Ayətullah Məkarim Şirazi tərəfindən fitrə zəkatının miqdarı müəyyən edildi və ölkə üzrə bütün ofislərə bildirildi.
Ayətullah Məkarim Şirazinin fətvasına əsasən, bu ilin fitrə zəkatı Tehranda satılan buğdanın əsas qiymətinə görə 7000 tümən (Azərbaycan üçün aşağıdakı qeydə baxın), düyünün əsas qiymətinə əsasən, 15000 tümən (Azərbaycan üçün aşağıdakı qeydə baxın) elan edildi.
Qəsdən pozulmayan orucun kəffarəsinin məbləği iki min tüməndir (2000 tümən=0.90qəp.) və həmin məbləğ çörəklə ödənilməlidir. Həmçinin, qəsdən pozulan orucun kəffarəsi yüz iyirmi min tüməndir (120000 tümən=52man. 20qəp.).
Qeyd etmək lazımdır ki, Ayətullah Məkarim Şirazinin şəriət hökmləri risaləsinin 1692-ci məsələsinə əsasən, Fitr bayramının axşamı qürubdan qabaq – günəş batmazdan öncə həddi-büluğ, aqil və zəngin olan kəslərə fitrə zəkatı vacibdir. Yəni, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün bir “sa” (təxminən üç kiloqram) miqdarında buğda, arpa, xurma, düyü, qarğıdalı və bu kimi qida növləri də daxil olmaqla, həmin məntəqə sakinlərinin istifadə etdikləri normal qida növündən “müstəhəqqə” – yoxsula verməlidir. Adı sadalanan qida növlərinin əvəzinə pulunu da versə, kifayətdir.
Yeri gəlmişkən, Ayətullah Məkarim Şirazinin fətvasına əsasən, əgər kimsə yalnız Fitr bayramı gecəsinin iftarında başqasına qonaq olarsa, fitrə ev sahibinin deyil, həmin şəxsin öz boynunadır.
Qeyd: Azərbaycan üçün buğda qiyməti meyarı ilə hər adam başına düşən fitrə zəkatının miqdarı buğdanın qiymətindən asılı olaraq dəyişə bilər. Əgər buğdanın qiyməti 30 qəpikdirsə, fitrə zəkatının minimum qiymətini 90 qəpik götürmək olar. Amma gündəlik yeməyində əsasən düyü istifadə edənlər üçün üç kq düyünün pulunu çıxarmaq lazımdır. Yəni misal üçün istifadə etdikləri düyünün qiyməti 2.50 azn dırsa, fitrənin qiyməti 7.50 azn olacaq.
Yayım tarixi: 04.07.2016