Qurban kəsmənin ən böyük əlamətlərindən biri, ildən-ilə keçdikcə onun geniş vüsət almasıdır. İndi, hər il bu böyük qurban anılaraq milyondan çox qurban kəsilir və xatirəsi yaşadılır.
Qurban bayramı mühüm bir fürsət, Allaha yaxınlaşmaqda həlledici imtiyaz kimi dəyərləndirilir. Hansı ki, bu gün insanlar bəndəlikləri sayəsində Allahın fərmanına, itaət nəğməsinə baş qoyurlar. Ona görə də Allah-taalanın Qurban bayramında, Mina torpağında “baş kəsmək və qurban etmək”lə bağlı fərmanı öz növbəsində nəfsin başını kəsmək və təqvaya yönəlməklə sıx bağlıdır.
Aydındır ki, İslam təlimlərində Qurban bayramının parametr və prizmalarını bilmək inkaredilməz vaciblərdəndir. Müsəlmanların bu xeyir və bərəkət dolu gündən faydalanması xüsusunda, ən mühüm nümunə kimi tanıtdırılmalıdır.
İndi, belə bir məsələni araşdırmaqdan ötrü yaxşı olar ki, Ayətullah əl-üzma Məkarim Şirazinin mənəviyyat və düşüncələrindən istifadə edərək, Qurban bayramının qabarıqlıqlarını ontoloji prizmadan analiz edək, insanın nəfslə mübarizəsi və “böyük cihad”ın (1) gerçəkləşməsində “əsas və önəmli addım” başlığı altında nəzərdən keçirək.
Bir çox təfsirçilər, həcc mövsümünün ən əhəmiyyətli gününün, “Yovmu həccil-əkbər”in (böyük həc gününün) Qurban bayramı gününə təsadüf etdiyini iddia ediblər. Əhli-beytdən (ə), eləcə də əhli-sünnədən nəql edilən hədislər də bu mənaya təkid edir. (2) Bu səbəbdən təfsirlərlə yanaşı yaxşı olar ki, Qurban bayramının ən önəmli ontoloji komponentləri Ayətullah əl-üzma Məkarim Şirazinin dərin və müdrik görüşü işığında əziz izləyicilərə təqdim olunsun. Həmin komponentlər aşağıdakılardan ibarətdir:
Qurban bayramı – həcc qurultayında İslam ehtiramının şəffaflığı
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi Qurban bayramının əhəmiyyətini, xüsusən böyük həcc qurultayında açıqlayarkən buyurdu: Qurban bayramının özünəməxsus cəhətləri olması, bu gün önəmli ilahi ibadətlərdən sayılmasına səbəb olmuşdur. (3)
O, Qurban bayramının həlledici rolunu İslam əzəmətinin, həmçinin böyük həcc qurultayının simvolu kimi göstərərək buyurdu:
Biz müsəlmanlar mübarək ramazan ayında oruc tuturuq, günahlardan tövbə edir, ayın sonunda isə qazandığımız iftixarlı nailiyyət münasibətilə bayram keçiririk. Allah evinin zəvvarları da həcc ibadətlərini yerinə yetirir və mərasim bitdikdən sonra bayram edirlər. Əlbət ki, onların proqramları yalnız özlərində xülasələşmir, əksinə İslam üçün əzəmət yaradırlar. Həcc qurultayı İslam dünyasının əzəmətinə səbəb olur. (4)
Şiə dünyasının ali məqamlı mərcəyi-təqlidi Qurban bayramını vəhy torpağının hacıları üçün ilahi qonaqlıq və ziyafət kimi dəyərləndirərək buyurdu: Qurban bayramı Allahın qonaqlığı və ziyafəti olaraq seçilmişdir. Odur ki, Allah evinin ziyarəti mərasimində bütün zəvvarlar ilahi ziyafətin qonaqlarıdırlar və ilahi qonaqlıqdan sonra bunu xüsusi qeyd etməlidirlər. (5)
Ona görə ki, Ayətullah Məkarim Şirazinin düşüncələrində dünya müsəlmanları Məkkədə, həcc ziyarətində olmasalar belə, Qurban bayramından yararlanacaq, bugünün sevinc və şadlığını qeyd edəcəklər. (6) Bu məsələ, Allah-taalanın vəhy torpaqlarındakı ziyafətinin misilsiz təsirlərlərinin bütün müsəlmanlara yayılmasından xəbər verir.
Qurban bayramı – dahi Allah adamı və tövhid qəhrəmanının fədakarlıq simvolu
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi qurban kəsmə əməlinin Minada keçirilməsinin fəlsəfəsini bəyan edərkən buyurdu: Zilhiccə ayının onunda, “Həccətul-Həram”da yerinə yetirilən əməllərdən biri, bir heyvanın Minada qurban kəsilməsidir. Bu, aşkar bir vacib və İslamın birbaşa hökmüdür. Onun sirlərindən biri dahi Allah adamı və tövhid qəhrəmanı həzrət İbrahim Xəlilin (ə) fədakarlıq yaddaşını diriltməkdir. (7)
Həzrət Ayətullah bu fədakarlığı şərh edərkən buyurdu: İbrahim Xəlilin (ə) fədakarlıq macərası budur ki, Allah onun ruhunun təkmilləşməsi, fədakarlığa ləyaqət və bağlılığını isbat etməsi üçün ona candan əziz övladını Allah yolunda, Minada qurban etməsini əmr etmişdi, əlbəttə bu fərman imtahan xarakterli idi və o ilahi şəxsiyyətin ləyaqətini isbat etmək məqsədi daşıyırdı. O, itaətə hazır olduğu zaman, Allah tərəfindən əmr gəlir ki, oğlunun yerinə bir qoyun qurban kəssin. (8)
Odur ki, Allah evinin zəvvarları Minada bir qoyun qurban kəsməklə, o həzrətin iman gücünü, xalisliyini və rəşadət xatirəsini qəblərdə dirildirlər. Bu minvalla, bir-birilərinə fədakarlıq və canfəşanlıq dərsi öyrədirlər. Guya, praktiki olaraq Allah adamının, Onun yolunda hər şeydən keçən şəxs olduğunu deyirlər. Necə ki, o dahi şəxs hər şeyindən keçdi. Bu Mina torpaqlarındakı qurbanlıq sirlərinin bir güşəsidir. (9)
Qurban bayramı – itaət bayramı
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin görüş və düşüncələrində Qurban bayramı Allah-taalaya itaətkarlıq və sadiqliyin bariz rəmzidir. Həzrət Ayətullah bir ifadəsində belə buyurdu: İslamın ikinci bayramı olan Qurban bayramında, Allah evinin zəvvarları vacib həcc əməlini, bu vacibin ən ümdə hissəsini sona çatdırdıqdan sonra Minada toplanan hacılar bayram keçirirlər. Digər müsəlmanlar da onların səsinə səs verir və o günü bayram qeyd edirlər ki, bu da öz növbəsində itaət bayramıdır. (10)
Qurban bayramının təfsiri köklərinə bir baxış
Qurban bayramı gününün səhərinə, dan yerinin söküldüyü vaxta and içmək
Qurani-kərimin böyük təfsirçisi Qurban bayramı gününə dair Quran yönlü yanaşmalarını bəyan edərkən “وَالْفَجْر” (11) (and olsun səhərin dan yeri sökülən vaxta) “fəcr” kəlməsi və onun Qurban bayramının gününün fəcri ilə dərin bağlılığını şərh edərək buyurdu: Dan yerinin sökülən vaxtı dedikdə, məqsəd Qurban bayramı gününün fəcridir, çünki o vaxt həcc mərasimində qəribə canlanma müşahidə olunur. “Məş`ərul-haram”da dan yerinin sökülməsini gözləyən və hər biri öz Allahı ilə münacat halında olan mövcud cəmiyyət dan yeri söküldükdən, orada bir az gözlədikdən sonra axar sel və coşğun bulaq kimi dəstə-dəstə Minaya doğru yollanırlar. Gedirlər ki, Minada şeytanı daşlayıb, sonra qurban kəsib, sonda da “təqsir” (saç kəsdirmək) etsinlər.
Bəli! And olsun Qurban bayramı gününündə fəcrin doğuşuna ki, o vaxt əzəmətli və unudulmaz səhnələr vücuda gəlir. (12)
Qurban bayramı – İlahi göstərişlərə təslimçilik və razılıq
Qeyd etmək lazımdır ki, Qurban bayramının ontoloji fəlsəfəsi barədə düşünmək və dərinə varmaq üçün Qurani-kərimə, hədislərə, mərcəyi-təqlid müctəhidlərin və İslam alimlərinin nəzərlərinə müraciət etmək, bununla həzrət İbrahimin (ə) həzrət İsmayılı (ə) qurban etməsi əhvalatının dərin çalarlarına yiyələnmək lazımdır.
Dəyərli “Nümunə” təfsiri kitabının müəllifi önəmli və həlledici mövzunun izahında belə buyurdu: Dəfələrlə ilahi imtahanın “qaynar kürə”sindən başıuca çıxan İbrahim bu səfər də ilahi fərmana boyun qoymalı, bir ömür intizarında olduğu və hazırda yetkinlik yaşına çatan oğlunun başını öz əli ilə kəsməli idi...! (13)
Ancaq o həzrət 13 yaşlı övladına müstəqil insan kimi baxırdı, ona görə də atası kimi övladının bu böyük döyüşdə könüllü iştirakını, təslimçilik və razılıq ləzzətini özü şəxsən dadmasını istəyirdi! (14)
Digər tərəfdən övlad da atasının qərarında sabit olmasını istəyir; demir ki “məni qurban kəsmə”, əksinə “vəzifən nədirsə, onu yerinə yetir, mən Onun əmrinə tabeyəm”, deyir. Xüsusən atasını “يا ابت” (Ey ata!) deyə, müraciət edir. (15) Bununla da, bu işin ata-övlad münasibətlərindəki şəfqəti iynə ucu qədər azaltmadığını və ilahi fərmanın hər şeyə hakim olduğunu göstərir. (16)
Ali həzrət sözünün davamında həzrət İbrahim və İsmayılın (ə) zəfər çalmasının xüsusiyyətlərini təfsir edərkən buyurdu: Fərqli bir cəhətdən həzrət İbrahim (ə) Allah dərgahında ədəb dərəcələrini ən ideal şəkildə qoruyub saxlayır. İman gücünə və öz iradəsinə əsla güvənmir, əksinə Allahın iradəsinə söykənir və bu ifadə ilə dözüm və istiqamətdə Ondan nailiyyət tələb edir.
Bu minvalla, həm ata, həm də oğul böyük imtahanın ilk mərhələsini uğurla keçirlər. (17)
Qurban bayramı – nəfsi aslılıqlardan qurtuluş
Ayətullah Məkarim Şirazi, həzrət İbrahimin (ə) sevimli oğlunu necə qurban etməsini təsvir edərkən bunları dilə gətirdi: Həssas anlar yetişdi. İlahi fərman icra olunmalıydı. Oğlunun təslimçilik ruhunu görən İbrahim (ə) onu qucaqladı və yanaqlarından öpdü. Bu an hər ikisi ağlamağa başladı. Bu göz yaşları şəfqətin və Allaha yaxınlaşmaq şövqünün ilkin göstəriciləri idi. (18)
Qurani-kərim qısa və məna dolu ifadələrlə bu miqdarda bəyan edir: “Hər ikisi təslim və hazır olduqları zaman İbrahim (ə) övladının alnını torpağa qoydu...” (فَلَمَّا أَسْلَما وَ تَلَّهُ لِلْجَبِينِ). (19, 20)
Şiə aləminin ali məqamlı mərcəyi-təqlidi yuxarıdakı Quran ayəsini təfsir edərkən buyurdu: Bəziləri deyirlər: “تَلَّهُ لِلْجَبِينِ” (21) cümləsində məqsəd budur ki, oğlunun alını öz təklifi ilə torpağa qoydu. Olmaya gözləri övladının gözlərinə toxuna, atalıq hissi oyana və ilahi fərmanın icrasına mane ola! Hər halda İbrahim (ə) oğlunun üzünü torpağa qoydu və bıçağı işə saldı... lakin kəsici bıçaq övladının incə boğazında ən kiçik izi belə qoymadı...! (22)
İbrahim heyrətə gəldi və növbəti dəfə bıçağı işə saldı, amma yenə bıçaq kəsmədi. Bəli, İbrahim Xəlil (ə) “Kəs!” deyir. Xəlilin Allahı isə “Kəsmə!” deyir. Bıçaq isə yalnız Allahın fərmanına tabedir. (23)
Bu yerdə, Quran qısa və məna dolu cümlə ilə bütün intizarları sonlandırır və deyir: “Bu zaman ona səsləndik ki, ey İbrahim!” (وَ نادَيْناهُ أَنْ يا إِبْراهِيمُ)... (24) “Yuxuda vəzifələndiyinin öhdəsindən gəldin” (قَدْ صَدَّقْتَ الرُّؤْيا). (25)
Həm onlara imtahanda zəfər nailiyyəti verdik, həm də sevimli övladını itirməsinə imkan vermədik. Bəli, başdan-ayağa bizim fərmanımız tabe olan və yaxşılığı ali həddə çatdıran hər kəsin bundan başqa mükafatı olmayacaq. Sonra əlavə edir: “Bu, həqiqətən də mühüm və aşkar imtahandır” (إِنَّ هذا لَهُوَ الْبَلاءُ الْمُبِينُ)... (26)
Qurban bayramı – xalis və imanlı bəndələrə mükafat ortamı
Ayətullah Məkarim Şirazi, Qurban bayramının ontoloji fəlsəfəsinin keyfiyyəti xüsusunda, gündəlik artan biliklə əlaqədar önəmli və qabarıq məqamların bəyanında, bəzi hədislərə istinadən buyurdu: Bəzi hədislərdə qeyd edilir ki, bu iş (övladın qurban kəsilməsi), həzrət İbrahim tərəfindən həyata keçirilən zaman Cəbrayıl (təəccüblə) səsləndi: “Allahu Əkbər”, “Allahu Əkbər”!... və İbrahimin övladı səsləndi: “La ilahə illəllah vəllahu əkbər!...” və qəhrəman, fədakar ata isə dedi: “Allahu Əkbər və lillahil-həmd”. (27) Bu, bizim Qurban bayramı dediyimizi təkbirin bənzəridir. (28)
Əzəmətli qurban – həzrət İbrahimin (ə) ilahi imtahanda zəfər mükafatı
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi Qurban bayramının formalaşmasını, eləcə də İbrahimin bu böyük sünnəsinin inkişaf tempini açıqlayarkən buyurdu: İbrahimin (ə) layihəsi yarımçıq qalmasın, Allah müqabilində qurban etsin və arzusu gerçəkləşsin deyə, Allah-taala iri bir qoç göndərdi ki, övladının yerinə onu qurban kəssin; gələcəkdəkilər üçün həcc mərasimində, Mina torpağında özündən sonra bir sünnə qoysun. Belə ki, Quran buyurur: “Biz böyük qurbanı ona fəda etdik” (وَ فَدَيْناهُ بِذِبْحٍ عَظِيمٍ)... (29)
Beləliklə, İbrahimin (ə) o gün, bu böyük imtahandakı zəfərini Allah alqışlamaqla yanaşı, həm də xatirəsini əbədiləşdirdi. Belə ki, növbəti ayədə deyir: “Biz, İbrahimin yaxşı adını sonrakı ümmətlərdə qaldırdıq” (وَ تَرَكْنا عَلَيْهِ فِي الْآخِرِينَ). (30)
Ayətullah Məkarim Şirazi ardınca buyurdu: İlk mərhələdə Allah İbrahimin imtahan zəfərini təsdiq edir və qəbul kağızını imzalayır. (31) Bu özü böyük bir mükafatdır, Allahın İbrahimə əta etdiyi ən önəmli müjdədir. Sonra üç böyük hədiyyəni, “böyük qurbanı fəda etmək” və “ad və sünnəsinin əbədi qalması” və “Allahın ona salam göndərməsi” məsələsini qeyd edir və onu yaxşıların mükafatı kimi tanıtdırır. (32)
Qurban bayramı – yoxsul və möhtaclara dəstək günü
Ayətullah əl-üzma Məkarim Şirazi Qurban bayramına dair vacib əhəmiyyətli xüsusiyyətlərdən birinə işarə etməklə, qurban ətlərinin cəmiyyətin yoxsul və möhtac təbəqəsinə paylanılması və istifadəsinə verilməsinin vacibliyinə təkid edərək buyurdu: İndi, baxmalıyıq ki, qurban ətləri barəsində İslamın nəzəri nədir? Müsəlmanların bu xüsusda bir vəzifəsi varmı?
Suala cavab tapmaq üçün öz səmavi kitabımıza, Qurani-məcidə müraciət edir və görürük ki, “Həcc” surəsi Qurban bayramı günü, Minada heyvan qurban edən kəslənlərin hamısına belə bir göstəriş verir: “وَاَطْعِمُوا الْبائِسِ الفَقیر”; Yoxsul zavallıları da yedizdirin!”. (33) Yenə də buyurur: “فَکُلُوا مِنْها وَ اطْعِمُوا الْقانِعَ وَ الْمُعْتَرّ”; Ondan (öz qurbanınızın ətindən) yeyin və gözütox möhtaclara və yoxsullara da ondan yedizdirin!”. (34, 35)
Düzgün istifadə – Qurban bayramının mənəvi faydalarını təkmilləşdirməsi
Şiə aləminin ali məqamlı mərcə-təqlidi qurban ətlərinin düzgün istifadəsinin şəraitini və onun Qurban bayramında, müsəlmanların mənəvi faydalarının təkmilləşməsində rolunu bəyan edərkən buyurdu: Əməli risalələrdə göstəriş verilir ki, Allah evinin zəvvarları qurbanı üç qismə ayırsınlar: bir qismini özlərinə götürsünlər, digər qismini möminlərə, son qismini də möhtaclara versinlər. Bu düzgün göstərişlər ondan xəbər verir ki, qurbanlıq heyvanları kəsməkdən məqsəd, bir sıra mənəvi faydalardan əlavə, bu qurbanların düzgün istifadə edilməsi və israfçılığa yol verilməməsidir. (36)
Qurban bayramı və İslam dövlətlərinin vəzifəsi
Məkarim Şirazi həzrətləri İslam dünyasında Qurban bayramı günü qurbanların düzgün idarəçiliyinə təkidlə buyurdu: İndi, bu ətlərdən düzgün tərzdə istifadə edilməsi üçün tərtibat aparılması müsəlman hacıların və İslam dövlətlərinin vəzifəsidir və bu İslami vəzifə onun digər hədəflərinə uyğun olmalıdır. Bugün iri soyuducular inşa etməklə, ətlərin torpağa basdırılmasının qarşısı alınmalıdır ki, tədriclə Qurani-kərimin qeyd etdiyi yerlərə sərf edilsin. (37)
Hərçənd ki, keçmiş zamanlarda, hacıların bu qədər çox olmadığı dönəmlərdə, qurban ətlərinin düzgün tərzdə istifadə edilirdi, amma bugün nəqliyyat vasitələrinin rahat xidmətləri sayəsində zəvvarların sayı artmışdır. Müasir vasitələrlə ətlərin tələf olmasının qarşısı alınmalı, zəvvarların rifahı və İslamın hədəfləri nəzərdə tutulmalıdır. İctimaiyyətin islamyönlü məqsədlərini həyata keçirmək və hər növ israfın qarşısını almaq, İslam dövlətlərinin və agah müsəlman xalqlarının vəzifəsidir. (38)
Son söz
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi sonda Qurban bayramının ən mühüm dinamik xarakterini sevimli övladını qurban kəsməkdə ilahi fərmanın icrası xüsusunda, Allahın əmrini kamil icra etməkdə həzrət İbrahimin ali bilik təlimlərinə diqqət çəkərək buyurdu: Bu qurbanlığın ən böyük əlamətlərindən biri, ildən-ilə zaman keçdikcə, onun daha geniş vüsət almasıdır. İndi, hər il o böyük qurban anılaraq milyondan çox qurban kəsilir və xatirəsi diri tutulur... (39)
Bu səbəbdən Allah-taala Qurani-kərimdə buyurur: “سَلامٌ عَلى إِبْراهِيمَ”, “Salam olsun İbrahimə (o xalis və pak bəndəyə)…(40) Bəli, “biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (كَذلِكَ نَجْزِي الْمُحْسِنِينَ). (41, 42)
Beləliklə, qeyd etmək lazımdır ki, Qurban bayramı, həzrət İbrahimin (ə) gələcəkdəki hər kəsə “örnək” və dosta aşiqlərə “nümunə” (43) olduğu bu həlledici imtiyazın bir nişanəsidir və onun layihəsi həcc sünnəsi kimi dünya durduqca, gələcək əsrlər üçün əbədiləşdi. O, böyük peyğəmbərlərin atası, o, İslam ümməti və İslam peyğəmbərinin (s) atası idi. (44)
Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1- “Peyami-Quran”, c. 3, səh. 170
2- “Peyami-Quran”, c. 3, səh. 170
3- Həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin çıxışları; müqəddəs Qurban bayramı, imam Xomeyni (r.ə) şəbistanı, həzrət Məsumənin (s) pak hərəmi, 17/11/2010
4- Yenə orada
5- Yenə orada
6- Yenə orada
7- Dini suallara cavab, səh. 334
8- Yenə orada
9- Dini suallara cavab, səh. 335
10- İmam Əmirəl-mömininin (ə) mesajı, c. 15, səh. 433
11- “Fəcr” surəsi, ayə 1.
12- Quranın böyük andları, səh. 158
13- “Nümunə” təfsiri, c. 19, səh. 112
14- Yenə orada
15- “Nümunə” təfsiri, c. 19, səh. 112
16- “Nümunə” təfsiri, c. 19, səh. 113
17- “Nümunə” təfsiri, c. 19, səh. 113
18- “Nümunə” təfsiri, c. 19, səh. 114
19- “Tələh” “təl” kökündən olub, əsil mənası hündür yer deməkdir. “Tələhu lil-cəbin”in anlamı budur ki, onu bir üzünün hündür yeri üstə yerə yıxdı. “Cəbin” üzün tərəfi mənasındadır. Üzün hər iki tərəfinə “cəbinan” deyilir.
20- Yenə orada
21- “Saffat” surəsi, ayə 103.
22- “Nümunə” təfsiri, c. 19, səh. 114
23- “Nümunə” təfsiri, c. 19, səh. 114
24- “Saffat” surəsi, ayə 107.
25- “Saffat” surəsi, ayə 105.
26- “Nümunə” təfsiri, c. 19, səh. 115
27- “Qurtəbi təfsiri” və “Ruhul-bəyan təfsiri”
28- “Nümunə” təfsiri, c. 19, səh. 116
29- “Nümunə” təfsiri, c. 19, səh. 116
30- “Saffat” surəsi, ayə 78.
31- “Nümunə” təfsiri, c. 19, səh. 117
32- “Nümunə” təfsiri, c. 19, səh. 118
33- “Həcc” surəsi, ayə 28.
34- “Həcc” surəsi, ayə 36.
35- “Dini suallara cavab”, səh. 335
36- “Dini suallara cavab”, səh. 336
37- Yenə orada
38- Yenə orada
39- “Nümunə” təfsiri, c. 19, səh. 116
40- “Saffat” surəsi, 109-cu ayə
41- “Saffat” surəsi, ayə 80.
42- “Nümunə” təfsiri, c. 19, səh. 117
43- Öndər, rəhbər
44- “Nümunə” təfsiri, c. 19, səh. 117