Cənab Qərzavi yersiz təəssübkeşliyi kənara qoysun və həqiqətlərə diqqət yetirsin!

Cənab Qərzavi yersiz təəssübkeşliyi kənara qoysun və həqiqətlərə diqqət yetirsin!


Cənab Qərzavi Misirdə qiyama dəstək verir, Liviyada müharibə tərəfdarıdır. Amma növbə Bəhreynə çatanda diktatorluğu himayə edir! Belə ikili standartlar dini bir alim üçün düzdürmü?!‌



Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Qum şəhərinin “Əzəm” məscidində fiqhin xaric dərsinin başlanğıcında davranış qaydalarına dair əxlaqi bir hədisə işarə edərək müxaliflərlə davranış qaydalarından ətraflı söz açaraq dedi: Biz bu kimi hallarda pak imamların (əleyhimus-salam) həyat tərzinə və davranışına diqqət yetirməli və onların əməl etdikləri formada əməl etməliyik.
O, müxaliflərimizin üç qisim olduğuna işarə edərək belə açıqladı: Birinci qrup imamların düşməni olan nasibilərdir və onlar bizə yaddır. Söz yox ki, onların sayı çox azdır. İkinci qrup şiələrin müxalifləridir. Vəhhabilərdən bir dəstəsi bu qrupa daxildir və şiənin əleyhinədir. Üçüncü qrup da şiə olmasalar da, Əhli-beytə (əleyhimus-salam) və şiələrə sevgiləri var. Nəzərə almaq lazımdır ki, bizim bu üç qrupla rəftar və davranışımız eyni səviyyədə deyildir.
Ustad əlavə edərək dedi: Bizim üçüncü qrupla münasibətlərimiz dostluq əsasındadır. Belə davranış tərzi bəzən onların haqqa doğru cəlb olunmasına da səbəb olur. Biz bu məsələni inqilab günlərində Məhabad şəhərində sürgündə olarkən təcrübə etmişik.
Ali məqamlı ustad qeyd etdi: İkinci qrupla münasibətlərdə hazırkı şəraitdə mülayim rəftar edirik. Hətta Məkkəyə getdiyimiz zaman onlarla birlikdə namaz qılırıq. Həzrət İmam Xomeyni də (r.ə) bu məsələyə xüsusi təkid edirdi.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi sözlərinin davamında dedi: Dövrümüzün şəraiti elədir ki, əgər İslam ümməti arasında münaqişə yaranarsa və çarpışma baş verərsə, bəhrəsini düşmənlər götürəcəklər. Biz hazırkı şəraitdə bu mühüm məsələyə diqqət yetirməliyik ki, heç kəsin əlinə bəhanə verməyək.
Bu məsələ məzhəbimizin əsas prinsiplərindən əl çəkmək mənasına deyildir. Biz məzhəbimizin əsas prinsiplərinə tam ciddi iltizamlıyıq və qətiyyətlə ona söykənmişik.
Ali məqamlı mərcəyi-təqlid sözlərinin davamında Bəhreyn xalqının zülm əleyhinə başlanan qiyamına işarə etməklə cənab Qərzavinin bu qiyam haqqındakı sözlərini tənqid edərək dedi: Bu şəxsin Bəhreyn şiələri və bu ölkə xalqının qiyamı barəsində son zamanlar qeyd etdiyi sözlər dini alimə yaraşmır. O demişdir ki, onların hərəkatı bizim üçün maraqlı deyil, qiyamları boğulsun!
Ziyalı bir din alimi belə söz danışa bilərmi?! Bu sözlərin mənası budur ki, biz müsəlmanlar arasında ayrı-seçkilik salırıq. Qərzavi Misirdə qiyama, Liviyada müharibəyə dəstək verir. Amma növbə Bəhreynə çatanda diktatorluğu himayə edir! Bu ikili standartlar bir dini alimə yaraşarmı?! Bir yerdə xalq qiyamlarına dəstək, digər yerdə diktatorluğu himayə...
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Bəhreyn xalqının qiyamını şiələrə məxsus saymadı və “onların hamısı qiyam etmişlər” deməklə belə açıqladı: Hətta əhli-sünnət alimləri də Bəhreyndəki qiyamla əlaqədar bəyanat yaymışlar. Görəsən, rəvadırmı ki, bir kəs belə sözlər danışsın?!
Din alimi olmağın ilk şərti yersiz təəssübkeşliyi kənara qoymaqdır. Təriqət yönlü təəssübkeşlikdən irəli gələn ikili standartlar düz iş deyil və onun bəhrəsini sionist rejim və İslam düşmənləri götürəcəklər.
Livan kimi bir çox islam ölkələrində şiə, sünni və məsihi – hamılıqla əl-ələ verib ölkəni idarə edirlər. Misirdə də elədir. Onlar yalnız İrandan qorxurlar.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi İran İslam Respublikasının Yaxın Şərqdə baş verən hadisələrdəki önəmli rolundan söz açaraq dedi: Mən istərdim ki, biz dörd nəfər: cənab Qərzavi, “Əl-əzhər”in Şeyxi, Səudiyyə Ərəbistanının baş müftisi və mən oturub hesablayaq və görək ki, İranda İslam İnqilabı olmasaydı və Amerika bu ölkədən qovulmasaydı, regionun indiki vəziyyəti necə olardı?! Misir belə ola bilərdimi? Livan və Orta Asiya belə olardımı?!
Əgər İranda və Livanda şiələr İsrailə öldürücü zərbələr vurmasaydılar, İran olmasaydı regionun vəziyyəti tamamilə başqa şəkildə olardı, Amerika və dünya imperializmi öz mənfur məqsədlərini icra edərdilər.
Həzrət ustad regionda baş verən inqilabların əsl hədəfinin, müqəddəs məram və məqsədlərinin başqa səmtə istiqamətləndirilməsini dünya imperializminin hiylələrindən biri sayaraq qeyd etdi: Bu inqilablar baş verəndən sonra ehtiyatlı olmaq lazımdır ki, xaricilər və yadellilər onun müqəddəs məram və məqsədlərini başqa səmtə yönəltməsinlər. Müsəlmanlar arasında ixtilaf və fikir ayrılığı olsa, onlar (yadellilər) öz mənfur məqsədlərinə nail olacaqlar.
İran İslam Respublikası öz növbəsində regionda baş verən inqilabların öz müqəddəs hədəflərindən yayındırılmasının qarşısını ala bilən böyük qüvvədir. Hazırkı şəraitdə güclü və qüdrətli İrana ehtiyac var.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi təkid etdi: Yenə də təkid edirəm ki, şiə və sünnidən söz getmir; söz İslamdan gedir.
O, sözlərinin sonunda dedi: Ümid edirik ki, Allah-tala bizim hamımıza nikbinlik, düzgün ayırd etmə qüvvəsi  və təəssübkeşlikdən uzaq dərk mərhəmət etsin!

captcha