Bismillahir-Rəhmanir-Rəhim
1433-cü ilin Aşurası böyük əzəmət və təntənə ilə yetişməkdədir. Kərbəla şəhidlərinin pak qanları yenidən qaynayır və Hüseyn məktəbinin aşiqləri bu əzəmətli tarixi mərasimləri keçirmək üçün lazımi hazırlıqları görürlər.
Xüsusilə də inanclı və saf ürəkli, pak cavanlar bu mərasimin ön xəttində yer alır, Kərbəla şəhidlərinin ağasının tarixi "Heyhat minnəz-zilləh" şüarına vəfadarlıqlarını bütün vücudları ilə elan edirlər.
Burada möhtərəm xətiblərin, əziz məddahların və bütün dini heyətlərin diqqətinə bir neçə məsələni tövsiyə etməyi lazım bilirəm. Ümid edirəm ki, inşallah, bu sözlər Allahın, İmam Hüseynin (əleyhis-salam) razılığına və İmam Zamanın (ərvahuna fidah) sevincinə səbəb olacaqdır.
1. Mərasimləri elə keçirsinlər ki, iştirakçılar matəm saxlamaqla eyni zamanda şəhidlər ağasının yüksək hədəfləri və onun məktəbinin mənəviyyatla dolu mesajları ilə tanış olsunlar.
2. Bu mənəvi məclislərə musiqi alətləri və günah sayılan hər bir şeyi gətirməkdən ciddi şəkildə çəkinsinlər. (Söz yox ki, əzadarlıq dəstələrinin tənzimi üçün təbil və sinclərdən istifadə etməyin eybi yoxdur.)
3. Möhtərəm məddahlar xoşagəlməz üslublardan və qərb üslubunu təqlid etməkdən çəkinsinlər, ənənəvi üslubları canlandırmaqla debəllərin, komeytlərin, möhtəşəmlərin getdikləri yolu davam etdirmək iftixarına nail olsunlar. Çünki belə üslubların cəmiyyətə nüfuzu şəhidlər ağasının məktəbinin ali-mənəvi dəyərlərini və əsilliyini ləkələyir, Kərbəla şəhidlərinin əzadarlıq və matəm mərasimlərinin mənəvi simasını korlamaq üçün şərait yaradır, bu da böyük təhlükədir.
4. Dini heyətlər və bu mərasimləri idarə edənlər əzadar sıralarının vəhdətinə xidmət etməli, bədxahların onların arasına nifaq toxumu səpməsinə imkan verməməlidirlər. Bu gün vəhdəti qorumaq ən vacib əməllərdəndir.
5. Seçkilərin yaxınlaşdığına görə fürsətçi şəxslər, sövdəgərlər bu pak və mənəvi mərasimlərdən öz siyasi hədəfləri üçün bəhrələnmək məqsədi güdə bilərlər. Ayıq-sayıq olmaq və belə mənfur hərəkətlərin qarşısını almaq lazımdır. İmam Hüseyn (əleyhis-salam) hamıya aiddir və daha doğru desək, dünyanın bütün azadlıqsevərləri ona aiddir, onun məktəbindən ilham alır və o həzrət hər hansı bir cinaha aid deyil.
6. Möhtərəm xətiblər və əziz məddahlar məzhəbin geridə qalmış, süst qələmə verilməsinə bais olan zəif və şübhəli tarixi hadisələri və rövzələri oxumaqdan çəkinsinlər və bu şanlı şəhidlərin fədakarlıqları, rəşadətləri, şücaətlərinə aid incəliklərə nəzm və nəsr formasında geniş yer versinlər.
7. Bədənə xəsarət vuran işlərdən, xüsusilə də şiə dünyası üçün ağır fəsadlar və xoşagəlməz nəticələri olan baş yarmaqdan çəkinsinlər. Əgər keçmiş böyük alimlər bu gün olsaydılar hamılıqla bu işin haram olmasına rəy verərdilər.
8. Düşmənlər bilirlər ki, Hüseyn Aşurası hər il Hüseyn aşiqlərinin damarlarında təzə qan cərəyana salır və o həzrətin məktəbindən ilham almaqla onları düşmən qarşısında mərdanəliklə dayanıb şücaətlə müqavimət göstərməyə sövq edir. Ona görə də çalışırlar ki, Aşura zehinlərdən silinsin və ya xurafata qarışsın. Hüseynə matəm saxlayanlar düşməni hər iki istiqamətdə zərərsizləşdirməlidirlər.
Bütün əzizlərin itaət və matəmlərinin qəbul olunmasını Ulu Tanrıdan diləyirəm.
Həzrət ustadın Kərbəla şəhidlərinin ağası İmam Hüseynin (əleyhis-salam) əzadarlarına tövsiyələri
1433-cü ilin Aşurası böyük əzəmət və təntənə ilə yetişməkdədir. Kərbəla şəhidlərinin pak qanları yenidən qaynayır və Hüseyn məktəbinin aşiqləri bu əzəmətli tarixi mərasimləri keçirmək üçün lazımi hazırlıqları görürlər.