərlərindəndirlər, lakin hazırkı şəraitdə bu əməl Əhli-beyt (ə) məktəbinə zərbə vurur və mən özüm onun mənfi təsirlərini görmüşəm. Yaxşı olar ki, qanlarını “Qanköçürmə” mərkəzlərinə bağışlasınlar və hansısa müsəlmana həyat versinlər:


ومن احیاها فکانما احیی الناس جمیعا


“Hər kim bir nəfərə həyat versə, sanki bütün bəşərə həyat vermişdir”.


Ümidvarıq, İmam Hüseynin (ə) builki əzadarlığı hər ildəkindən daha əzəmətli keçirilsin və Allah hər kəsə sonsuz mükafat versin!
Audio faylı yükləmək üçün düyməni basın

 

captcha