Həzrət Ayətullah Məkarim Şirazi Qumun “Əzəm” məscidində fiqh mühazirəsindən öncə verdiyi bəyanatında Bəhreyn hadisələrini təhlil edərək dedi: “Bəhreyndən mütəmadi olaraq acı xəbərlər gəlir. Müsəlman Bəhreyn xalqı nə istəyir? Onlar hakimiyyətin digər regionlarda tələb etdiyi demokratiya və xalq hakimiyyətinin bu ölkədə də qurulmasını istəyir. Amma Bəhreyn hakimiyyəti onların dinc etirazına sərtliklə cavab verir.
Son zamanlar oradan bizə iki xəbər çatıb. Birincisi budur ki, təxminən otuz şiə məscidi gecə yarısı buldozerlə yerlə yeksan edilib. Hətta orada olan Quran və dua kitablarının hörmətini saxlamayıblar. Digər xəbər isə budur: Bəhreyndə 9 din alimi xalqın dini işlərini qaydaya salmaq üçün “Bəhreyn üləma şurası” təşkil ediblər. Lakin hakim qurumlar şuranın işini dayandıraraq sözü gedən alimləri təzyiqə məruz qoyub. Görəsən, insan hüquqlarını müdafiə edən təşkilatlar haradadır? Nə üçün dodaqlarına sükut möhürü vurulub? Nə üçün etiraz etmirlər? İslam alimləri də bu olaylarla əlaqədar etirazını bildirməlidir. Bəhreyn xalqının qələbəsini uca Tanrıdan diləyirik.”