Sufiliyin ideoloji və dini mahiyyəti Ayətullah Məkarim Şirazinin nəzərində

Sufiliyin ideoloji və dini mahiyyəti Ayətullah Məkarim Şirazinin nəzərində


Sufiliyin tarixi kökləri. Sufi kimdir, təsəvvüf nədir? Bir nəzərə əsasən təsəvvüf düşüncəsinin mənşəyi. Təsəvvüf məktəbində ağıl və elmin aşağılanması.‌


Sufiliyin ideoloji və dini mahiyyəti Ayətullah Məkarim Şirazinin nəzərində

Sufiliyin tarixi kökləri. Sufi kimdir, təsəvvüf nədir? Bir nəzərə əsasən təsəvvüf düşüncəsinin mənşəyi. Təsəvvüf məktəbində ağıl və elmin aşağılanması. Elm – ən böyük hicab! Sufilərin zikr məclisləri, yaxud rəqs yığıncaqları. Sufilərin şeytani kəşf və müşahidələri. “Qütb” (pir, ustad) qarşısında təslimiyyət. Məsum (ə) ilə müxalifətçilik. Düşmən saxta məktəb yaratmaqla şiə ilə müharibəyə qalxıb.
Bir çox tədqiqatçılar inanır ki, müasir əsr mənəviyyat və bəşərin dinə qayıdış dövrüdür. Buna görə də, dünya xalqları arasında olduqca dərin mənəvi meyillər müşahidə olunur. Bu iddianın bir çox şahidi və dəlili var. (1)
Bir tərəfdən insanların mənəviyyata daxili meyli, başqa bir tərəfdən də maddi mədəniyyət və materialist məktəblərdən yorğunluq onları mənəvi məktəblərə tərəf sövq etmişdir. (2)

Amma insan bu yolu getmək üçün həmişə düzgün metod seçməyib. Bəzən kəsmə yollarda başını elə itirmiş və şeytanların müxtəlif tələlərinə düşmüşdür ki, tamamilə bu məqsədə zidd istiqamətdə hərəkət etmişdir. (3)
Belə olan şəraitdə “irfançı”ların bazarı qızışmışdır, çünki bir tərəfdən zamanımızda geniş şəkildə yayılmış maddi ləzzətlər, digər tərəfdən isə bu cinsi və qeyri-cinsi şəhvətpərəstlikdə azadlıq və mənəvi məsələlərlə də məşğul olmaq arasında saziş (barışıqlıq) yaratmaq, yalnız yalançı irfanlardan başqa heç bir yerdə görünmür. Onlar belə deyir: “Mühüm odur ki, qəlb və batin düzəldilərək islah olunsun. Amma zahirdə insan azad ola bilər”. Bu, keçmişdəki və hazırda yaşayan bəzi sufilərin dediyi aşağıdakı sözə bənzəyir: “Şəriət qabıq, təriqət içdir, həqiqətə çatmaq isə təriqətin nəticəsidir”. (4)

Buna görə də, təsəvvüf (sufizm) yolu “kompleks” (yığma) bir yoldur. Onun bir hissəsi peyğəmbərlərin (ə) təlimindən, bir hissəsi isə “riyazət” (nəfsə əzab vermək) öndərlərindən götürülmüşdür və hər bir dəstənin öz zövqünə uyğun olaraq dəyişikliklər aparıb ona qarışması nəticəsində çoxlu firqələr əmələ gətirmişdir ki, sayları həddi aşır. (5)
Burada, yaxşı olardı ki, bu kompleks yığma irfanın bir düşüncə kimi əqli və dini mahiyyətinə nəzər salaq və onların tutduqları bu yoldakı problemlərini araşdıraq. (6)

Sufiliyin tarixi kökləri
Bir qrup sufi çalışır ki, öz tarixlərini İslamın ilk çağlarına bağlasınlar. Hətta, necə deyərlər, “Xirqəni həzrət Əlidən (ə) alsınlar!” və Salmanı, Əbuzəri və Miqdadı öz şeyxləri olaraq göstərsinlər. (7)
Amma İslam tarixində və İslamın ilk əsrində İslam mühitində sufilikdən bir əsər-əlamət görünmür (8) və bu iddianın heç bir şahidi yoxdur. Əksinə, İslamın geniş yayıldığı II əsrdə və yad mədəniyyətlər tərcümə vasitəsilə İslam məmləkətlərinə daxil olanda, bir dəstə tərcüməçilərin sufiliyin İslam torpaqlarına gətirilməsində böyük təsirə malik olduğunu göstərən açıq-aydın sənədlər mövcuddur. (9)
Buna görə də, sufilik (sufizm) hicri II əsrdən başlayaraq “Hindu”, “Yunan” kimi xalqlar və məsihilərdən İslam sərhədlərinə daxil oldu, İslam əqidə və inancları ilə qarışaraq kompleks yığma bir firqə kimi formalaşdı. (10)

Buna əsasən də deyə bilərik ki, sufiliyin tarixi İslamdan öncəki dövrlərə gedib çıxır. Tarix göstərir ki, bu yalançı irfani cərəyan İslamdan öncə Yunanıstanda, Hindistanda, Avropa və Asiyanın digər müxtəlif ölkələrində mövcud idi. Bir qrup, qədim Yunanda “Kəlbiyyun” cərəyanını bir növ sufi cərəyanı (metodu) hesab edir. Hind “murtaz”larının (zahid, tərkidünya) və məsihi rahiblərinin yolları da həmçinin təsəvvüf rəngində və abu-havasındadır. (11)
Bu məsələ tədricən siyasi rəng aldı və Bəni-Abbasın digər xalqların elmlərinin idxalına və onların ərəb dilinə tərcüməsinə israr etməsi ilə III əsrin əvvəllərində cürbəcür məzhəb və firqələrin bazarı rövnəqləndi. O cümlədən, sufilik cərəyanı da müsəlmanlar arasında tədricən ortaya çıxdı və məzhəblərin bu pərakəndəliyi xəlifələr və onların dəstələrinə imkan verirdi ki, məzhəblərin bir-biri ilə ixtilaf və dava-dalaşlarından istifadə edərək özlərini əmin-amanlıq dairəsində saxlasınlar. (12)
Əbu Haşim Kufinin, təsəvvüf (sufilik) toxumunu İslam ərazisinə atan ilk adam olduğu məşhurdur. Bir rəvayətdə oxuyuruq: “O həmin adamdır ki, “sufilik” adlı bir məzhəb yaratdı və onu öz əqidəsinin iqamətgahı təyin etdi” (13) və (14)
Sözügedən yanlış irfanın müsəlmanlar arasında II əsrdə zühur etdiyini göstərən başqa bir şahid budur ki, sufiləri məzəmmət edən hədislərin çoxu İmam Sadiqdən (ə) və ondan sonrakı İmamlardan (ə) nəql olunub. Əllamə Məclisi “Biharul-ənvar”da onların mühümlərini bir yerə toplayıb. (15)

Sufi kimdir və Təsəvvüf nədir?
Min illər öncə Yunanıstan və Hindistanda bir sıra insan inanırdı ki, ləzzət, yemək-içmək, geyinməkdə “riyazət” çəkərək – özünə əziyyət verərək özünə qarşı amansız olmaqla mühüm və xariqüladə işlər bacarmaq, yaxud mənəvi məqamlara çatmaq olar. Onlar ləzzətləri tərk etməyi nəfsin qüvvətlənməsi və qüdrət əldə etməsinin səbəbi bilirdilər. (16)
İslam genişlənərək yayılanda bu düşüncə başqa ölkələrdən İslam məmləkətlərinə daxil oldu və bir qrup onu İslam zahidliyi, bəziləri isə İslam təlimləri ilə qarışdıraraq digər azğın və yığma fikirləri də əlavə etdilər və sufilik də onun son nəticəsi idi. (17)
“Sufiliyin tarixi” kitabının müəllifinin dediyinə əsasən, bu dövrün zahidlərinin əsər və sözlərində “Əməvi” hakimiyyətinin zülm və törətdiyi fəsad nəticəsində yaranan “zahidliyə meyl”dən başqa bir şey görünmür. Sonrakı əsrlərdə sufi söhbətlərinin əsas mehvəri olan eşq və məhəbbətdən, nə də ki, “vəhdəti-vücud” (panteizm) düşüncələrindən bir əsər-əlamət görürük. Həmçinin, “fəna” və “bəqa” haqqında, “səhv”, “sukr” və bunun bənzər məsələn, “qəbz-bəst”, “vəqt-hal”, “vəcd”, “cəm-təfriqə”, “zövq”, “məhv-isbat”, “təcəlla”, “mühazirə”, “mükaşifə”, “ləvaih”, “tale”, “təmkin” və s. kimi şeylərdən danışıldığı müşahidə olunmur. (18)

Əbul-Fərəc ibn əl-Cozi yazırr: “Sufi adı hicri 200-cü ildən az öncə ortaya çıxdı (məşhurlaşdı)”. (19) və (20)
Cüneyd Bağdadi deyir: “Təsəvvüf yəni hər növ pis və mənfi xasiyyətdən, əhval-ruhiyyədən xarıc olmaq və hər bir gözəl xasiyyətə daxil omaq...”. (21)
Bu tayfa əvvəldə bu cür idi, sonra İblis onları aldatdı, onlara hər gün yeni bir yalan gətirdi. Bu yalanlar hər əsrdə daha da çoxaldı. İblisin əsas hiyləsi sufiləri elmdən yayındırıb uzaqlaşdırması idi və beləcə, onlara dedi ki, əsl məqsəd əməldir. (22)

Elm çırağı onların nəzərində söndüyündən cəhalət qaranlıqları və zülməti onları bürüdü və bir sıra müxtəlif səhvlər etdilər. (23) və (24)
Bəziləri deyir ki, “sufi” sözü “suf”dan alınıb, çünki onlar əvvəldə yun paltar geyinirdilər. Bəziləri isə onları həyatda zahidanə yaşayan “Bəni-Sufə” adlı ərəb tayfasına nisbət verir. (25) və (26)
Bu izahlara əsasən belə demək olar: Sufilərə əvvəldə ona görə sufi demişlər ki, qalın yun paltar geyinərdilər. (27) Buna görə də, “suf” sözü “yun” mənasında götürülmüşdür və ilk yarandıqları dövrlıərdə yun paltar geyindiklərinə görədir. (28)

Bir nəzərə əsasən təsəvvüf düşüncəsinin mənşəyi
Sufi firqəsinin sözləri və inancının kökünü 4 şeydə xülasələşdirmək olar (29):
1. Bu cərəyanın təsisçiləri olan Hindlilər, Şamlılar ya da digərlərindən əlbəəl onlara çatmış təlimlər. (30)
2. Qədim Yunan maarif və təlimlərinin bir hissəsi ərəb dilinə tərcümədən və müsəlmanlar arasında yayılandan sonra ona qarışdırılmışdır. İngilis Ser Con Malkolm öz tarix kitabında yazır: “Bu cərəyanın böyükləri və sufilər Platon və Aristotelin sözləri ilə tam tanışdır və onların məşhur kitabları Platonun dediyi sözlərlə doludur”. (31). Bu söz hər bir sufi və hər bir Yunan filosofu haqqında doğru olmasa da, amma yunan düşüncə və fikirlərinin sufi inancı və əqidəsi ilə qarışdığını ümumi şəkildə təsdiq edir. (32)
3. Zamanca, şeir və irfani zövqü olanlar tərəfindən yazılmış, öncəki iki dəstə ilə qarışan bir sıra şeirlər və zövqə əsasən deyilmiş sözlər. Elə buna görədir ki, çox zaman onların sözlərinin bir hissəsinin sənədi, yalnız “şeir”dir (məntiqçilərin termini mənasında) və ya bir beyt şeirdir. (33)

Nəticədə, təsəvvüf bir mum kimi, lazım olan hər bir formaya düşə bilir və İslam mətnlərinə “rəyə əsasən təfsir” hakim olur, sözlər kinayə və məcazlara çevrilir, zövqə uyğun və şairanə məfhumlar həqiqi məfhumları əvəzləyir və bununla da ayə və hədislərə ön yarqılar yüklənir və İslam mətnləri onların istədiyi şeyi deyir. Şeyx Əttarın “Təzkirətul-ovliya” kitabının əvvəlində sufi şeyxləri haqqında verdiyi tərif bir çox məsələlərin üzərindən pərdəni qaldıra bilər. O yazır: “Quran və hədisdən sonra, təriqət şeyxlərinin sözündən daha üstün söz yoxdur...”. (34) Nəticədə, Peyğəmbər (s) və məsum İmamlardan (ə) başqasının bu məqama malik olduğunu iddia etmək, onların “şeyx”lərinə “lədunni” elm adı altında, sirlərdən və işlərdən xəbərdar olan biri kimi, İslam mətnlərinə istədikləri kimi izah verməkdə geniş meydan verir. (35)
4. İslam maarifi və həqiqətlərinin bir hissəsi öncəki üç prinsipə müəyyən həddə yaxın idi, yaxud da yaxınlaşdırılması və təvil (izah) olunması mümkün idi. (36) Məlumdur ki, müxtəlif mənbələrdən sufi inanclarını çıxararkən çox vaxt ziddiyyətlər yaranır və çarəsizlikdən təvil (izah) ilə aradan qaldırılır. Bu da “təvil və əsaslandırma” prinsipini, yaxud onların öz sözü ilə desək, “məğz və mənasına” varmağı təsəvvüfün əsaslarından biri kimi təyin etmişdir. (37)

Təsəvvüf məktəbində ağılın, elmin və biliyin təhqir olunması
Şübhəsiz, Allah-taalanın bəşəri yaratmaqda məqsədi onun səadət və xoşbəxtliyindən başqa bir şey olmayıb və bu məqsədi təmin etmək üçün onu iki mühüm qüvvə ilə silahlandırmışdır. Onun hər biri öz növbəsində böyük əhəmiyyətə malikdir. Biri ağıl qüvvəsi (38), digəri isə səmavi kitablarla peyğəmbərlərin (ə) göndərilməsidir. (39)
Belə ki, bu iki qüvvənin kamilləşdirilməsindən sonra, heç kim üçün heç bir üzr yeri qalmır və yaranan hər bir ümidsizlik, nakamlıq onun özündən qaynaqlanır. Necə ki, İmam Əlidən (ə) belə nəql olunub: “Allah-taala insanlara iki dəlil verib, biri aşkar, o biri isə gizlindir. Aşkar dəlil peyğəmbərlər (ə) və imamlardır, gizli isə ağıllardır”. (40) və (41)

Onu da qeyd edək ki, cisim ilə can arasında “instinkt” və “fitrət” adlı başqa bir qüvvə də yaradılıb və bunda hədəf, öncəki əsas iki qüvvəni təkmilləşdirmək və onlara dayaq olmaqdır. Eşq, yaxud ifrat dərəcədə məhəbbət adlanan hiss instinktlərdən biridir və hər fərdin həyatında dərin təsirə malikdir, hər bir kəsin səadət və bədbəxtliyinin onunla birbaşa əlaqəsi var. (42)
Buna görə də ağıl insana lazımi elm və biliklər verir, eşq isə onu elm, bilik və idraka vadar edir. Əgər eşq ağıldan ayrılsa, dəlilik edər, dağıdıcı, məhvedici şeyə çevrilər. (43)

Amma sufilər inanır ki, bu fenomen can və ruh məmləkətinin sultanıdır və ağıl isə onun işçi qüvvəsidir! Onlar hətta ağılı eşqin quşunun (44) pərvaz edərək ucaldığı yüksəkliklərə yol tapa bilməkdən də aşağı bilirlər. Bəziləri daha da mübaliğə edərək ağılı “haqq yolunun qulduru” hesab etmişdir və ilahi sirlər məmləkətində onu əcnəbi bilmişdir! Əksinə, eşqi gizli və açılmaz sirlərin sirdaşı və məhrəmi bilirlər. Bu inancın nəticələri onların nəsr və nəzmə çəkilmiş sözlərində görünür (hətta irfani fikirlərə dərindən maraqlanan qeyri-sufilərin şeirləri və sözlərində də müşahidə olunur). (45)
Hafiz deyir:
Əzəldə camalının işığı təcəllidən dəm vurdu,
Eşq ortaya çıxdı və bütün aləmə od vurdu.
Ağıl istədi ki, o şölədən çırağını yandırsın,
Qeyrət ildırımı parlayıb dünyanı bir-birinə vurdu.
İddiaçı istədi ki, tamaşaya gəlsin, bu zaman
Sirli qeyb əli gəldi naməhrəm sinəsinə vurdu. (46)

Bu əqidəyə inanmağın nəticələrindən biri budur ki, salik və Haqqın cilvəsini tələb edən şəxs əqli dəlilləri kənara atmalı, həqiqətlərin kəşf olunmasında ona söykənməməlidir. Bu tayfanın danışan dili olan Mövlana deyir (47):
Həkimin (filosofların) ayağı taxtadan olar,
Taxta ayaq da çox zəif olar. (48)

Elm – ən böyük hicab!
Sufizm (təsəvvüf) öz yolunu elmin yolundan ayırır. Onlar inanır ki, ağıl yolu yanlış və yolunu azmış bir yoldur, insanı həqiqətə çatdırmır. Əksinə, bunun üçün qəlb yolunu getmək və əqli dəlilləri kənara qoymaq lazımdır. (49) Buna görə də sufilər ağıla dəyər vermirlər, hətta əqli elmləri hicab, bəzən ən böyük hicab və din alimlərini bu yolun qarşısını alanlar adlandırırlar. Onlar inanırlar ki, bu yol eşq ayaqları ilə gedilməlidir. (50)
Buna görədir ki, onların “xanəgah” adlanan mərkəzlərində kitabdan, elmdən danışmaq pis bir şeydir. (51)
Əbu Səidin (öz müridlərinə) belə dediyi nəql olunur: “Sufiliyin əsası mürəkkəbi yığışdırmaq, dəftərləri (və kitabları) cırmaq və elmi unutmaq, kənara qoymaqdır!”. (52) və (53)

Onlar elm və alimlə bu cür düşmənçilik edir. Ola bilər ki, bugünkü sufi belə deməsin, amma bunlar təsəvvüf tarixində qeyd olunmuş məsələlərdir. (54)
Əgər bəzi kitablarda “elm - ən böyük hicabdır” cümləsi gəlibsə, şübhəsiz ki, elm dedikdə məqsəd insanın qürurlanmasına səbəb olan elmdir, yoxsa heç kim elmi məzəmmət etmir. Buna görə də, əgər belə bir cümlə varsa da, izah olunmalıdır. (55)
Beləcə, “yığma” irfan olan sufiliyin ən bariz xüsusiyyətlərindən biri elm, bilik, kitab, düşüncə və təfəkkürlə mübarizədir. Halbuki İslam irfanının xüsusiyyəti bütün mərhələlərdə elm və biliyi müdafiə etməsidir. (56)
Məşhur bir hədisdə oxuyurur ki, İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Qiyamət günü, alimlərin mürəkkəbi şəhidlərin qanı ilə müqayisə olunar və alimlərin mürəkkəbi şəhidlərin qanından üstün olar!”. (57) və (58) İndi görün fərq hardan haradır?! (59)

Sufilərin zikr məclisləri, yaxud rəqs yığıncaqları
“Sufilik” cərəyanının əsas sütunlarından biri kimi zikr digər sütunlardan daha çox diqqət mərkəzindədir. (60) Sufilər “eşq ağıldan üstün” prinsipinə əsasən zikri də fikirə üstün tutur və vaxtın çoxunu özlərinəməxsus zikirlərə sərf edirlər. Bu zikirlərin özü kimsə tərəfindən düzəltmə olmasa da, amma ən azı onun həddi-hüdudu və yerinə yetirilmə keyfiyyəti saxta və düzəltmədir. (61)
Xatırladaq ki, birinci əsrin sufiləri zikr edərkən İslam hədlərinə, qanunlarına riayət edirdilər, amma yavaş-yavaş zikr söz halından çıxaraq və axırıncı sufilər vasitəsilə müxtəlif İslam məmləkətlərində müxtəlif formalara salındı. “İranda xanəgahın tarixi” kitabının müəllifini yazır: “Zamanın keçməsi, xanəgahların yayılması ilə, gizli-aşkar zikirləri sınamaqla əldə olunan təcrübələrə əsasən, bəzi təriqət rəhbərləri zikr zamanı sözün təsirindən başqa salikin daha da təhrik olunması üçün, qan dövranının sürətlə cərəyan edərək bədənin qızışması ilə onun mötədil həddən çıxaraq huşu itirmə halına çatması və mənəvi cazibəsinin daha da yüksəlməsi üçün bədənin müxtəlif hallarında müxtəlif bədən hərəkətlərini ona əlavə etməyi münasib gördülər. (62)
Bu rəqsdə və bu hayda və bu küydə,
Ay üzlüm, aramızda sən də dövr eylə! (63)

Onu da qeyd edək ki, “mövləvilər” (mövlanaçılar) də rəqs edən və fırlanan (səma rəqsi edən) dərvişlər kimi tanınmışlar. Onlar “səma” evlərində dairə şəklində toplaşıb, “Allah” sözünü 1001 dəfə deyirlər. (64) və (65)
Hər halda, sufi məclisləri qədimdən “səma” və “zikr” ilə birlikdə olub. Bu rəqs məclisi dəstə halında ayaqların yerə vurulması, əllərin açılması, əl çalınması ilə, şeir oxumaqla “səma” adı ilə xanəgahlarda keçirilirdi. Hətta bu məsələ o qədər ciddiyə alındı ki, bəziləri belə deyirdi: “Sufilik, yalnız rəqsdən ibarətdir”. (66) və (67)
İslam təlimlərindən ümumi məlumatı olan hər kəs bilir ki, bu rəqs və hay-küylər sufilərin çirkin bidətlərindəndir və İslama heç bir aidiyyatı yoxdur. (68)
Buna görə də, zikr demək və dua etmək yaxşı şey olsa da, amma onun ruhu və canı Allaha diqqətdir. Şübhə yoxdur ki, bu məna fikir ilə eyni şeydir. Elə isə, nə gözəl olardı ki, bu sadəlövh rəhbərlər vaxtlarını gecə-gündüz müxtəlif formalarda düzəltmə zikirləri (69) deməyə sərf etməkdənsə, onun bir saatını sükut edib, elm və imanın kökü olan təfəkkürə atılsınlar və bununla da səadətin mənşəyi olan ruhlarını, idrakı və imanı gücləndirsinlər. (70)

Sufilərin şeytani kəşf və müşahidələri
Sufilərin məktəblərinin əsas sütunlarından birini təşkil edən “kəşf”, “şühud” və “röya” iddiasıdır. (71) Sufilərin öz şeyxlərinə nisbət verdikləri bir çox qəribə iddia və kəramətlər də buna söykənir. (72)
Sufilər inanır ki, salik “riyazət” nəticəsində elə bir məqama yüksələ bilər ki, qeyb aləmlərinin qapıları onun üzünə açıla və təbiət fövqündəki həqiqətləri gözləri önündə müşahidə edə bilər. (73)
Bu iddialar əvvəldə çox cazibədar olub həqiqət eşqi ilə yananların hisslərini təhrik edə bilər, hansı ki onları su ümidi ilə ilğım arxası ilə aparar, amma aldadıcı olduğu həddə də acı və təhlükəli nəticələri vardır. (74)

Məlumdur ki, sufilərin və çətin “riyazət” əməlləri edənlərin iddia etdiyi “kəşf”lər (fərz edək ki, yalan demirlər) çox vaxt vahimə qüvvəsinin fəaliyyətindən qaynaqlanır və o da bir sıra inkarolunmaz psixoloji qanunların nəticəsidir. Buna əsasən, səhrada yol gedənlərin gözünə görünən ilğımlara bənzətmək olar. Amma bu fərqlə ki, ilğım Günəş işığının əks olunması və işığın sınma qanununun, bu kəşflər isə vahimənin nəticəsidir. Ancaq, həqiqət olmadıqları cəhətindən ortaqdırlar. (75)
Əlbəttə, eyni halda, bəşərin “kahinlik” kimi şeylərin və bəzən də maqnit cazibəsi yuxusu vasitəsilə, çətin riyazət ilə və bu kimi şeylərlə gözdən uzaq olan bir sıra gizli şeylərdən və həqiqətlərdən xəbərdar ola biləcəyini inkar etmək olmaz. (76) Amma bunun üçün əlimizdə müəyəyn hədd-hüdud və sabit ölçü yoxdur. Digər tərəfdən isə, bu zaman da səbəbləri məlum olmayan bir çox səhvlər baş verir və düzgün kəşfi yanlış kəşfdən ayıran bir vasitəmiz yoxdur. (77)

“Qütb” (pir, ustad) qarşısında təslimiyyət və məsum ilə müxalifətçilik
Xatırlatmaq lazımdır ki, sufilər öz ardıcıllarına adətən bir sıra əməl olunacaq göstərişlər verirlər. Bunlar bir çox hallarda nə əqli, nə də şəri meyarlarla uyğun gəlir. Buna görə də ardıcılını bu əməllər qarşısında təslim etmək və bu əməllərin icrasının onlara tam mənada zəruri olduğunu aşılamaq üçün şeyxlərinin fövqəladə həddə böyük məqamlara və tamamilə geniş ixtiyara malik olduqlarını deyirlər. (78)
Sufilərin bu haqda məntiqi bundan ibarətdir: “Allaha doğru hərəkət edən salik”, seyri-sülukun təhlükəli eniş-yoxuşlarından salamat keçsin, təhlükəli nəfsani və şeytani tələlərə düşməsin və xəyalın iztirablarından amanda qalsın deyə, özü üçün bir rəhbər seçməlidir. Ona görə ki, bu yol çox təhlükəlidir və bu yolu getmək onu başa vuranla birlikdə getməkdən başqa heç bir yolla mümkün deyil! (79)

Sufilər bu rəhbəri “qütb” adlandırır və bu adı adətən o adama verirlər ki, onların inancına əsasən, seyri-sülukda tam mənada ehtiyacsızdır, ona rəhbər lazım deyil. Amma əgər tam ehtiyacsız olmayıbsa, onu, bəndələri hidayət etməyi “qütb”dən icazə almış “şeyxi-mucaz”, ya da “mürşid” adlnadırırlar. (80)
Sufilər adətən inanır ki, hər şey, əməllər, sözlər (hətta dedikləri zikrlər) şeyxin, qütbün və mürşidin icazəsi ilə olmalıdır və onların icazəsi ilə olmayan zikirlərin, mənəvi məqamları keçməkdə o qədər də təsiri olmayacaq! (81)
Sufilərin mürşid və qütb qarşısında heç bir şəkildə “niyə” və “nə üçün” demək haqları yoxdur. Onlar qarşısında ən kiçik müqavimət göstərmək həqiqətdə “yoldan çıxma” sayılır və bəlkə də “başı tapşırmaq” (baş vermək) ünvanı da bu münasibətlə deyilir. Yəni özünün hər şeyini tam şəkildə ixlasla bir dəfəlik qütbün ixtiyarına qoyaraq başını da ona tapşırır. (82)

Bu cür inanc bir növ şəxsiyyətpərəstlikdir və nəhayətdə onun sonu şirkdir. Necə ki, hətta ibadətlərdə də, qütb və mürşidin surətinə “Xaliqin tam məzhəri” adı məqsədi ilə olsa belə, tamaşa etmək bir növ şirkdir. (83)
Bu əqidə ilə Məsumların (ə) kəlamlarından nəql olunmuş sözlər arasında nə qədər də fərq var: “Səni Allahdan ayıraraq özünə məşğul edən hər bir şey sənin bütündür!” (84)
Peyğımbərlər (ə) və İmamlar (ə) heç vaxt heç kimə belə əməllər tapşırmayıb. Əksinə, göstəriş verirdilər ki, heç bir vasitə olmadan Allaha tərəf yönəlsinlər. İslami tövhid ruhu bu cür şirk nümunələri və şəxsiyyətpərəstliklə mübarizə aparır! (85)

Son söz:
Düşmən saxta məktəb yaratmaqla şiə ilə müharibəyə qalxıb
Sonda deməliyik ki, dünya hegemonları və İslam düşmənləri “İslam əvəzində” məqsədilə yeni məktəb yaratmaqla və uydurma sistemlər icad etməklə sufiliyə üz tutaraq cavanları azdırmaq istəyirlər. Buna görə də onların hiylələrindən ehtiyatlı olmalıyıq. (86)
Biz gərək oyaq olaq və İslamın zəngin və ehtiyacsız mədəniyyətinə söykənərək gənc nəsli maarifləndirək, çünki düşmənlərin proqramları şübhələr yaratmaqla gənclər üzərində təmərküzləşmişdir. (87)

1. “İslam irfanı”, “Səhifeyi-Səccadiyyə”yə geniş şərh, səh. 217.
2. Həmin yerdə, səh. 218.
3. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 17.
4. “İslam irfanı”, “Səhifeyi-Səccadiyyə”yə geniş şərh, səh. 218.
5. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 18.
6. Həmin yerdə.
7. Həmin yerdə, səh. 23.
8. Həmin yerdə, səh. 19.
9. Həmin yerdə.
10. Həmin yerdə, səh. 23.
11. Həmin yerdə, səh. 18.
12. “İslam irfanı”, “Səhifeyi-Səccadiyyə”yə geniş şərh, səh. 244.
13. “Səfinətul-bihar”, c. 2, səh. 57.
14. “İslam irfanı”, “Səhifeyi-Səccadiyyə”yə geniş şərh, səh. 244.
15. Bax: “Biharul-ənvar”, c. 11, 15 və 17.
16. “İmam Əlinin (ə) mesajları”, c. 8, səh. 131.
17. Həmin yerdə.
18. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 21.
19. “Sufiliyin tarixi”, səh. 23.
20. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 22.
21. Həmin yerdə.
22. Həmin yerdə.
23. “Təlbisu-İblis”, səh. 173.
24. “Haqqın təzahürü”, keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 22.
25. Bax: “Ənsab” kitabı.
26. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 22.
27. “İmam Əlinin (ə) mesajları”, c. 8, səh. 131.
28. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 23.
29. Həmin yerdə, səh. 86.
30. Həmin yerdə, səh. 86.
31. Həmin yerdə, səh. 87.
32. Həmin yerdə.
33. Həmin yerdə.
34 “Sufiliyin tarixi”, səh. 194.
35. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 33.
36. Həmin yerdə, səh. 87.
37. Həmin yerdə.
38. İnsan təbiət və fitrəti iki böyük qüvvə əsasında yaradılmışdır. Onun hər biri insan həyatında mühüm rol ifa edir. Biri “ağıl” (əql) adlanan fikirləşərək düzgün ilə yanlışı ayırd edən qüvvədir. Bu qüvvə elə bir çıraqdır ki, həyat və yaşam yolunu işıqlandırır, insanı həyatın dolaşıq və qaranlıq yollardan keçirir (“Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 93). O biri qüvvə isə insan təbiətində başqa şeyə qarşı qoyulmuş meyil və cazibədən ibarət olan “eşq”dir. Eşq elə bir qüvvədir ki, həyata hərarət və hərəkət bəxş edir və insanı kamilliyə, dinamikliyə, axtarışa, çalışmağa sövq edir (“Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 93).
39. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 93.
40. “Üsuli-kafi”, c. 1, səh. 16.
41. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 98.
42. Həmin yerdə.
43. Həmin yerdə.
44. Həmin yerdə.
45. Həmin yerdə, səh. 99.
46. Həmin yerdə.
47. Həmin yerdə, səh. 101.
48. Həmin yerdə.
49. “Ənvaru-hidayət”, əxlaqi bəhslər məcmuəsi, səh. 607.
50. “İslam irfanı”, “Səhifeyi-Səccadiyyə”yə geniş şərh, səh. 245.
51. “Ənvaru-hidayət”, əxlaqi bəhslər məcmuəsi, səh. 607.
52.  “Əsrarut-tovhid”, səh. 32,33.
53. “Quranda əxlaq”, c. 1, səh. 396.
54. “Ənvaru-hidayət”, əxlaqi bəhslər məcmuəsi, səh. 608.
55. Həmin yerdə.
56. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 27.
57. “Biharul-ənvar”, c. 2, səh. 16,  hədis 35.
58. “Quranda əxlaq”, c. 1, səh. 396.
59. Həmin yerdə.
60. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 135.
61. Həmin yerdə, səh. 131.
62. Həmin yerdə, səh. 135.
63. Həmin yerdə.
64. “İranda xanəgahın tarixi”, səh. 418.
65. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 135.
66. “Kəşful-məhcub”, səh. 542.
67.  “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 187.
68. Həmin yerdə, səh. 135.
69. Həmin yerdə, səh. 137.
70. Həmin yerdə, səh. 138.
71. Həmin yerdə, səh. 139.
72. Həmin yerdə.
73. Həmin yerdə.
74. Həmin yerdə, səh. 140.
75. Həmin yerdə, səh. 151.
76. Həmin yerdə, səh. 171.
77. Həmin yerdə.
78. Həmin yerdə, səh. 193.
79. Həmin yerdə, səh. 194.
80. Həmin yerdə.
81. Sufilər “pir”, “qütb” və “mürşid” məqamları haqqında çox qülüv edirlər. Onların ruhən Allahla vəhdətdə olduqlarını və əməllərinin də Allahın əməlləri olduğunu hesab edərlər. Onların hər bir dediyini sorğu-sualsız yerirə yetirər və düzgün sayarlar (“Haqqın təzahürü”  – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 194 və 202).
82. “Haqqın təzahürü” – keçmiş və hazırkı sufilik haqqında müzakirə, səh. 196.
83. Həmin yerdə, səh. 201.
84. Həmin yerdə.
85. Həmin yerdə, səh. 202.
86. Ayətullah Məkarim Şirazinin “Ölkənin icra hakimlərinin ictimai-mədəni təşkilatı”nın üzvləri ilə görüşündəki çıxışlarından. (2013-cü il)
87. Həmin yerdə.

Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
www.makarem.ir

Yayım tarixi: 22.02.2018

 

captcha