Əsil İslamın yaşaması, davamlı olması üçün məsum imamların (ə) vilayət və imamətinin hökm sürməsində Qədir-Xum hadisəsi ən əhəmiyyətli tarixi hərəkat kimi hicri-qəməri tarixlə 10-cu il, zilhiccə ayının 18-də gerçəkləşdi. Buna görə də Qədir-Xum mədəniyyəti konteksində “vilayət” mövzusuna dair biliyin dərinləşməsi və məsum imamlara (ə) itaətin lüzumu əsas elementlərdəndir ki, bu əsas səciyyəvi cəhət haqqında təfəkkür və təhlilin zərurətini iki qat artırmışdır. Bunu rəhbər tutaraq, Ayətullah əl-üzma Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə etməklə, Qədir-Xum hadisəsindəki vilayətin ontoloji səciyyələrinin parametr və aspektləri bu kiçik yazıda oxuculara təqdim edilir:
Həzrət Ayətullah Məkarim Şirazinin kəlamlarında Qədir-Xum hadisəsinə ümumi baxış
Allah Rəsulunun (s) ömrünün son ilində, “həccətul-vida” (vida həcci) mərasimi Peyğəmbərin (s) hüzurunda çox möhtəşəm şəkildə sona çatdı. Bu səfərdə Peyğəmbəri (s) təkcə Mədinə əhalisi müşayiət etmir, bəlkə Ərəbistan yarmadasının müxtəlif bölgələrinin müsəlmanları da böyük tarixi iftixar qazanmaq üçün Peyğəmbərə (s) yol yoldaşlığı edirdilər.
Hicrətin onuncu ili, cümə axşamı idi. Qurban bayramından düz səkkiz gün keçirdi. Birdən-birə onunla yanaşı olanlara Peyğəmbər (s) tərəfindən Qədir-Xumun susuz və yandırıcı səhrasında durmaq əmri verildi.
…Peyğəmbər (s) oradakılara bildirdi ki, hamı geniş bir xütbə əsnasında deyiləcək ilahi vəhyi eşitməyə hazır olsun… Buna görə də dəvələrin yükündən bir minbər düzəldildi. Peyğəmbər (s) onun üstünə çıxdı. İlk öncə Allaha həmdu-səna etdi və özünü Ona tapşırdı, sonra camaata müraciətlə belə buyurdu:
“Mən tezliklə, Allahın dəvətini qəbul edəcək və sizin aranızdan gedəcəyəm. Mənim də məsuliyyətim var, sizin də, siz mənim barəmdə necə şahidlik edirsiniz?” (1)
Camaat səslərini ucaltdı: “Şəhadət veririk ki, sən risalət vəzifəsini çatdırdın, xeyirxahlığın şərtinə əməl etdin, bizim hidayətimiz üçün əlindən gələni əsirgəmədin. Allah səni xeyirlə mükafatlandırsın!”.(2)
Sonra buyurdu: Sizlər Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə, qiyamət gününün haqq olmasına və o gündə ölülərin dirildilməsinə şəhadət vermirsinizmi?!”.
Hamı dilləndi: “Bəli, şəhadət veririk!”.
Peyğəmbər (s) buyurdu: “İlahi! Şahid ol!...”(3).
Növbəti dəfə buyurdu: “Ey camaat! Mənim səsimi duyursunuzmu?”
Dedilər: “Bəli!”
Ardınca səhraya tam sakitlik çökdü və küləyin həzin zümzüməsindən başqa heç nə eşidilmirdi.
Peyğəmbər (s) buyurdu: “İndi, sizin aranızda yadigar qoyacağım iki ağır və dəyərli şeylə necə davranacaqsınız?”
Cəmiyyətin arasından biri dilləndi: Hansı iki dəyərli şey, ey Allahın Rəsulu?!
Peyğəmbər (s) buyurdu: Birinci ağır əmanət Allahın kitabıdır ki, onun bir tərəfi Pərvərdigarın, digər tərəfi isə sizin əlinizdədir. Yolunuzu azmamağınız üçün ondan əl çəkməyin. İkinci dəyərli yadigarım mənim xanədanımdır. Mehriban və agah Allah mənə xəbər verib ki, bu ikisi cənnətdə mənə qovuşana qədər bir-birindən əsla ayrılmayacaq. Bu ikisindən önə keçməyin ki, məhv olarsınız və onlardan geri qalmayın ki, yenə də həlak olarsınız.
Birdən camaat gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır, sanki kimisə axtarır. Elə ki, gözü Əliyə (ə) sataşdı, irəli əyildi və əlindən tutub yuxarı qaldırdı. Belə ki, hər ikisinin qoltuq nahiyəsinin ağlığı göründü. Hamı onu gördü və tanıdı. O, İslamın məğlubedilməz sərkərdəsi həzrət Əli (ə) idi. Burada Peyğəmbərin (s) səsi daha gurlaşdı və yüksək səslə buyurdu:
ايّها النّاس من اولى النّاس بالمؤمنين من انفسهم
“Ey camaat! İnsanlar arasında müsəlmanlara özlərindən daha layiqlisi kimdir?” (5)
Dedilər: “Allah və Peyğəmbəri (s) daha yaxşı bilir”.
Peyğəmbər (s) buyurdu: Allah, mənim mövlam və rəhbərimdir. Mən isə möminlərin mövlası və rəhbəriyəm və onlara özlərindən daha layiqliyəm (və mənim iradəm onların iradəsindən öndədir). Ardınca buyurdu: “فمن كنت مولاه فعلىّ مولاه”, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlası və rəhbəridir” və bu cümləni üç dəfə təkrar etdi. Bəzi hədis nəql edənlərin dediyinə görə, Peyğəmbər (s) dörd dəfə təkrar etdi…
…Allah Rəsulunun (s) xütbəsi sona çatdı. Peyğəmbərin (s), Əlinin (ə) və camaatın üzündən tər axırdı. Cəmiyyət sıraları hələ dağılmamış, Allah vəhyinin əmanətçisi nazil oldu və bu ayəni Peyğəmbərə (s) oxudu:
“الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي”…
“Bu gün sizin dininizi kamil etdim və sizə olan nemətimi tamama yetirdim”.
Peyğəmbər (s) buyurdu:
“اللّه اكبر، اللّه اكبر على اكمال الدّين و اتمام النّعمة و رضى الرّبّ برسالتى و الولاية لعلىّ من بعدى”,
“Allah böyükdür, Allah böyükdür! O Allah ki, dinini kamil, nemətini isə tamam etmiş və mənim peyğəmbərlik və elçiliyimdən, Əlinin məndən sonrakı vilayətindən razı və şad olmuşdur”.
Bu qeyd edilənlər, əhli-sünnə və şiə alimlərinin kitablarında gələn məşhur Qədir hədisinin xülasəsidir. (6)
Vilayətin çatdırılması – Qədir-Xum hadisəsində Peyğəmbərin (s) ən mühüm risaləti (vəzifəsi)
Etiraf etmək lazımdır ki, Qədir-Xum hadisəsində Peyğəmbərin (s) missiyası siyasi xarakter daşıyırdı. Bir dəstə onunla müxalifət etmək üçün, mübarizəyə bel bağlamış, hətta bu yolda Peyğəmbərə (s) qarşı çıxmağa hazır durmuşdular. (7) Odur ki, bütün bu aspektləri nəzərə aldığımız, bitərəf, insafla onu mütaliə etdiyimiz və təəssüb və inadkarlığı kənara qoyub qərar verdiyimiz zaman Qədir-Xumda rəsmi surətdə elan edilən Peyğəmbərin canişinlik və vilayət məsələsindən başqa bir şeyə varmırıq. (8)
Bəli! Elə bir məsələ ki, Peyğəmbər (s) ömrünün son ilinə kimi rəsmi surətdə onu bəyan etməmişdi. Hansı ki, Peyğəmbərlərin sonuncusunun (s) nübuvvət və risalətinə bərabər və eyni səviyyəli idi. Bir qrup insan onunla mübarizə aparmaq üçün sözü bir yerə qoymuşdular. Allah-taala Peyğəmbəri (s) qorumaq üçün bu missiyanın icrasında ona zəmanət vermişdi. Həmin önəmli və həlledici məsələ Peyğəmbərin (s) canişinliyi idi. Hərçənd, Peyğəmbər (s) Əlinin (ə) vilayət məsələsini dəfələrlə elan etmişdi, lakin rəsmi surətdə, dünya müsəlmanların hüzurunda bildirilməmişdi. Buna görə də, bu böyük missiya o həzrətin (s) vida həccindən döndüyü zaman, Qədir-Xum səhrasında ən gözəl formada həyata keçirildi: Peyğəmbər (s) Əlini (ə) öz canişini kimi tanıtdıraraq, öz risalətini təkmilləşdirmiş oldu. (9)
İslamda vilayətin təbliğinin zərurəti
Vilayətin namaz, oruc, həcc və zəkatın reallaşmasında vilayətin rolu danılmazdır. Bu ibadətlərin, eləcə də digər ibadətlərin məzmunu vilayət sayəsində praktiki hal alır; İslam vilayəti və hakimiyyəti olmadan bu hökmlər kağız üzərində cızma-qaradır. Həmçinin həkimin nüsxəsi kimidir ki, ona əməl etmədən, xəstənin sağalması mümkün olmayacaq. (10) Buna görə də vilayət, məsum imamlar və onların canişinləri tərəfindən İslam qanununun icrası mənasındadır. Deməli, nəticəsi İslam höküməti olan vilayət namaz, oruc, həcc və zəkatdan üstündür, hansı ki, həzrət Əlinin (ə) Qədir-Xumdakı vilayətindən qaynaqlanmışdır. (11)
Bu açıqlama ilə, anlamaq olar ki, niyə vilayət digər bütün prinsiplərdən (elementlərdən) vacibdir. Ona görə ki – İmam Əlinin (ə) təbiri ilə desək – vilayət, İslamın digər əsas keyfiyyətlərinin icrasına zamindir. İslam höküməti təşkil olunmadığı təqdirdə namazın, xüms, zəkat, oruc və həcin geniş müstəvidə bərpası və fəlsəfəsinin gerçəkləşməsi mümkün olmayacaq. Deməli, vilayət yalnız eşq, əlaqə, məhəbbət və təvəssüldən deyil, məsum imamlar (ə) və ya ilahi peyğəmbərlər tərəfindən İslam hökumətinin proqramlarını qəbul etmək mənasındadır. Bu üzdən tarix boyu qüdrət əldə edən peyğəmbərlər hökumət təşkil etdilər, o cümlədən həzrət Davud, Süleyman, Musa (ə) və Rəsulullah (s) belə simalardandırlar.
Əgər həzrət İbrahim (ə) və həzrət İsa (ə) kimi peyğəmbərlər böyük işlərə əl atmayıblarsa, bu, fürsətin və ya ixtiyarlarındakı imkanların yetərli olmamasından irəli gəlir. (12)
Vilayətin icrada həyata keçirilməsi xalqın tərəfdaşlığından asılıdır.
Bəzi məlumatsız insanlar yazıblar: “Bu konkret həqiqəti hamı dərk edir ki, xalqın əksəriyyəti kimi liderliyə seçsə və ona dəstək olsa, hakim də o olacaq, çünki cəmiyyətin əsas gücü xalqdır. Xalqdır ki, vilayəti kiməsə verir, onun hakimiyyətini reallaşdırır”. Halbuki bu görüş, tövhid düşüncəsi ilə uyğun gəlmir. (13) Biz deyirik, tövhid düşüncəsi bunun əksini ortaya qoyur və deyir: Vilayəti kiməsə verən, onun hakimiyyətinə həqiqət donu geyindirən məhz Allahdır. Əgər bu zəmində xalqın hər hansı haqqı varsa, o da Allahın izni ilədir. (14) Digər tərəfdən, hökumət işində xalqın dəstəyinin hakimlərə güc və qüvvət bağışlaması, onların iştirakı olmadan heç bir işin mümkünsüzlüyü həqiqətini də danmaq olmaz. Necə ki, Əmirəl-möminin Əli (ə) “Şiqşiqiyyə” xütbəsində buyurur:
“اما وَالَّذى فَلَقَ الْحَبَّةَ وَ بَرَءَ النَّسَمَةَ لَوْلا حُضُورُ الْحاضِرِ وَ قيامُ الحُجَّةِ بِوُجُودِ النّاصِرِ وَ ما اخَذَ اللَّهُ عَلَى الْعُلماءِ الّا يُقارُّوا عَلى كِظَّةِ ظالِمٍ وَ لا سَغَبَ مَظْلُومٍ لَالْقَيْتُ حَبْلَها عَلى غارِبِها”
“Bilin! Dənəni yaran, sonra insanı yaradan Allaha and olsun ki, əgər insan izdihamı ətrafımı tutmasaydı və mənə dəstək üçün qiyam etməsəydi, bununla da mənə ilahi dəlil tamamlanmasaydı; əgər Allahın elm adamlarından və alimlərdən əhd almasaydı ki, zalımların qarınqululuğu, məzlumların aclığı qarşısında susmasınlar, mən xilafət dəvəsinin cilovunu buraxar, ondan keçərdim”.(15)
Bu ifadə xalqın himayəsinin, hətta Allah tərəfindən təyin olunan valiyə ilahi dəlili tamamlamaya bilməsini gözəl şəkildə çatdırır. (16)
Şübhəsiz, o həzrətin (ə) vilayəti Allah tərəfindən və Peyğəmbər (s) yolu ilə olması isbatını tapmış və aktuallaşmışdı. Bəzi məlumatsız insanların dediklərinin tam əksinə olaraq, “şəni” və potensial aspektləri yoxdu.
Ancaq icra və praktiki baxımdan xalqın dəstəyinə ehtiyac duyurdu; onsuz həqiqətə qovuşmayacaqdı. (17)
Qədir-Xumdakı vilayətin strateji prinsipinin həyata keçməsi
Qeyd edilməlidir ki, bütün kitablarda gələn mütəvatir (ardıcıl nəql edilən) Qədir hədisi və Peyğəmbərin (s) məşhur “مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ” (Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır) – cümləsi, həzrət Əlinin (ə) vilayətini tanımaq xüsusunda bir çox həqiqətləri aydınlaşdırır. (18) Hərçənd, bir çox əhli-sünnə yazarları burada “mövla” sözünü “dost, yar və yavər” mənasına yozmaqda israrlıdırlar, çünki “mövla” sözünün məşhur mənalarından biri elə budur, biz də qəbul edirik ki, “mövla” sözünün mənalarından biri “dost və yavər”dir, amma mövzu ilə bağlı bir sıra göstərici şahidlər Qədir hədisində “mövla” sözünün məhz “vali, başçı, rəhbər” mənasında olduğunu göstərir. Həmin göstərici şahidlər konkret olaraq aşağıdakılardan ibarətdir: (19)
1. İmam Əlinin (ə) bütün möminlərlə dostluq mövzusu gizli və dolaşıq məsələ deyildi ki, bütün bu təkid və bəyanlara ehtiyac duyulsun, o böyük karvanı quru və yandırıcı səhranın ortasında saxlamaqla, xütbə oxumaq və cəmiyyətdən ardıcıl etiraflar almaq gərəkli olsun. (20)
Quran açıq-aşkar buyurur: (21)“إِنَّمَا الْمُؤمِنُونَ اخْوَةٌ”, “Bütün möminlər bir-birinə qardaşdırlar”.
Digər yerdə isə buyurur: (22) “وَ الْمُؤمِنُونَ وَ الْمُؤْمِناتُ بَعْضُهُمْ اوْلِياءُ بَعْضٍ”, “kişi mömin kişi və qadınlar bir-birinin dostu və yavəridirlər”.(23)
Nəticə etibarı ilə, deyilməlidir: İslam qardaşlığı və müsəlmanların bir-birilə dostluğu İslamın ən aşkar mövzularındandır və İslamın əvvəllərindən mövcud olmuşdur: Peyğəmbər (s) dəfələrlə onu təbliğ edir və təkidlə vurğulayırdı. Bundan əlavə qardaşlıq mövzusu elə bir mövzu deyildi ki, ayədə belə tünd tonla bəyan edilsin və Peyğəmbər (s) onu ifşa məqamında təhlükə duysun. (24)
2. Qədir hədisinin bir çox mətnlərində gələn “أَ لَسْتُ اوْلى بِكُمْ مِنْ أَنْفُسِكُمْ”, “ Mən sizə, sizdən daha layiqli və üstün deyiləmmi” cümləsi ilə, sadə bir dostluğun bəyanı heç vəchlə mütənasib deyil, əksinə “Mənim sizə qarşı həmin üstünlük və ixtiyarım, sizin öndər və himayəçiniz olmağım, Əli (ə) üçün də sabitdir” demək istəyir. Qeyd edilən istisna olmaqla, bu cümləyə hər hansı bir təfsir vermək insafdan və realist baxışdan uzaqdır, xüsusilə “بِكُمْ مِنْ انْفُسِكُمْ”, “Sizə sizdən daha layiqəm” (25) ifadəsini nəzərə aldıqda.
3. Bu tarixi hadisədə camaatın həzrət Əliyə (ə) dediyi təbriklər, xüsusilə də Ömər və Əbu Bəkrin ona dedikləri alqışlar məsələnin xilafət seçimindən başqa bir şey olmadığını göstərir. Yoxsa, dostluq elanı, bütün müsəlmanlar üçün ümumi olaraq sabitdir və təbrik gərəktirmir. (26)
Əhli-sünnə mənbələrində Qədir-Xum hadisəsindəki Əlinin (ə) vilayətinə etiraf
İmam Əhmədin “Müsnəd”ində gəlmişdir: Ömər Peyğəmbərin (s) çıxışından sonra Əliyə müraciətlə dedi:
“هَنيئاً يَا بْنَ أَبي طالِبٍ أَصْبَحْتَ وَ أَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةٍ”
“Mübarək olsun, ey Əbutalibin oğlu! Səhərə çıxdın, axşam etdin, bir halda ki, hər mömin kişi və qadının mövlası oldun! (27)
Həmçinin, Fəxri Razi “يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ” (Ey Rəsul! Rəbbin tərəfindən sənə nazil olanı çatdır) ayəsi ilə bağlı qeyd etdiyi cümlədə oxuyuruq:
“هَنيئاً لَكَ أَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنِ وَ مُؤمِنَةٍ”.
Bu minvalla, Ömər onu özünün və bütün möminlərin mövlası bilib. (28)
Bağdadın tarixində yuxarıdakı rəvayət bu formada gəlmişdir:
“بَخّ بَخّ لَكَ يا بْنَ أَبي طالِبٍ! أَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُسْلِمٍ”, (29)
“Afərin, afərin sənə ey Əbutalibin oğlu! Mənim və hər müsəlmanın mövlası olduğun halda səhərə çıxdın”. (30)
“Feyzul-Qədir” və “əs-Səvaiq” kitablarında gəlmişdir ki, bu təbriki Ömərlə Əbu Bəkr birgə Əliyə (ə) dedilər: “أَمْسَيْتَ يَا بْنَ أَبي طالِبٍ مَوْلا كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةٍ” (31, 32) və ….
Bütün möminlər arasında olan sadə dostluğun belə bir rəsmiyyətinin olmadığı deməmiş də məlumdur. Bu, yalnız vilayətin xilafət mənası ilə uyğundur. (33)
Qədir-Xum hadisəsindəki həzrət Əlinin (ə) vilayəti barədə Quransayağı təfəkkür
Qeyd etmək lazımdır ki, “Maidə” surəsi vilayət ayələrinin mühüm bir hissəsini özündə ehtiva edir; bu surə Peyğəmbərin (s) ömrünün sonlarında nazil olmuşdur. Digər tərəfdən vilayət və canişinlik məsələsi təbii olaraq, ömrün sonlarında ortaya atılır. Bu cəhətdən sözü gedən surə vilayətə dair bir çox ayələrə şamil olur. (34)
Bu tərtiblə “Maidə” surəsinin 55-ci ayəsi; “إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَ يُؤْتُونَ الزَّكاةَ وَ هُمْ راكِعُونَ” (Sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir, hansılar ki namaz qılır və rüku halında zəkat verirlər) Əmirəl-möminin Əlinin (ə) vilayətinə birbaşa dəlalət edən ayələrdəndir. (35)
Şübhəsiz və Quranda başdan-başa “vəli” kəlməsinin ən çox keçən mənasının əksinə olaraq insaf tələb edir ki, “Maidə” surəsinin 55-ci ayəsində “vəli” dost, yavər mənasında deyil, rəhbər və ixtiyar sahibi mənasında olsun (36), çünki:
1. Ayənin əvvəlində gələnə “innəma” həsrə dəlalət edir; yalnız bu üç dəstə möminlərin vəlisidir. Bir halda ki, əgər “vəli” dost mənasında olsa, həsrin mənası itər. Aydındır ki, bu üç dəstədən başqaları da möminlərə dost və yavərdirlər. Bundan əlavə, “vəli” dost və yavər mənasında olduğu təqdirdə, “الَّذِينَ آمَنُوا”, (iman gətirənlər) üçün “namaz halında zəkat verənlər” kimi qeydlər lüzum yox idi: bütün möminlər , hətta namaz halından ayrı vaxtlarda, hətta namazsız möminlər müsəlman qardaşının dostu və yavəri ola bilər. Deməli, həsrə dəlalət edən “innəma” kəlməsi, “الَّذِينَ آمَنُوا” (iman gətirənlər) üçün gələn bir neçə qeyddən, ayədəki “vəli”inin dost və kömək mənasını vermədiyi istifadə olunur, əksinə rəhbər və ixtiyar sahibi mənasını daşıyır. Allah, Peyğəmbər (s) və (ayədəki şəraitlə) möminlər sizin vəliniz, rəhbəriniz və ixtiyar sahibinizdir. (37)
2. Müzakirə edilən ayədən sonra gələn “Maidə” surəsinin 56-cı ayəsi müddəamıza ən gözəl şahid və dəlildir. Allah-taala həmin ayədə buyurur:
“وَ مَنْ يَتَوَلَّ اللَّهَ وَ رَسُولَهُ وَ الَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغالِبُونَ”, (Və Allahın, Onun Peyğəmbərinin və imanlı şəsxlərin vilayətini qəbul edənlər (qalibdirlər, çünki) Allahın dəstəsi və cəmiyyəti qalibdir). (38)
Dəstə, mütəşəkkil cəmiyyət mənasındadır. Bir dəstənin zəfəri dedikdə, onların bir ictimai hərəktdakı qələbəsi nəzərdə tutulur. Beləliklə, öncəki, yəni müzakirə mövzusu olan ayə ilə əlaqəli və zahirən onunla eyni vaxtda nazil olan bu ayədən istifadə olunur ki, 55-ci ayədə qeyd edilən vilayət, siyasi və hökümətə dair vilayətdir. (39)
Deməli, belə bir məna yaranır: “Hər kim Allahın, Peyğəmbərin və iman gətirənlərin…. hökumətini qəbul etsə, belə bir dəstə və cəmiyyət qalibdir”.
Nəticə etibarı ilə, vilayət ayəsində kəlmə-kəlmə, cümlə-cümlə düşünmək və dərinə varmaq, eləcə də bu ayənin təfsirində gələn çoxlu hədisləri nəzərə almaqla, ayədəki “vəli”inin imam, öndər və rəhbər mənasında olduğu məlum olur. Hər kəs Allahın, Onun Peyğəmbərinin (s) və ayədə qeyd edilən şərtlərlə birgə “iman gətirənlərin” hakimiyyətini qəbul etsə, zəfər çalmışdır. (40)
Bundan əlavə, “الَّذِينَ آمَنُوا ... راكِعُونَ” (41), ayəsinin nümunənin tanıtımına gəlincə, hədisçilər, təfsirçilər, elm adamları, əhli-sünnə və şiə alimləri arasında həzrət Əlidən (ə) başqa nümunə qeyd edilməmişdir. Deməli, bütün İslam alimlərin birgə və yekdil rəyi budur ki, Əlidən (ə) başqa heç kim ayənin nümunəsi deyildir.
Digər tərəfdən, “وَ الَّذِينَ آمَنُوا ...” cümləsinin ən azından bir nümunəsi vardır. Sözsüz ki, o nümunə Əli ibn Əbutalibdən (ə) başqası deyildi. (42)
Deməli, məlum olduğu kimi, Əmirəl-möminin Əli (ə) camaatın beyətindən öncə Allahın vəlisi idi: vilayət ayəsinin “انَّما وَليُّكُمْ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذينَ آمَنُوا الَّذينَ يُقيمونَ الصَّلوةَ وَ يُؤْتونَ الزَّكاة وَ هُمْ راكِعُونَ” (43) açıqlamasına görə Əliyə (ə) vilayəti Allah vermişdir, mütəvatir Qədir hədisinə və “مَنْ كُنْتُ مَوْلاهُ فَهذا عَلِىُّ مَوْلاهُ” cümləsinə uyğun olaraq İslam Peyğəmbəri (s) Qədir-Xumda Allah tərəfindən rəsmi surətdə onu bu məqama təyin etdi. (44)
Qədir-Xum hadisəsində açıqlanan Əlinin (ə) vilayəti sayəsində dinin kamilləşməsi
Qədir-Xum hadisəsi və Əmirəl-möminin Əlinin (ə) vilayət və canişinlik məsələsi
” الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلا تَخْشَوْهُمْ وَ اخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَ رَضِيتُ لَكُمُ الْإِسْلامَ دِيناً...” (45) ayəsinin ən yaxşı təfsiri, bəlkə də yeganə düzgün təfsiridir; bu hadisə münafiqləri məyus qoydu, ümidlərini puça çıxardı. (46)
Həmçinin, yuxarıda qeyd edilən ayənin Qədir-Xumda nazil olmasını bəyan edən belə bir xəbər İslamın məşhur mənbələrində nəql olunmuş, əhli-sünnə və şiənin məşhur yolları ilə nəql olunan bir çox hədislərdə bu həqiqət birbaşa qeyd edilmişdir: sözü gedən ayə Qədir-Xum günündə, həzrət Əlinin (ə) vilayətinin çatdırılmasından sonra nazil olmuşdur (47), o cümlədən:
1. Tanınmış sünni alimi Məhəmməd ibn Cərir Təbəri “Vilayət” kitabında məşhur səhabə Zeyd ibn Ərqəmdən nəql edir ki, “ikmal” ayəsi Qədir-Xumda Əli (ə) barəsində nazil olmuşdur. (48)
2. Hafiz Əbu Nəim İsfahani “Ma nəzələ minəl-Quran fi Əliyyin” kitabında Əbu Səid Xidridən (tanınmış səhabə) nəql edir ki, Peyğəmbər (s) Qədir-Xumda Əlini (ə) vilayət ünvanında insanlara tanıtdı. İnsanlar hələ dağılmamışdı ki, “Bu gün dininizi kamilləşdirdim…” ayəsi nazil oldu. Həmin dəqiqələrdə Peyğəmbər (s) buyurdu:
“اللَّه اكبر على اكمال الدين و اتمام النعمة و رضى الرب برسالتى و بالولاية لعلى ع من بعدى، ثم قال من كنت مولاه فعلى مولاه اللهم وال من والاه و عاد من عاداه و انصر من نصره و اخذل من خذله”
“Dinin kamilləşdiyinə, nemətlərin tamamlandığına və Allahın mənim risalətimdən, Əlinin (ə) məndən sonrakı vilayətinə razılığına görə Allahu böyükdür!”, sonra buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sən də sev, onu düşmən tutanı sən də düşmən bil! Ona kömək edənə yardımçı ol, ondan köməyini əsirgəyəni sən də boşla!”. (49)
3. Mərhum Əllamə Seyid Şərəfuddin “əl-Müraciət” kitabında belə deyir: ““Maidə” surəsinin 3-cü ayəsinin Qədir günündə nazil olması, imam Baqir və imam Sadiqdən (ə) nəql olunan hədislərdə qeyd edilmişdir, əhli-sünnə də müxtəlif istinadlarla bu zəmində Peyğəmbərdən (s) altı hədis nəql edib ki, ayənin Qədir-Xum hadisəsində nazil olmasının şəffaflığını ortaya qoyur” (50, 51) və …
Vilayətin həyata keçməsində “ikmal” ayəsindəki “əl-yovm”un mahiyyəti
1- Kafirlərin məyusluğuna səbəb olan gündür.
2- Dinin kamilləşməsinə bais olan gündür.
3- Allahın bəndələrinə nemətlərini tamamladığı gündür.
4- İslam dininin, bəşərin daimi dini olmasına Allahın razılıq verdiyi gündür. (52)
İndi, şiənin ən güclü təfsirçilərindən biri mərhum Təbərsinin sözləri əsasında bu məsələyə etibar etmək olar ki, kafirlərin ümidsizliyinə, Allahın razılığının cəlbinə, Pərvərdigarın din və nemətinin təkmilləşməsinə səbəb olan əzəmətli gündən məqsəd, hicrətin 10-cu ili, zilhiccə ayının 18-i mübarək Qədir-Xum bayramı günüdür: Peyğəmbərin (s) Pərvərdigarın fərmanının icrası xüsusunda, Əli ibn Əbutalibi (ə) vilayətə təyin etdiyi, o həzrətin xəlifəliyini bütün müsəlmanlara bildirdiyi gün. (53)
Nəticə etibarı ilə, qeyd edilən, eləcə də ixtisara riayət olunsun deyə, qeyd edilməyən bir çox hədislərdən aydın formada istifadə edilir ki, “dinin kamalı” ayəsinin Qədir-Xum barəsində nazil olmuşdur və Əmirəl-mömininin (ə) imamət, xilafət və vilayətinə aşkar şahiddir. (54)
Həmçinin qeyd edilməlidir ki, mühüm təbliğ:
– (55)“يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لا يَهْدِي الْقَوْمَ الْكافِرِينَ”
(Ey Peyğəmbər! Pərvərdigarın tərəfindən sənə nazil ediləni tam surətdə (camaata) çatdır və əgər (bu işi) görməsən, Onun risalətini yerinə yetirməmisən. Allah səni camaatdan (gözlənilən təhlükəsindən) qoruyar və Allah (inadkar) kafir cəmiyyəti hidayət etməz) – ayəsi Əmirəl-mömininin (ə) canişinlik və vilayətinə aşkar surətdə uyğundur, eləcə də digər geniş əhatəli Quran və hədis mənbələrinə istinadla, Əmirəl-möminin həzrət Əlinin (ə) vilayətinə işarə etmək gərəkir ki, bütün bu qaynaqlar, fundamental numunələr bu yazıya sığımır, geniş izahı başqa bir macal tələb edir.
Son söz
Bu təfsirlərlərdən ilham alaraq, qəti demək olar ki, “vilayət” dostluq deyil, imam və rəhbər mənasındadır. Bu səbəbdən İmam Əlinin (ə) vilayəti bütün dünya müsəlmanlarını birləşdirən mehvər olacağına, o həzrətin vilayəti sayəsində İslam düşmənlərilə mübarizə apara biləcəyimizə və onların şərini İslam torpaqlarından kənarlaşdıracağımıza ümid bəsləyirik. (56)
Həmçinin, xatırladılmalıdır ki, Qədir-Xum bayramı – hansı ki, vilayət bayramı, Əmirəl-mömininin (ə) Peyğəmbərin (s) xəlifəsi və canişini vəzifəsinə təyin edildiyi gündür – “عيداللَّه الاكبر” (Ən böyük bayram) adlandırılmışdır. (57) Buna görə də ümmət bu bayrama çox əhəmiyyət verməlidir: çoxlu bərəkəti, müsbət təsirləri və görünməmiş faydaları vardır. Buna əsasən, Qədir bayramına bacardıqca, önəm verməliyik, şübhəsiz Allah tərəfindən bizə çox bərəkəti olacaqdır. (58)
Beləliklə, Qədir-Xum mərasimi keçmişdəki kimi əzəmətli, möhtəşəm keçirilməlidir, lakin mərasimin savabını dünyasını dəyişənlərin, xüsusilə çox təəssüfləndirici Mina hadisəsinin qurbanlarının əziz ruhuna hədiyyə etsinlər. Bu, həm də dünyasını dəyişənlərin xatirəsini əziz tutmaqla, Qədir-Xumu bayram etmək arasında bağ yaratmaqdır. Deməli, Qədir-Xum mərasiminə biganə qalınmamalıdır, çünki bu düşmənin arzusudur. (59)
Ümidvaram, Qədir-Xumun və Qədir sahibinin bərəkətinə Allah-taala pislərin şərini bütün İslam ölkələrindən kəssin. (60)
Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
Əlaqədar şəkillləri görmək üçün bura basın.
1- “Nümunə təfsirindən seçmələr”, c. 1, səh. 536
2- Yenə orada
3- Yenə orada
4- Yenə orada
5- “Nümunə təfsirindən seçmələr”, c. 1, səh. 537
6- “Nümunə təfsirindən seçmələr”, c. 1, səh. 539
7- “Quranda vilayət ayələri”, səh. 30
8- “Quranda vilayət ayələri”, səh. 30
9- “Quranda vilayət ayələri”, səh. 30
10- “Quranda vilayət ayələri”, səh. 71
11- “Quranda vilayət ayələri”, səh. 71
12- “İmam Hüseyn (ə) qiyamının hədəfləri” səh. 87
13- “Quranın mesajı”, c. 10, səh. 36
14- “Quranın mesajı”, c. 10, səh. 36
15- “Nəhcül-bəlağə”, xütbə 3.
16- “Quranın mesajı”, c. 10, səh. 39
17- “Quranın mesajı”, c. 10, səh. 39
18- “Quranda vilayət ayələri”, səh. 42
19- “Quranda vilayət ayələri”, səh. 42
20- “Quranda vilayət ayələri”, səh. 43
21- “Hücurat”, surəsi, 10-cu ayə.
22- “Tövbə” surəsi, 71-ci ayə.
23- “Quranda vilayət ayələri”, səh. 43
24- Yenə orada
25- “Quranda vilayət ayələri”, səh. 43
26- “Quranın mesajı”, c. 9, səh. 185
27- “Müsnədi-Əhməd”, c. 4, səh. 281 (“Fəzailul-Xəmsə” kitabının nəqlinə uyğun olaraq, c. 1, səh. 432
28- “Quranda vilayət ayələri”, səh. 44
29- “Bağdad tarixi”, c. 7, səh. 290
30- Yenə orada
31- “Feyzul-Qədir”, c. 6, səh. 217; “əs-Səvaiq”, səh. 107
32- “Quranda vilayət ayələri”, səh. 44
33- “Quranda vilayət ayələri”, səh. 44
34- “Quranda vilayət ayələri”, səh. 80
35- Yenə orada
36- Yenə orada
37- “Quranda vilayət ayələri”, səh. 80
38- “Quranda vilayət ayələri”, səh. 81
39- Yenə orada
40- “Quranda vilayət ayələri”, səh. 81
41- “Maidə” surəsi 55-ci ayə.
42- “Quranda vilayət ayələri”, səh. 82
43- “Maidə” surəsi, 55-ci ayə.
44- “Quranın mesajı”, c. 10, səh. 40
45- “Maidə” surəsi, 3-cü ayə.
46- “Quranda vilayət ayələri”, səh. 58
47- “Nümunə təfsiri”, c. 4, səh. 266
48- Yenə orada
49- “Nümunə” təfsiri, c. 4, səh. 266
50- “əl-Müraciət”, dördüncü çap, səh. 38
51- “Nümunə” təfsiri, c. 4, səh. 267
52- “Quranda vilayət ayələri”, səh. 54
53- “Quranda vilayət ayələri”, səh. 56
54- “Quranda vilayət ayələri”, səh. 67
55- “Maidə” surəsi, 67-ci ayə.
56- Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin çıxışı, Qədir-Xum bayramı, fiqhin ali mühazirələri, “Məscid əl-Əzəm”, Qum, 12/10/2014
57- “İmam Əmirəl-mömininin (ə) mesajı”, c.15, səh. 433
58- Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin çıxışı, Qədir-Xum bayramı, fiqhin ali mühazirələri, “Məscid əl-Əzəm”, Qum, 12/10/2015
59- Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin çıxışı, Qədir-Xum bayramı, fiqhin ali mühazirələri, “Məscid əl-Əzəm”, Qum, 12/10/2014
60- Yenə orada